Sentyabrın 9-dan 13-dək Türkiyənin İstanbul şəhərində Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi üzrə XXIII Ümumdünya Konqresi keçirilib.
Müasir otorinolarinqologiya, estetik və rekonstruktiv burun cərrahiyyəsinin aktual problemlərinə həsr olunan konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev iki beynəlxalq elmi sessiyada sədr, bir sessiyada moderator kimi iştirak edib.
Bununla yanaşı Azərbaycanlı alim konqresdə “Pediatrik pasiyentlərdə qoruyucu ekstrakorporal estetik septoplastika” və revizion rinoplastika və əyri burun deformasiyalarının cərrahi korreksiyasında tətbiq edilən innovativ yanaşmalar mövzularında təqdimatla çıxış edib.
Məruzədə uşaqlarda ağır septal deviasiyalar, uğursuz septoplastika əməliyyatlarından sonra yarana bilən fəsadlar və onların aradan qaldırılmasına yönəlmiş müasir cərrahi yanaşmalar, xüsusilə burun arakəsməsinin böyümə mərkəzlərinin qorunması, əməliyyatdan sonrakı burun deformasiyalarının, burun belinin çökməsinin və burun ucunun aşağı düşməsinin qarşısının alınması məsələləri diqqət mərkəzində olub. Təqdimatda 6-15 yaşlı 54 pediatrik xəstə üzərində aparılmış klinik müşahidələrin nəticələri, cərrahi metodikanın əsas mərhələləri və uzunmüddətli izləmə göstəriciləri konqres iştirakçılarının diqqətinə çatdırılıb.
Dosent Məzahir Quliyevin hər iki məruzəsi konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, təqdim olunan innovativ cərrahi yanaşmalar ətrafında fikir mübadiləsi və elmi müzakirələr aparılıb.
ADHTİ-nin əməkdaşının dünyanın ən böyük otorinolarinqoloji elmi platformalarından biri olan IFOS Ümumdünya Konqresində iki elmi məruzə ilə çıxış etməsi, iki sessiyaya sədrlik və bir sessiyaya moderatorluq etməsi institutun elmi potensialının, Azərbaycan otorinolarinqologiyasının və ölkəmizdə hazırlanmış innovativ cərrahi metodikaların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, Məzahir Quliyev Cəbrayıl rayonunda doğulub. 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2 saylı Bakı şəhər poliklinikasında, akademik M.Mirqasımov adına Respulika Klinik Xəstəxanasında və ölkəmizin bir sıra tibb müəssisələrində işləyib. Türkiyə, Hindistan, Gürcüstan, Özbəkistan, Qazaxstan və digər ölkələrdə keçirilən beynəlxalq və yerli elmi konfranslarda məruzə ilə çıxış edib. Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 30-dan artıq elmi məqalənin müəllifidir. Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədridir. Otolaringologiya sahəsində bir sıra təklif və yeniliklərin müəllifidir.