O 15 Sentyabr olmasaydı, bu 15 Sentyabrı müstəqil(!) Quzey Azərbaycan Respublikasında Bilik Günü kimi qeyd edə bilərdikmi?..
 




-3 CÜMLƏ İLƏ BİR TƏKLİF...-
 
15 sentyabr tarixi Azərbaycanda cəmi 24 il əvvəldən Bilik günü kimi qeyd olunsa da, ondan 106 il  öncə baş vermiş bir olayın Vətənimiz, müstəqil(!) dövlətçiliyimiz üçün daha önəmli olduğunu anlamaq daha vacib bir bilik(!)dir...
 
Söhbət 15 sentyabr 1918-ci ildə qardaş Osmanlı Türkiyəsinin böyük dəstəyi ilə Qafqaz İslam ordusunun Bakını, əslində bütövlükdə Azərbaycanı xarici və daxili işğalçılardan XİLAS etməsi günündən gedir...
 
Həmin müqəddəs Qələbə yalnız türk xalqlarının, azərtürklərin,  deyil, digər müsəlman xalqlarının; ləzgilərin, çeçenlərin, avarların, tatların, talışların, , kürdlərin, və s. nümayəndələrinin də birləşdiyi bir ordunun qəhrəmanlığı nəticəsində əldə edildiyi üçün 15 Sentyabr tarixinin Azərbaycanda Ümummilli Xilas və Türk-Müsəlman Birlik Günü  kimi qeyd olunmasını da təklif edərdim. 
 
P.S. 15 Sentyabrın bütövlükdə Quzey Azərbaycan üçün Ümummilli Xilas günü olmasına şübhə ilə yanaşanlara bir sual üzərində düşünməyi təklif edərdim:
 
Osmanlı Türkiyəsinin təşəbbüsü və dəstəyi ilə sonradan Azərbaycanın yenicə təşkil edilmiş hərbi birləşmələri də tərkibinə daxil edilmiş Qafqaz İslam Ordusu yaradılmasaydı  və həmin ordu bundan öncə Güney Azərbaycandan- Təbrizdən, Xoydan, Urmiyadan, sonra Naxçıvandan, Zəngəzurdan, Qarabağdan da keçib, sonda isə Gəncə →Göyçay → Qaraməryəm → Ağsu → Şamaxı → Mərəzə → Bakıətrafı məntəqələr (Qobu, Xırdalan, Səngəçal, Ələt, Binəqədi, Biləcəri, Badamdar, Bibiheybət, Qurd qapısı),  Gəncə → Ucar → Müsüslü → Kürdəmir → Karrar → Hacıqabul → Ələt → Bakı istiqamətləri üzrə nəinki rus bolşevik-erməni-daşnak birləşmələrinə, həmçinin Böyük Britaniya hərbi birləşmələrinə qarşı döyüşməsəydi, həlledici hücumlara keçərək Bakını daxili və xarici işğalçılardan azad etməsəydi, ondan sonra Azərbaycan adlı bir hökumət, bir dövlət, bir ölkə qalıb bu günədək gəlib çıxar və bu gün müstəqil(?) Quzey Azərbaycan Respublikasının məktəblərində Bilik Gününü qeyd edə bilərdıkmı?...
 
Sultan Laçın