Azərbaycan və Ermənistan arasında sülh gündəliyində sənədin razılaşdırılmış mətninin taleyi və bundan sonrakı mərhələnin necə irəliləyəcəyi əsas məsələlərdən biri olaraq qalır.


Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişinin mətni üzrə qarşılıqlı dəyişikliklər prosesinin dayandırıldığını və artıq razılaşdırılmış variantın qəbul edildiyini açıqlaması isə danışıqların məhz bu mərhələsi ilə bağlı yeni müzakirələrə yol açıb. 






Maraqlıdır, Ermənistan tərəfinin razılaşdırılmış mətnlə bağlı bu mövqeyini Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı mərhələsi və bundan sonrakı mümkün inkişaf istiqamətlərini  necə dəyərləndirmək olar?


Mövzu ilə bağlı Moderator.az-a Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açıqlama verib. 


Deputat qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin razılaşdırılmış mətninin qəbul edildiyini və mətn üzərində qarşılıqlı dəyişikliklərin dayandırıldığını açıqlaması danışıqlar prosesində mühüm mərhələlərdən birinin başa çatdığını göstərir:


"Görünən odur ki, artıq müzakirələr sazişin mətninin necə olacağı ətrafında deyil, onun imzalanması və müddəalarının icrası istiqamətində aparılacaqdır.


2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış mətnin paraflanması tərəflərin sənədin məzmunu üzrə ortaq mövqeyə gəldiyini təsdiqləmişdi. Paşinyanın son açıqlaması isə mətnin yenidən müzakirəyə açılmayacağına dair əlavə siyasi təsdiq kimi qiymətləndirilə bilər.


Bu, sülh sazişinin imzalanması perspektivini yaxınlaşdıran müsbət siqnaldır. Lakin mətnin razılaşdırılması və paraflanması hələ prosesin başa çatması demək deyil. Sənəd imzalanmalı, ratifikasiya edilməli və tərəflərin üzərinə götürdüyü öhdəliklər praktikada yerinə yetirilməlidir.


Azərbaycanın mövqeyi aydın və ardıcıldır: gələcək sülh hüquqi baxımdan möhkəm, siyasi baxımdan geri dönməz olmalıdır. Ermənistanın hüquqi-siyasi sistemində Azərbaycana qarşı ərazi iddialarına əsas yarada biləcək müddəaların aradan qaldırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 


Sülh sazişi ilə Ermənistanın daxili hüquqi sənədləri arasında gələcək ziddiyyət ehtimalı qalmamalıdır.


Sülh sazişinin imzalanması yalnız uzunmüddətli münaqişənin hüquqi baxımdan bağlanması deyil, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanması demək olacaq. Bu, sərhədlərin və kommunikasiyaların açılmasına, ticarət və investisiyaların genişlənməsinə, regionun tranzit imkanlarının artmasına şərait yarada bilər.


Hazırkı mərhələdə əsas məsələ bəyanatlardan konkret addımlara keçməkdir. Mətn artıq razılaşdırılıb. İndi Ermənistan siyasi iradəsini hüquqi qərarlara və əməli fəaliyyətə çevirməlidir. Davamlı sülh yalnız sənədin imzalanması ilə deyil, onun ruhuna və müddəalarına ardıcıl əməl olunması ilə təmin edilə bilər".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor