Dünən Bakıda Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuraları katiblərinin toplantısında Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Türk dövlətləri arasında əməkdaşlığın yalnız mövcud əlaqələrin qorunması deyil, dəyişən regional və qlobal reallıqlara uyğun olaraq daha sistemli və çoxşaxəli mexanizmlər üzərində qurulması məsələsini gündəmə gətirdi.
Çıxışda siyasi dialoqun intensivləşdirilməsi, enerji və nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, gənclər siyasətində əməkdaşlıq və yeni təhlükəsizlik çağırışlarına birgə yanaşma kimi istiqamətlərin önə çəkilməsi TDT-nin gələcək fəaliyyət gündəliyinin daha geniş çərçivədə formalaşdığını göstərir.
Xüsusilə Bakının ardıcıl olaraq Türk dünyasının müxtəlif strateji platformalarına ev sahibliyi etməsi Azərbaycanın bu əməkdaşlıq formatında oynadığı rolun praktik tərəflərini də gündəmə gətirir.
Maraqlıdır, Prezident İlham Əliyevin çıxışında müəyyənləşən bu istiqamətlər TDT-nin indiyədək mövcud olan əməkdaşlıq modelindən daha intensiv və institusional fəaliyyət mərhələsinə keçidi baxımından hansı perspektivləri yaradır və Azərbaycanın irəli sürdüyü siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik gündəliyinin təşkilat daxilində uzunmüddətli mexanizmlərə çevrilməsi üçün hansı addımlar xüsusi əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı Moderator.az-a akademik Nizami Cəfərov açıqlama verib.
Akademik bildirib ki, Türk dünyası artıq siyasi bir gerçəklikdir. Vaxtilə Ümummilli Lider Heydər Əliyev Bakı görüşlərinin birində demişdi ki, Türk dünyası daha çox mədəniyyət sahəsində əlaqələr saxlayır və inteqrasiya prosesləri də əsasən bu sahədə gedir:
"Lakin gələcəkdə bu mədəniyyət birliyini siyasi birlik əvəz etməlidir. Təbii ki, iqtisadi məsələ daha çox beynəlxalq xarakter daşıyır. Bununla yanaşı, iqtisadi proseslərin də milli tərəfləri var.
Türk dünyası miqyasına sığan, Türk dövlətlərinin maraqlarını ifadə edən tərəfləri mövcuddur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə genişmiqyaslı, çoxspektrli məsələlər qaldırması, əlbəttə, dövrümüzün hökmüdür. Bu məsələlərdən kənarda qalmaq mümkün deyil.
Bu gün qloballaşan bir dünya var və bu dünya Türk xalqlarını da məcbur edir ki, özlərinə məxsus coğrafiyalarda normal yaşayışlarını, müdafiə və təhlükəsizliklərini, iqtisadi inkişaflarını, siyasi və hərbi-siyasi qüdrətlərini təmin etsinlər. Çünki biz yaxın tarixdə, ən yaxın tarixdə dəfələrlə görmüşük ki, Türk xalqlarına, o cümlədən Azərbaycana qarşı nə qədər irticaçı və mürtəce siyasət yürüdülüb.
Bu təcrübə göstərdi ki, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmasında Türk birliyi və Türk həmrəyliyi çox mühüm rol oynadı və bu gün də həmin rolu oynamaqdadır. Eləcə də təkcə Azərbaycanın deyil, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, hətta Türkiyənin də elə maraqları var ki, bu maraqlar Türk birliyinin təmin olunmasını tələb edir".
Nizami Cəfərov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk dünyasının ən böyük liderlərindən biridir.
O, Türk dünyasının mədəni, iqtisadi və siyasi inkişafı üçün ciddi layihələr təqdim edir, nüfuz nümayiş etdirir, praktik işlər görür və mühüm layihələri həyata keçirir. Türk dünyasında İlham Əliyevin nüfuzunu bütün dünya təsdiq edir.
Dünyanın bu siyasətlə məşğul olan qüvvələri görür və qiymətləndirirlər ki, İlham Əliyev təkcə Azərbaycan üçün, təkcə dünya azərbaycanlıları üçün deyil, ümumiyyətlə, dünya türkləri üçün kimdir.
Bu artıq İlham Əliyevin missiyasıdır. Türk dünyasının liderliyinə doğru onun getdiyi yolu göstərən və bu yoldakı tarixi xidmətlərini ifadə edən çoxlu faktlar və misallar gətirmək olar. Bu mənada, Türk dünyasında İlham Əliyevin artan rolu Türk dünyasının inteqrasiyasının çox mühüm şərtlərindən biridir".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor-aparıcı