“Sizi bu rayonlara icra başçısı vəzifəsinə göndərsələr, gedərdinizmi?..”- Heydər Oğuz cavab verir...
18 Sep 2026, 12:22 28 baxış 6 dəq oxuma
“Mənə yaraşmaz ki, hansısa konyuktur maraqlarıma görə gedib “arabanın 5-ci təkər”inin üstündə əyləşim..."
“Halbuki, Prezident dəfələrlə bu hallara qarşı aktiv mübarizə aparmağı, xalqın ağası yox, nökəri olmağı öz məmurlarından tələb edib...”
“Sözsüz ki, Naxçıvan camaatı etimad göstərib məni özünün təmsilçisi, deputatı seçərsə, məmnuniyyətlə bu məsuliyyəti boynuma götürərəm. Amma bunun üçün...”
“Bildiyiniz kimi, 7 rayonda icra başçısı yeri vakantdır. Onlardan ikisi də Naxçıvan Muxtar Respublikasındadır: biri Naxçıvan şəhəri, digəri də Culfa rayonunda. Sizi bu ikisindən birinə başçısı vəzifəsinə göndərsəydilər, gedərdinizmi? Əgər getsəydiniz, ilk işləriniz nələrdən ibarət olardı? Yox, əgər ümumiyyətlə, belə vəzifələrə getmək istəmirsinizsə, səbəbi nədir?..”
Moderator.az-ın bu suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz deyib ki, əvvəla, indiki şəraitdə onu hər hansı icra strukturuna nəinki rəhbər, hətta qapıcı qoyulma ehtimalı yoxdur:
“İkincisi, mənim özüm də heç vəzifəyə getmək istəmərəm. Xüsusilə də icra hakimiyyəti strukturuna. Çünki dəfələrlə çıxışlarımda və yazılarımda Azərbaycanda icra hakimiyyəti orqanlarını “arabanın 5-ci təkəri” kimi əhəmiyyətsiz və bürokratik aparatı lüzumsuz şəkildə artıran, iş adamlarının fəaliyyətini əngəlləyən struktur adlandırmışam. Mənə yaraşmaz ki, hansısa konyuktur maraqlarıma görə gedib “arabanın 5-ci təkər”inin üstündə əyləşim. Əgər söhbət ictimai faydadan söhbət gedirsə, bunu faydasız bir strukturda yer alıb həyata keçirmək mümkün deyil. İstənilən arabanı və ya maşını təmir etmək istəyirsənsə, ilk növbədə onun hərəkətini dayandırmalı və problemini aydınlaşdırmaq üçün onu təpədən-dırnağa gözdən keçirməlisən. İcra hakimiyyətləri isə nəinki maşının problemli, hətta lüzumsuz və inkişafı əngəlləyən detalıdır. Üstəlik, söhbət Naxçıvandakı hansısa icra hakimiyyətindən gedirsə, vəziyyət daha acınacaqlı hal alır. Naxçıvanda bir çox icra hakimiyyəti strukturları, ümumiyyətlə, hansısa konyuktura xətrinə yaradılıb və ələ-ayağa dolaşmaqdan başqa heç bir işə yaramır. Fikrimcə, bu diyarın 7-8 inzibati əraziyə bölünməsinə, çox sayda nazirə, komitə sədrinə və həmin müftəxor məmurların rəhbərlik etdiyi strukturlara ehtiyacı yoxdur. Naxçıvan 1- yeganə, vahid icra hakimiyyəti strukturu ilə də idarə oluna bilər. Necə ki, özünüz deyirsiniz ki, hazırda Naxçıvanın 2 icra hakimiyyəti, xeyli sayda nazirlikləri başsızdır. Amma başsızlıq onun idarə olunmasına maneə yaratmır. Belə çıxır ki, Naxçıvan o strukturlar olmadan da idarə oluna bilər...”
Həmsöhbətimizin icra başçısı vəzifəsinə getmək istəməməkdə bir əsas arqumenti də bundan ibarətdir:
"Ən əsası, mən Naxçıvanda yaradılmış Prezidentin xüsusi nümayəndəliyinin həqiqətən də ölkə başçısının siyasətinə xidmət edən bir struktur kimi fəaliyyət göstərdiyinə inanmıram. Əksinə, fikrimcə, hələ də Vasif Talıbovdan miras qalmış bir çox ənənələr Naxçıvanda hələ də davam edir, hətta bir az da mənfi yöndə təkmilləşdirilib. Yenə büdcə talan olunur, müəmmalı saxta tenderlər keçirilir, haqsızlıq baş alıb gedir. Prezidentin ordakı nümayəndəliyi isə nəinki Muxtar Respublikaya effektiv nəzarət edir, tam tərsinə, bölgənin tərəqqisinin önündə ən mühüm əngələ çevrilib. Kadrların seçimində qohumbazlıq, yerliçilik, tanış-tunuşluq hətta deyərdim ki, əvvəlki hökumətlərdən daha çox kök salıb. Halbuki, Prezident dəfələrlə bu hallara qarşı aktiv mübarizə aparmağı, xalqın ağası yox, nökəri olmağı öz məmurlarından tələb edib. Naxçıvan rəhbərliyi isə Prezidentin tapşırığı ilə deyil, öz şəxsi maraqları ilə idarəçilik prinsipini davam etdirir. Təbii ki, onlarla bir yerdə olub günaha batmaq və cinayət ortağına çevrilmək istəməzdim...”
Amma siyasi analitikin Naxçıvanın millət vəkili olmaq könlündən keçir. Fəqət bir şərtlə...
“Bununla belə, mən Naxçıvan insanlarının təmsilçiliyindən tam imtina da etmirəm. Sözsüz ki, Naxçıvan camaatı etimad göstərib məni özünün təmsilçisi, deputatı seçərsə, məmnuniyyətlə bu məsuliyyəti boynuma götürərəm. Amma bunun üçün isə sağlam seçki mühitinin yaradılması lazımdır. Yoxsa hansısa məmurun zəmanəti ilə deputat təyin olunmağı da könlümdən keçirmirəm. Mən həqiqi millət vəkili mandat daşımaq və təkcə mənə etimad göstərən insanların yox, bütün vətənimin millət vəkili kimi fəaliyyət göstərmək istərdim. Amma onu da anlayıram ki, indiki geo-siyasi ortamda mənim bu arzularım real deyil və “Məlikməmməd nağılı”na bənzəyir. Və bəlkə də mənim ömrümün sonuna qədər bu mühit yaranmayacaq. Mən də əlimdə qələmimlə bu mühitin yaranması üçün səy göstərəcək, bacardığım qədər mübarizə aparacağam. Təki, məndən sonra gələnlər, oğlum, qızım, nəvələrim və digər qohumlarım “... sənin də günahın var” deyib goruma söyməsinlər”,- deyə sonda Heydər Oğuz vurğulayıb.