Xalq artistlərinin müəllimi olan, böyük sənətkarların qiymətləndirdiyi DƏRDAYIL AYDƏMİROVU anırıq: “Onun gülər üzünü heç unutmuruq, ölümünü eşidəndə sarsıldıq” - FOTO+ÖZƏL
18 Sep 2026, 08:35 30 baxış 11 dəq oxuma
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərbaycanın mədəniyyəti qədər musiqiqisi də, xalq çalğı alətləri də qədimdir. Azərbaycan tar ifaçılıq məktəbinin layiqli və ən görkəmli nümayəndələrindən biri olan Dərdayıl Aydəmirovu da Milli Musiqi günündə xatırlamaq yerinə düşər. Dərdayıl Aydəmirov həm instrumental, həm də ifaçılıq sənətində özündən sonra silinməz iz buraxıb. 1936-cı ildə Maştağada dünyaya göz açan sənətkar ömrünün çox hissəsini musiqiyə həsr edib. O uşaq yaşlarında müxtəlif mədəniyyət evlərindəki ansambllarda işləmiş, Xan Şuşinski, Şövkət Ələkbərova kimi münsiflər heyətinin iştirakı olan konsertlərdə yüksək qiymətləndirilmişdir. Dərdayıl Aydəmirov Sabunçu və Bakıxanov qəsəbələrində yerləşən mədəniyyət evlərində “Atəş” və “Mahur” xalq çalğı alətləri ansambllarında rəhbər vəzifələrində çalışıb. Maştağadakı mədəniyyəv evində çalışıb. Dərdayıl Aydəmirov Xalq artistləri Vamiq Məmmədəliyev, Firuz Əliyev, Məmmədbağır Bağırzadə və s. musiqiçi və sənətkarların sənətə gəlməyində birbaşa əməyi var.
Moderator.az-a açıqlama verən Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyev ustadı Dərdayıl Aydəmirovla tanışlığını belə xatırlayır:
“Təxminən 1958-ci il idi. Hələ 12 yaşım təzə tamam olmuşdu. Uşaqlıqdan tar musiqi alətinə həvəs göstərirdim. Dedilər ki, kənddə dərnək açılıb və Dərdayıl Aydəmirov orada dərs deyir. Böyük həvəslə dərnəyə getdim. Onu da deyim ki, mən solaxay idim, Dərdayıl müəllim məni məcbur etdi ki, “sən tarı sağ əllə ifa etməlisən”. Əlbəttə ki, bu mənim üçün çox çətin idi. Çətinliklə də olsa mən tarı sağ əllə ifa etməyə başladım. Bu çətinlik mənim üçün sonradan böyük bir nailiyyətə çevrildi. Əlbəttə ki, Dərdayıl müəllimin vasitəsilə bu uğura çatdım. Mən ömrüm boyu bütün verilişlərdə onun adını çəkmişəm və hər zaman da deyəcəm ki, mənim ilk müəllimim Dərdayıl Aydəmirov olub. Daha sonra Dərdayıl müəllim qardaşım Vasim Məmmədəliyevə də dərs dedi. O da yaxşı tar ifa edirdi. Sonra bir neçə müəllimlərim oldu, amma mənim üçün bu yolu açan, çətin işlərimi asan edən Dərdayıl Aydəmirov oldu. Simasında bir nur var idi. Görməyəndə Dərdayıl müəllim üçün darıxırdım. Bundan da əlavə onda gözəl müəllimlik qabiliyyəti var idi. Adamın üstünə qışqırmazdı, kobud danışmazdı, sadəcə tələb edərdi. Vamiq Məmmədəliyev olmağımda Dərdayıl müəllimin böyük rolu var. Mən indi də oğlanları, həyat yoldaşı Nazilə xanımla əlaqə saxlayıram. Allah ona rəhmət etsin. Həqiqətən də musiqi sənətimiz üçün çox böyük işlər görüb”.
Xalq artisti, ustad tarzən Firuz Əliyev bildirib ki, Dərdayıl Aydəmirovun xüsusi repertuarı hər zaman seçilib:
“O vaxt tar müəllimləri az idi. Maştağa kəndi musiqiyə qiymət verən sənətkarlardan ibarət idi. Orada Novruz Aydəmirov da var idi. Mən ondan dərs alırdım. Amma Dərdayıl Aydəmirovdan da öyrəndiklərim az olmayıb. Hər zaman dərslərində iştirak edirdim, bilmədiklərimi öyrənirdim. Çox mehriban insan idi. Biz də yeniyetmə uşaqlar idik. Müəllimlərimiz ilk addımlarımıza bizə kömək edirdilər. Dərdayıl müəllimin yanına uşaqlar böyük həvəslə gəlirdilər. Sonra onun ansamblında da ifa etmək mənə qismət oldu. Dərdayıl Aydəmirovun repertuarı zəngin idi. Heç kimin repertuarına oxşamırdı, musiqi əsərlərini xüsusi seçirdi. Allah ona rəhmət etsin.. Yaxşı ki, musiqimizdən belə bir ad keçdi”.
Əməkdar artist, sevilən aktrisa Kübra Əliyeva Moderator.az-a açıqlamasında Dərdayıl Aydəmirovla tələbə yoldaşı olduğunu bildirib:
“Mən Mədəni Maarif Texnikomunun qiyabi şöbəsində oxuyurdum. Kursda 100 nəfər var idi. 25 nəfər olmaqla 4 qrupa ayrılmışdıq. Dərdayıl bizim qrupda idi. 1977-ci ildə universiteti bitirmişik, kimi desəniz yadımda qalmazdı, amma Dərdayıl mənim yadımdadır. Universitetimizdə mədəni gecələr olanda mütləq Dərdayıl orada çıxış edirdi. Çox yaxşı insan və sənətkar kimi yaddaşımda qalıb. Həm yaxşı səsi var idi, həm də ustad tarzən idi. Həyat yoldaşı Nazilə xanım da çox mehriban və səmimi bir insandır. Bu gün də bayram günlərində zəng edib məni təbrik edir. Dərdayıl uzun illər Maştağadakı mədəniyyət evində çalışıb. Hətta mənim Maştağadakı mədəniyyət evində tamaşaçılarla görüşüm oldu, Nazilə xanım da ora gəlmişdi. Neçə dəfə məni evlərinə də qonaq dəvət etmişdilər. Vaxt edib gedə bilmədim. Sonra eşitdim ki, rəhmətə gedib. Çox üzüldüm və sarsıldım. Gözəl sənətkar idi. Dərdayıl müəllim çox alicənab insan idi. Tar alətini tamaşaçılara sevdirən sənətkarın ruhu Milli Musiqi Günündə əminəm ki, şaddır”.
Dərdayıl Aydəmirovun ömür-gün yoldaşı, ötən illərin ən məşhur müğənnilərindən biri, “Lalə Qızlar” ansamblının üzvü olan Nazilə Ağayeva saytımıza açıqlamasında həyat yoldaşı ilə tanışlığını belə xatırlayır:
“Mən sənətə 1971-ci ildə gəlmişəm. Dərdayıl müəllim Sabunçu rayonunda “Atəş” ansamblı ilə tədbirdə idi. Məni də ora bibim gətirmişdi. Orada “Sən, sən” mahnısını oxudum. Dərdayıl müəllim məni yoxladı ki, görsün necə oxuyuram?! İlk dəfədən mahnımı, repertuar seçimimi bəyəndi və dedi ki, “mütləq məşqlərə gəlməlisən”. Onun dediyi kimi də etdim. Məşqlərə getdim, gözəl dərslər keçdik, daha sonra qastrol səfərlərinə yollandıq. “Oxu, tar” müsabiqəsində birinci yeri tutdum. Dərdayıl müəllim tarzən kimi o vaxt məşhur idi. Adlı-sanlı müğənnilər, musiqiçilər, sənətkarlar ansamblına gəlib-gedirdilər. Səsi də gözəl idi, oxuyurdu, amma el şənliklərinə getmirdi. Bizim təkidimizlə toylara getməyə başladı. Dərdayıl müəllimin də, mənim də ifalarımız dövlət televiziyasının “Qızıl Fond”-da saxlanılır”.
Nazilə Ağayeva bildirib ki, bu gün müğənnilərin əksəriyyəti səhnə mədəniyyətini unudub.. Əlbəttə ki, tamaşaçını aldatmaq olmur. Tamaşaçı yaxşı ilə pisi ayırd etməyi bacarır:
“Bizim dövrümüzdə tam başqa idi. Hər şeyə əməl edirdik. Ələxsus da səhnə mədəniyyətinə. Bizim ixtiyarımız nə idi ki, tamaşaçının qarşısına çıxıb, artıq-əskik danışaq? “Lalə Qızlar” ansamblına gedəndə artıq mən məşhur müğənni idim. Toylara da gedirdim, səhnəyə də çıxırdım, efirlərdə də olurdum. Amma məqsədim o idi ki, ansambıl tərzində oxumağı da öyrənim. Firuzə İbadova, Kəmalə Rəhimli, Flora Kərimova, Ruhəngiz Allahverdiyeva, Nüşabə Ələsgərli kimi sənətkarlarla o vaxt tanış idim. Dərdayıl müəllimin xasiyyəti ağır idi. Mənə həmişə deyirdi ki, elə insanlarla otur-dur ki, adının üstünə ad gəlsin. Baxmayaraq ki, televiziya verilişlərinə onun amsamblı ilə birlikdə çıxmışam, amma sonradan məni qoymurdu. Deyirdi ki, “mən öləndən sonra efirlərə çıxarsan”... Özü ilə toylara gedirdim, özü ilə də gəlirdim. Xeyriyyə tədbirlərində, qocalar evində, uşaq evlərində çox olmuşuq. O vaxtkı toylar da bir başqa idi. O toydakı ki, xanəndə, müğənni 4 ayrı-ayrı qəzəl deməsəydi, onu xanəndə saymazdılar. Bu gün fərqlidir. Eyni qəzəli nə qədər oxuyarlar. Yeni qəzəl əzbərləmirlər. Mən oxuyanda Firuzə İbadova, Zahidə Məmmədsalahova, Kəmalə Rəhimli toyların bəzəyi idi. Heç kim toyu başdansovdu etməzdi. Camaat toylarda milli musiqiyə qulaq asırdı. İndi iki mahnı oxuyurlar, sonra rəqsə yer verirlər. İndikilərin əksəriyyəti toyu apara bilmir. Sözləri düzgün tələffüz edib demirlər. Adam başa düşmür ki, nə deyirlər?! Özümüz də şahidi olmuşuq. Toy aparmaq, toy oxumaq çox çətindir. Saat 5-dən toylara gedirdik, gecə saat 12-1 də çıxırdıq. Toyda gərək abırlı geyinəsən ki, ora gələnin də gözü sənin geyimində yox, mahnında qalsın. Bayaq adlarını sadaladığım sənətkarların efirlərdən uzaqlaşması ilə digər özlərini “müğənni” adlandıranlar televiziya efirlərini zəbt etdilər. Kimin pulu var idisə müğənni oldu, kim istədisə efirə çıxdı. Biz efirlərə pulla çıxmamışıq. Vallah o vaxt gəlib özləri dəvət edirdilər ki, gəlin çıxın efirə. Şərqiyyə Hüseynova bizi elə bəh-bəhlə dəvət edirdi ki.. Heç efirlərə getməyə də vaxtımız da yox idi. O vaxt da qalmaqallar da olub, amma hamısının kökündə sənət dayanıb. Bugünki kimi deyildi. Demirdilər ki, filankəs bahalı maşın sürür, mən niyə sürməyim?! Belə mövzularla gündəmə gəlmirdilər. Əsas sənət idi. Ən böyük hadisə o ola bilərdi ki, toyda oxuyanda kiminsə səsini səsgücləndiricidən alsınlar, yaxud da mikrofonu bir az o biri müğənniyə gec versinlər. Bir dəfə toyda Dərdayıl müəllim oxuyanda bir məşhur müğənni onun səsini almışdı.. Mən orada bilməmişəm, bilsəydim həmin adamın üzünə deyərdim. Daha sonra həmin müğənni ilə toyda görüşdüm. Dedim ki, niyə yoldaşımın səsini almısan?! Boynuna almadı.. Dedi ki, ola bilməz. Halbuki hamı onu çox yaxşı tanıyırdı. Bir az paxıllığı var idi. Gedib lent yazısını əldə etdim və baxdım. Həqiqətən də onun səsini orada almışdılar. Sənətkar gərək özünə hörmət etməyi bacarsın. Dərdayıl müəllim 64 yaşından sonra toylara getməyi dayandırdı. Həmişə deyirdi ki, hər şey vaxtında gözəldir və vaxtında sənətdən, səhnədən getməlisən. Zarafatca deyirdi ki, “mənim daha qatarım getdi”.. 84 yaşında dünyasını dəyişdi.. Yaxşı ki, qismətimə belə bir insanla ailə həyatı qurmaq, onunla bu sənətdə addımlamaq yazıldı. Biz musiqiçi ailəsiyik. Oğlum Qasım Aydəmirov da bu gün atasının yolunu davam etdirir. Əvvəl tar dərsinə getsə də, bu gün musiqiçi kimi fəaliyyət göstərir”.
Sənətkarlar ölmür, özlərindən sonra da tamaşaçıların, sevənlərinin, ələxsus da ailə üzvlərinin qəlbində daim yaşayırlar. Elə Dərdayıl Aydəmirov kimi.. Ruhunuz şad olsun, sənətkar!