Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısının keçirilməsi türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gündəmdəki əsas istiqamətlərindən birini nümayiş etdirir. 


Qlobal və regional təhlükəsizlik mühitində ənənəvi risklərlə yanaşı, kibertəhdidlər, transmilli cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi məsələlər dövlətlər qarşısında yeni çağırışlar yaradır. 






Bu baxımdan TDT məkanında təhlükəsizlik məsələləri üzrə koordinasiyanın gücləndirilməsi və ortaq yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.


Maraqlıdır, TDT məkanında təhlükəsizlik əməkdaşlığının yeni mərhələyə keçdiyini nəzərə alsaq, qarşıdakı dövrdə ortaq təhlükəsizlik gündəliyində hansı istiqamətlər prioritet təşkil etməlidir və bu əməkdaşlığın real nəticələr verməsi üçün hansı mexanizmlər daha da gücləndirilməlidir?


Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili Bəhruz Məhərrəmov açıqlama verib. 


Deputat qeyd edib, Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin növbəti toplantısının keçirilməsi Avrasiyanın geosiyasi arxitekturasında yeni bir mərhələnin başlanğıcından xəbər verir:


"Məlumdur ki, müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik çətirlərinin reallığa çevrildiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının təhlükəsizlik vektorunu gücləndirməsi mühüm geostrateji zərurətdir. Xüsusilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında artan qeyri-müəyyənliklər, eləcə də qlobal güclər arasında kəskinləşən rəqabət fonunda bu görüş tərəfdaş ölkələrin milli maraqlarının inteqrasiyasına xidmət edir. 


Siyasi-hüquqi baxımdan TDT-nin təhlükəsizlik mexanizmlərini təkmilləşdirməsi təşkilatın beynəlxalq hüququn subyekti kimi statusunu möhkəmləndirir və üzv dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün qorunmasına yönəlmiş kollektiv iradəni nümayiş etdirir. 


Aydındır ki, hazırkı regional proseslər kontekstində ortaq təhlükəsizlik gündəliyinin əsasını hibrid təhdidlərə, kiberhücumlara və dezinformasiya kampaniyalarına karşı birgə mübarizə təşkil edir. Müasir münaqişələrin xarakteri dəyişdiyindən, fiziki sərhədlərin qorunması ilə yanaşı, rəqəmsal suverenliyin təmin edilməsi və operativ kəşfiyyat məlumatlarının mübadiləsi zərurətə çevrilir.


 Bununla yanaşı, Orta Dəhliz kimi kritik logistik marşrutların və nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunması regional iqtisadi sabitliyin əsas zəmanətçisidir. Zəngəzur dəhlizinin açılması imkanları və Mərkəzi Asiyadan keçən ticarət yollarının mühafizəsi yalnız iqtisadi dividend gətirmir, həm də TDT-nin Avrasiya məkanında təhlükəsizlik zəmanətçisi kimi rolunu artırır. 


Əfqanıstanda mövcud olan qeyri-stabillik, narkotik alveri, qanunsuz miqrasiya və dini ekstremizm riskləri də Mərkəzi Asiya dövlətləri vasitəsilə bütün təşkilatın ümumi təhlükəsizlik konsepsiyasında mühüm yer tutur. Aparılan bu koordinasiyalı fəaliyyət gələcəkdə TDT çərçivəsində daha çevik və hüquqi baxımdan bağlayıcı olan təhlükəsizlik paktının və ya birgə böhran idarəetmə mexanizminin formalaşmasına zəmin yaradır.


Türkiyənin inkişaf etmiş müdafiə sənayesi potensialı, Azərbaycanın regional postmünaqişə təcrübəsi və Mərkəzi Asiya ölkələrinin geostrateji mövqeyi bir araya gəldikdə Türk dünyası xarici təzyiqlərə və regional təhdidlərə qarşı özünütəminat qabiliyyətini maksimuma çatdırır. Bu fonda əminliklə demək mümkündür ki, Bakı toplantısı deklarativ bəyanatlardan praktiki, hüquqi və hərbi-siyasi əməkdaşlığa keçidin bariz nümunəsidir və TDT-nin geostrateji qütb kimi formalaşmasını sürətləndirir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor