Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Yaxın Şərqdə cərəyan edən hərbi-siyasi böhran və regiondakı müharibə planları ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini çəkən kəskin bəyanatla çıxış edib.


Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, Pakistanın hərbi rəhbəri regionun qarşılaşdığı əsas təhlükə mənbəyinin İsrail olduğunu vurğulayaraq, Qərb dövlətlərinin və ABŞ-ın bu proseslərdəki rolunu pisləyib.






Hərbi nazir bölgədə genişmiqyaslı müharibə alovlandırmaq planlarının arxasında sionist lobbisinin dayandığını və Vaşinqtonun bu ssenarilərdə iştirak etdiyini qeyd edib. Lakin o, Təl-Əvivin hərbi planlarının iflasa uğradığını diqqətə çatdırıb:


"Region bu gün əsas təhlükə ilə məhz İsrail tərəfindən üzləşir. Lakin İran İslam Respublikası, Livan və Fələstinin cəsarətli döyüşü sionistləri bu müharibənin əsas məğlublarına çevirdi".


Dünya mediası Pakistanın sərt ritorikasını diqqətdə saxlayır...


Nazirin bu çıxışı və Pakistanın Yaxın Şərq siyasəti qlobal mətbuatda geniş müzakirə olunur. Regiondakı hadisələri yaxından izləyən Qətərin "Əl-Cəzirə"("Al Jazeera") telekanalının təhlilinə görə, Pakistanın bu bəyanatları İslam dünyasında yeni hərbi-siyasi balansın formalaşdığı dövrə təsadüf edir. Xüsusilə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış tarixi Məkkə Birgə Müdafiə Sazişi (Məkkə Müdafiə Alyansı) rəsmi İslamabadın regiondakı çəkisini və cəsarətini daha da artırıb...


Yaxın Şərq üzrə ixtisaslaşmış "The Media Line" (ABŞ) xəbər agentliyi isə vurğulayır ki, Pakistan bir tərəfdən ABŞ və İran arasında kövrək atəşkəs danışıqlarına ev sahibliyi edib vasitəçi rolunu oynamağa çalışır, digər tərəfdən isə hərbi rəhbərlik səviyyəsində anti-İsrail cəbhəsini açıq şəkildə dəstəkləyir...


İsrailin ən böyük media platformalarından olan "Ynetnews"  qəzeti Pakistan müdafiə nazirinin bəyanatlarına geniş yer ayıraraq, İsrail rəsmilərinin buna kəskin reaksiya verdiyini bildirib. İsrail Baş nazirinin ofisi və Xarici İşlər Nazirliyi Xavaca Asifin ittihamlarını "qəbuledilməz" adlandırıb və Pakistanın "neytral vasitəçi" statusuna kölgə saldığını iddia edib.


Pakistanın daxili siyasi xəttini və hərbi elitasının mövqeyini əks etdirən "Dawn" qəzeti isə yazır ki, rəsmi İslamabad Fələstin və Livan xalqının suveren hüquqlarını qorumağı özünün mənəvi və siyasi öhdəliyi hesab edir. Qəzet qeyd edir ki, hərbi rəhbərlik sionist rejiminin regionu idarə etmək iddialarının yerli müqavimət tərəfindən darmadağın edildiyinə tam əmindir.


Xatırladaq ki, Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsi olaraq İsrail dövlətini rəsmən tanımır və regionda fələstinlilərin müstəqillik mübarizəsinə ən böyük siyasi dəstək verən dövlətlərdən biridir...


S.Laçın