Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi tarixi-mədəni irs nümunələrinin, o cümlədən dini memarlıq abidələrinin mühafizəsi və bərpasına şəhərsalma kontekstində yanaşılması, eləcə də bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
 




Moderator.az xəbər verir ki, bu çərçivədə Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 17-də "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir.
 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları, həmçinin din xadimləri və digər rəsmi şəxslər iştirak edirlər.
 
İki paneldən ibarət olan konfransda İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər çıxış edəcəklər.