İtaliya Senatı Baş nazir Corcia Meloninin hakim koalisiyası tərəfindən təklif edilən seçki qanunvericiliyi islahatını təsdiqləyib.


Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, müxalifət bu təşəbbüsü kəskin tənqid edib və onun gələn il Meloninin yenidən seçilmək şansını artıra biləcəyini bildirib.






İslahatın lehinə 113, əleyhinə isə 71 senator səs verib.


"İtaliya Qardaşları", "Liqa" və "İrəli, İtaliya" partiyalarının daxil olduğu hakim koalisiya tamamilə proporsional seçki sisteminə keçməyi təklif edir.


İslahata əsasən, səslərin 42 %-dən çoxunu toplayan istənilən siyasi alyans parlamentdə səs çoxluğu əldə edə biləcək.


Hazırda İtaliyada deputatların əksəriyyəti proporsional sistemlə, təxminən üçdə biri isə majoritar sistemlə seçilir. Yeni islahat sistemin majoritar hissəsinin ləğvini nəzərdə tutur.


Hakim koalisiya nümayəndələri hesab edirlər ki, dəyişikliklər hökumətlərin tez-tez dəyişdiyi İtaliyada siyasi sabitliyi təmin etməyə kömək edəcək.


İslahat hələ Deputatlar Palatasının təsdiqini almalıdır.