Böyük sərvət qazandıqdan sonra həyatını tamamilə dəyişmək əvəzinə, milyonlarla pulu ehtiyacı olan insanlara xərcləmək çox az insanın seçəcəyi yoldur. Britaniyalı Frances Connolly isə lotereyada qazandığı nəhəng məbləğin böyük hissəsini xeyriyyə işlərinə yönəldərək sərvətə fərqli münasibətin mümkün olduğunu göstərib.


Moderator.az “Mirror” nəşrinə istinadla xəbər verir ki, 2019-cu ildə Frances Connolly və həyat yoldaşı Paddy EuroMillions lotereyasında 115 milyon funt sterlinq qazanıblar. Keçmiş sosial işçi və müəllim olan Frances böyük sərvətə sahib olduqdan sonra həyat tərzini tamamilə dəyişməyib.






Milyonları niyə bağışladı?


Cütlük indiyədək uduşlarının təxminən yarısını müxtəlif xeyriyyə təşəbbüslərinə sərf etdiyini açıqlayıb. Frances hesab edir ki, insanın “kifayət qədər pulu” olduqdan sonra daha çox sərvət toplamağın xüsusi mənası yoxdur.


Onun fikrincə, övladlarına rahat həyat üçün lazım olan imkanları yaratmaq kifayətdir. Qalan pulları isə lüks əşyalara xərcləməkdənsə, yardıma ehtiyacı olan insanlara dəstək olmaq daha dəyərlidir.


Francesin xeyriyyəçilik sevgisi isə lotereya qələbəsindən sonra yaranmayıb. O, uşaqlıqdan könüllülük fəaliyyətinə maraq göstərib. Bu istiqamətdə ona məşhur müğənni Dolly Partonun xeyriyyə fəaliyyəti də ilham verib.


Öz xeyriyyə fondlarını yaratdılar


Cütlük böyük uduşdan sonra PFC Trust adlı xeyriyyə fondu yaradıb. Fond İngiltərənin şimal-şərqində müxtəlif sosial layihələrə dəstək verir.


Təşkilat yaşlı insanların tənhalığı ilə mübarizə aparan layihələri maliyyələşdirir, çətin vəziyyətdə olan insanlara ərzaq yardımı göstərir, xüsusi ehtiyacı olan şəxslərə avadanlıq təmin edir. Yerli idman klublarına həyati əhəmiyyət daşıyan defibrillyatorların alınmasına da dəstək göstərilib.


Milyonçu olsalar da, həyatlarını dəyişmədilər


Frances və Paddy bütün pullarını lüks həyat tərzinə xərcləməyiblər. Paddy plastik biznesində fəaliyyətini davam etdirir. Cütlük Tissayd bölgəsində rahat evdə yaşayır və imkanları çərçivəsində keyfiyyətli istirahət edir.


Onları tanıyan dostlarının sözlərinə görə, Frances böyük sərvət qazandıqdan sonra dəyişməyib. Əksinə, daha enerjili və həyatından məmnun görünməyə başlayıb.


60 yaşına ən fərqli hədiyyə


Francesin 60 illik yubileyi münasibətilə onun xeyriyyə fondunun dəstəklədiyi idmançılar xüsusi sürpriz hazırlayıblar.


Yeddi idmançı “60-a 60 Çağırış” adlı xeyriyyə kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ümumilikdə 60 mil məsafəni əhatə edən qaçış, üzgüçülük və velosiped yürüşləri keçirilib. Təşəbbüsün finalında komanda məşhur Great North Run yarımarafonunda iştirak edib.


Frances bu jesti indiyədək aldığı ən dəyərli hədiyyələrdən biri kimi qiymətləndirib.


Milyonçu olmasına baxmayaraq, o, sərvətin bütün problemləri həll etməyə kifayət etmədiyini də etiraf edib:


“Mən milyonçuyam, amma yoxsulluğu təkbaşına müalicə edə bilmərəm.”