Slovakiyanın baş naziri Robert Fitso NATO ilə bağlı qalmaqallı bəyanat verib. O, Rusiya hücumu baş verəcəyi təqdirdə ölkəsinin alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirmək niyyətində olmadığını açıqlayıb.


Moderator.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, hökumət başçısı Avropa liderlərini hərbi ritorikanı qızışdırmaqda və qitəni təhlükəli münaqişəyə sürükləməkdə ittiham edib.






"Korrespondent" nəşri yazır ki, Slovakiya hökumətinin başçısı çıxışı zamanı Rusiyanı təcavüzkar ölkə və ya Avropa üçün hərbi təhdid mənbəyi adlandırmayıb. Bunun əvəzinə, o, digər Avropa liderlərini "davakar ritorikada" günahlandırıb və Şimali Atlantika Alyansının özünü kimdən müdafiə etməli olduğunu anlamamış kimi davranıb.


Fitso sosial şəbəkə hesabında yaydığı video-müraciətdə Avropadakı hazırkı təhlükəsizlik vəziyyətini tarixin ən kritik dövrü kimi qiymətləndirib. O, hansısa "5-ci maddəyə görə" slovak əsgərlərinin kiminləsə döyüşmək üçün cəbhəyə göndərilməsini qətiyyən istəmədiyini vurğulayıb. Baş nazir Slovakiya xalqını hərbi toqquşmalardan və müharibə alovundan uzaq tutmaq üçün bütün imkanlarından istifadə edəcəyini bəyan edib.


Qeyd edək ki, Robert Fitso hakimiyyətə gəldiyi gündən bəri Ukraynaya hərbi yardımların əleyhinə çıxış edir və NATO daxilində Rusiya ilə münasibətlərin yumşaldılmasını müdafiə edən ən kəskin fiqurlardan biri kimi tanınır.


S.Laçın