“Mənim yubileyimi qeyd etmədilər, Zeynəb Xanlarova gözümün qabağında tələbə olub, onun 90 yaşını qeyd edəcəklər” - FOTO+ÖZƏL
17 Sep 2026, 08:25 29 baxış 2 dəq oxuma
“Səhhətim heç yaxşı deyil. Ürəyim mənə əziyyət verir. Təzyiqimi yerindən oynadır. Sistem falan edirlər, amma yenə də xeyri yoxdur. Həkimlər də deyir ki, tək siz deyilsiz, hamı maqnitdən əziyyət çəkir. Həm də az yaşım yoxdur axı. 92 yaşın içindəyəm. Yəqin ki, o tərəfə hazırlaşıram”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ceyran Haşımova deyib.
O daha sonra əlavə edib:
“90 yaşım oldu, heç yubileyimi qeyd etmədilər. Qeyd etsələr də artıq gələ bilmərəm. Heç gəlmək də istəmirəm. Efirlərdən imtina etmişəm. Məktublar da yazdım, amma mənə “Şöhrət” ordeni verilmədi. Bunu Mədəniyyət Nazirliyi etməli idi”.
Sənətkar daha sonra Zeynəb Xanlarovanın dekabr ayında qeyd olunacaq yubileyindən danışıb:
“Mən Asəf Zeynallı adına musiqi məktəbində Xalq Çalğı alətləri şöbəsinin müdiri idim. Zeynəb Xanlarova mənim gözümün qabağında tələbə idi. Həyatın işi belədir də. . Zeynəb xanım gözəl sənətkardır, buna söz ola bilməz. Ayrı-seçkilik salırlar. Nazirin xəbəri yoxdur ki, Azərbaycanda yeganə Xalq artisti tarzən qadın var. Maraqlanmırlar. Çox böyük haqsızlıqlar var. Keçmişdə belə şeylər yox idi”.