Ruhəngiz Allahverdiyeva onların bağışlanmağını istəyir: “Artıq cəzalarını çəkdilər” - Əməkdar artistdən ÇAĞIRIŞ+ÖZƏL
18 Sep 2026, 08:50 30 baxış 2 dəq oxuma
“Hər bir işdə ana-ata da övladı cəzalandırır. Həmçinin də hansısa bir işi düz görmürüksə bizə cəza kəsilir. Həmin cəzadan sonra yəqin ki, o səhvini başa düşür. Əgər bu insanlar səhvlərini düzəldiblərsə, artıq efirin mədəniyyətini qoruyub saxlaya biləcəklərsə, təbii ki, onları yenidən televiziya efirlərinə qaytarmaq olar. Mən belə düşünürəm”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
O daha sonra əlavə edib:
“Müğənnilərdən, verilişlərdən tam təcrid olmaq da düzgün deyil. Çünki incəsənət xalqa məxsusdur. Xalq da televiziyadan, sosial şəbəkədən öz sənətkarları ilə görüşür və zövq alıb qidalanır. İnsan musiqidən də qida alır. Mənim zənnimcə o müğənnilərin cəzaları müəyyən müddət oldu. Yenidən onları efirə buraxsalar pis olmaz. Qadağalar əvvəlcədən olmalıdır. Aparıcı özü deməlidir ki, filan şeylər olmaz, qadağadır. Sovet dövründə geyimimizə də, oxuduğumuz mahnının mətninə, musiqisinə, oturuşumuza, duruşumuza qadağa var idi. Ona görə də hər şey yolunda gedirdi. Müəyyən senzuralar olmaqla onları efirə dəvət etmək olar. Bu həm aparıcılara aiddir, həm də müğənnilərə. Onlar da bağışlandıqları təqdirdə hər şeyin yerini bilməlidirlər”.