"Məqsəd Məkkə sazişi iştirakçılarını - Türkiyə və Pakistanı əvvəlcə Yəmən şiələri, sonra isə üsulluca İranla müharibəyə cəlb etməkdir..."
 




"Qeyd etdiyimiz amillər göstərir ki, ABŞ-Yəmən(Husilər) sövdələşməsi barədə informasiya həqiqətəuyğun ola bilər..."
 
"Trampın məkrli planı və bütün cəhdləri  iflasa uğradı. Heç bir müsəlman dövləti İsrailin yerini tutmağa tələsmədi..."
 
Tanınmış tədqiqatçı yazar Araz Şəhrili Moderator.az-ın “Yəmən husilərinin son günlər Qırmızı dəniz və Babül-Əndab boğazını nəzarətə götürmək istiqamətindəki uğurlu əməliyyatları fonunda onlar ətrafında yayılan son ziddiyyətli informasiyaları (guya ABŞ-dan dəstək almaları, Amerikalılara gizli görüşləri və s.)  necə təhlil edərdiniz?” sualına cavab olaraq  “Yəmən savaşının səbəbləri...” adlı aşağıdakı analitik yazısını təqdim edib:

“Yəmən müharibəsinin yenidən alovlanması ilə əlaqədar olaraq 5 fərziyyə irəli sürülür:
 
1) Yəmən savaşı Hörmüz boğazını artıq bağlamış İran dövlətinin növbəti gedişidir. Bu yolla İran Səudiyyə Ərəbistanının neft, qaz və digər məhsullarının ixracının qarşısını alaraq həm Səud ailəsini, həm də noyabr seçkiləri ərəfəsində Tramp rejimini çətin vəziyyətə salır.
 
2) Müharibənin əsas təşəbbüskarı Yəmən şiələridir. Onlar yaranmış fürsətdən istifadə edərək ölkəni birləşdirirmək və Səud rejiminin zülmündən qurtulmaq istəyirlər.
 
3) Sədiyyə Ərəbistanı Tramp və Netanyahu rejimlərinin sifarişini yerinə yetirir. Məqsəd Məkkə sazişi iştirakçılarını - Türkiyə və Pakistanı əvvəlcə Yəmən şiələri, sonra isə üsulluca İranla müharibəyə cəlb etməkdir...
 
4) Müharibə Səudiyyə Ərəbistanının öz planı əsasında başlanıb. Səud rejiminin hədəfi "bulanıq suda balıq tutmaqdır". Məhəmməd ibn Salman mövcud situasiyadan faydalanaraq ABŞ, Türkiyə və Pakistanı savaşa cəlb etməklə Yəmən şiələrinin axırına çıxmağa çalışır...
 
5) Savaşın əsas ssenari müəllifi ABŞ, onun planlarının icraçısı isə Yəmən şiələri və İrandır. Strateji niyyət neft-qaz qiymətlərinin qalxmasını təmin etmək və Avropanı iqtisadi cəhətdən boğub özünə tabe etməkdir...
 
Bu fərziyyələrdən hansının doğru olduğunu müəyyən etmək üçün 5 suala cavab verməliyik:
 
1) İlk hücumu bilavasitə hansı tərəf həyata keçirib?
 
- Məlum olduğu kimi, birinci zərbəni Səudiyyə Ərəbistanı endirib. Onun təyyarələri Yəmənin hava limanını sərt bir şəkildə bombalayaraq Seyid Əli Xameneinin dəfnindən qayıdan Yəmən nümayəndə heyətini və iranlı pilotları öldürmək istədi. Buna cavab olaraq Yəmən ordusu Səud rejiminə aid bəzi hərbi obyektləri vurdu. Səudiyyə ordusu cavab verdi. Ardınca Səudiyyənin illərdən bəri hazırladığı muzdlular Səna şəhərini işğal etmək üçün hücuma başladılar, lakin məğlub oldular.
 
2) Müharibədə bilavasitə iştirak edən tərəflər hansı "bloklara" daxildir?
 
- Səudiyyə Ərəbistanı ABŞ-İsrail cütlüyünün etibarlı müttəfiqidir. Belə ki, krallıq öz ərazisini İrana qarşı müharibə aparan ABŞ ordusu və kəşfiyyatının tam ixtiyarına verib. Eyni zamanda Səud ordusu İranın İsrailə atdığı raket və dronları vurmaq üçün əlindən gələni edib. Səudiyyə Ərəbistanı silah və texnikanı əsasən ABŞ-dən alır. Məlumata görə, ABŞ hərbi müşavirləri və kəşfiyyatçıları Səudiyyə ordusunun döyüş əməliyyatlarının planlaşdırılmasında iştirak edirlər.
 
- Yəmən isə İran dövlətinin, Livan və İraq şiələrinin, Qəzza sünnilərinin sədaqətli tərəfdaşıdır. Yəmənlilər Qəzza soyqırımını dayandırmaq üçün əvvəlki illərdə ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar aparmış, bu yolda çoxlu qurban vermişlər. Yəmən ordusunun raket və dronları İranın yardımı ilə istehsal olunur. Yeraltı sığınacaqlar və digər qurğular iranlı mühəndislərin rəhbərliyi altında imşa edilir. Yayılan xəbərlərə əsasən, Yəmən ordusunun əməliyyatlarını bu ölkəyə ezam olunmuş SEPAH zabitləri planlaşdırırlar. Amma zənnimizcə, Yəmənin öz kadrları da artıq kifayət qədərdir...
 
4) Müharibənin aparıldığı məkan...
 
- Bab əl-Məndəb boğazı Hörmüz boğazından sonra bölgənin ən əhəmiyyətli logistik marşrutudur. Onların hər ikisinin bağlanması noyabr seçkiləri ərəfəsində ABŞ-də yanacaq və digər məhsulların qiymətinin kəskin bahalaşmasına, beləliklə, Trampın "axsaq ördəyə" çevrilməsinə gətirib çıxara bilər. Bəzən belə deyirlər ki, ABŞ-nin özünün kifayət qədər neft ehtiyatı olduğuna görə bu vəziyyət guya, əslində, onun xeyrinədir. Amma sözügedən fikrin müəllifləri unudurlar ki, ABŞ-nin əsas problemi "turş neftin" çatışmamasındadır. Həmin neft isə körfəzdən daxil olur. Aviasiya yanacağı məhz ondan hazırlanır. Digər tərəfdən isə, ABŞ-nin strateji neft ehtiyatı da artıq əhəmiyyətli dərəcədə azalıb. ABŞ-də benzin və dizel qiymətləri, eləcə də ərzaq və digər məhsullar kəskin bahalaşıb...
 
5) Müharibənin aparıldığı zaman...
 
- Yəmən savaşı ABŞ, İsrail - İran müharibəsinin faktiki olaraq davam etdiyi bir vaxtda başladı. ABŞ, İsrail və İran Yəmən müharibəsində bilavasitə iştirak etmədiklərini bildirirlər. Ancaq ABŞ-İsrail cütlüyü Səud rejimini, İran isə Yəmən xalqını aşkar şəkildə dəstəkləyir. ABŞ özünün tanker-təyyarələrini Səud ordusunun sərəncamına verib. Beləliklə, Yəməndəki hərbi əməliyyatlar faktiki olaraq ABŞ, İsrail-İran qarşıdurmasının növbəti cəbhəsinə çevrilib.

NƏTİCƏ: 
 
Sadaladığımız faktları nəzərə alaraq deyə bilərik ki, ilk dörd fərziyyə daha əsaslıdır. Onları məntiqi ardıcıllıqla qruplaşdırsaq görərik ki, bu fərziyyələrin heç biri digəri ilə ziddiyyət təşkil etmir.
 
1) İran Hörmüzü bağladıqdan sonra Bab əl-Məndəbi də qapadaraq Səud rejimi və ABŞ-ni daha da çətin vəziyyətə salmalı idi. Əslində, İran rəhbərliyi bu variantın mümkünlüyünü əvvəldən bəyan etmişdi. Nəzərə alaq ki, İran dövləti adətən müəyyən bir ciddi addımı yalnız müvafiq bəhanə, legitimlik əldə edildikdən sonra atır. Burada da iranlılar səbirlə Səud rejiminin növbəti səhvini gözlədilər. Məhəmməd ibn Salmanın xarakteri belə bir xətanı labüd edirdi.
 
2) Yəmən şiələri Səud rejiminin tətbiq etdiyi amansız blokadadan canlarını qurtarmaq istəyirdilər. Lakin iranlıların məsləhəti ilə təmkinli davranaraq qarşıdurmaya hazırlaşırdılar.
 
3) Bir neçə ay əvvəl Donald Tramp Məhəmməd ibn Salmanı çox ağır şəkildə təhqir etmiş və belə demişdi: "Məhəmməd ibn Salman dalımdan öpməlidir. O, bunu mütləq etməlidi". O zaman biz bu qeyri-adi rəftarı belə izah etdik ki, Donald Tramp Məhəmməd ibn Salmandan İrana qarşı müharibəyə qoşulmasını və özünün piyada hissələrini Pentaqonun sətəncamına verməsi istəmiş, ancaq rədd cavabı aldığına görə bərk qəzəblənmişdi. ABŞ prezidenti Səud rejiminin öz ordusunu "Böyük İsrail" naminə qurban vermək istəmədiyinə tam əmin olduqdan sonra sakitləşərək Səudiyyə rəhbərliyinə yeni, amma daha məkrli bir təklif irəli sürdü: "Səudiyyə Ərəbistanı çalışaraq Pakistanı, imkan olsa, həm də Türkiyəni əvvəlcə Yəmənə, ardınca isə İrana qarşı müharibəyə cəlb etməlidir"...
 
4) Donald Trampın istəyi Məhəmməd ibn Salmanın arzusu ilə üst-üstə düşdü. O, güman edirdi ki, bir neçə ildir davam edən blokada, eləcə də ABŞ və İsraillə qarşı müharibələrdə aldığı ağır zərbələr Yəməni kifayət qədər zəiflədib. Həm də İranın başı ABŞ ilə mübarizəyə qarışıb. Səudiyyəlilərin hesablamalarına görə, Yəməndə Suriya variantının təkrarlanması üçün olduqca əlverişli bir şərait yetişmişdi. Lakin Məhəmməd ibn Salmanın planlarını, əslində, elə onun təmsil etdiyi sistemin özü məhv etdi. Gəlin bu amilləri sadalayaq:
 
- İran, Yəmən, Türkiyə və Avropa dövlətlərindən fərqli olaraq, bir sıra digər ərəb ölkələri kimi Səudiyyə Ərəbistanında da yüksək vəzifələrə yalnız qohumlar təyin olunur. Hər bir belə "uca məmur" isə idarə etdiyi struktura bilavasitə özünün və öz həyat yoldaşının qohumlarını yığır. Beləliklə, peşəkarlar idarəetmə proseslərindən tam kənarda qalırlar. Vacib məsələlərin həllində savadsız, ərköyün və yaltaq qohumlar iştirak edirlər. Bu hal, sözsüz ki, Səudiyyə Ərəbistanının ordusu və kəşfiyyatı üçün də xarakterikdir...
 
- Səudiyyə Ərəbistanına tabe olan oyuncaq Yəmən hökuməti çox ağır bir xəstəliyə - korrupsiyaya yoluxub. Son günlərdə belə məlumatlar yayılır ki, oyuncaq Yəmən hökumətinin rəhbərləri Səud rejimindən aldıqları pulun böyük bir hissəsini "basıb yeyiblər". Muzdluların cəlb edilməsi üçün ayrılmış vəsaitin az qala 80 faizi mənimsənilib...
 
Məsələn, hesabatlarda 1000  əsgərə məvacib verildiyi yazılsa da, reallıqda cəmi 200 nəfərə aylıq pul ödənilib...
 
Sözügedən amillər İrana və Yəmən şiələrinə əməliyyat kombinasiyası keçirmək imkanı verdi. Məhəmməd ibn Salman Donald Trampın səhvini elə onun özünün təhriki ilə təkrarladı. Bir sözlə, ABŞ prezidenti kimi o da öz ayağına atəş açdı...
 
Bir məsələyə də toxunaq... Deyilənə görə, ABŞ-nin Omandakı diplomatları ilə Yəmən şiələrinin nümayəndələri arasında görüş keçirilib. Amerikalılar Yəmənə qarşı müharibədə iştirak etməyəcəklərinə, şiələr isə Bab əl-Məndəb boğazından keçən ABŞ gəmilərini vurmayacaqlarına dair söz veriblər. Bu məlumat nə dərəcədə doğrudur?..
 
Əvvəlcə ABŞ-nin müharibəyə qoşulacağı təqdirdə edə biləcəklərini qiymətləndirək:
 
- ABŞ xüsusi təyinatlıları ildırım sürətli hücumla Bab əl-Məndəb boğazına daha sərt nəzarət imkanı verən bir neçə kiçik adanı geri ala bilərlər. Lakin ardınca ABŞ hərbçiləri labüd olaraq  raket-dron zərbələrinə məruz qalıb ağır tələfat verəcəklər. Bu isə noyabr seçkiləri ərəfəsində Trampa lazım deyil.
 
- ABŞ aviasiyası şiələrin mövqelərini təyyarələr vasitəsilə bombalaya bilər. Amma Səud rejiminin aviasiyası onsuz da elə bunu edir. Yəmənlilər artıq 2 “F-15” təyyarəsini vurub salıblar. Hava hücumlarını ABŞ həyata keçirsəydi, onun təyyarələri vurulacaqdı. Yenə də belə itkilər Tramp üçün arzuolunmazdır...
 
Bu situasiyada Tramp üçün hələlik yeganə "az zərərli" variant ABŞ gəmilərinə raket-dron hücumlarının edilməməsidir.
 
İndi isə həmin iddianı yəmənlilərin baxış bucağından dəyərləndirək:
 
 - Yəmənlilərə və iranlılara lazımdır ki, körfəzin 4 ölkəsinin - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytin neft ixracı minimum səviyyəyə düşsün. Bab əl-Məndəb boğazından keçən ABŞ gəmiləri isə neft və ya qaz daşımırlar.
 
- ABŞ gəmilərinin Bab əl-Məndəb boğazından keçirəcəyi hərbi texnika və digər materialları uzun quru yolu ilə İranın məhv etdiyi ABŞ bazalarına çatdırmaq sırf texniki cəhətdən mümkünsüzdür. Bunu yalnız Hörmüz boğazı vasitəsilə etmək olar. Ora isə SEPAH-ın tam nəzarəti altındadır.
 
Qeyd etdiyimiz amillər göstərir ki, ABŞ-Yəmən(Husilər) sövdələşməsi barədə informasiya həqiqətəuyğun ola bilər. Bununla yanaşı, Trampın ruhi durumunu nəzərə alaraq, onun bəri başdan uğursuzluğa düçar olan hansısa impulsiv və xaotik hərəkətlərə yol verəcəyini də istisna etmirik.
 
Amma o da mümkündür ki, ABŞ Səudiyyə ilə Yəmən arasında döyüşlərə 3-cü fərziyyədə təqdim etdiyimiz səbəbə görə qatılmır. Hələ mart ayında qələmə aldığımız yazılardan birində göstərmişdik ki, İsrail ABŞ-nin məsləhəti ilə İranla müharibədən çıxacaq. Məqsəd müsəlman dövlətlərini İranla savaşa cəlb etməkdir. Çünki heç bir İslam ölkəsi İsraillə eyni cəbhədə yer almaq istəmir. Həqiqətən belə də oldu. İsrail İranla müharibəni faktiki olaraq tərk etdi. Düzdür, bu qaçışın başqa bir səbəbi də İranın raket-dron zərbələrinin israillilərdə yaratdığı dəhşət, qorxu və vahimə hissləri idi. Amma hər bir halda, bu nəticənin ya vəlvələdən, ya da zəlzələdən hasil olmasına baxmayaraq, Trampın məkrli planı və bütün cəhdləri  iflasa uğradı. Heç bir müsəlman dövləti İsrailin yerini tutmağa tələsmədi... 
 
Ola bilsin ki, ABŞ prezidenti bu dəfə də oxşar fəndə əl atıb. Səudiyyə ilə Yəmən(husilər) arasında hərbi əməliyyatların gedişinə qarışmamaqla göstərməyə çalışır ki, Yəmən hadisələri ABŞ, İsrail - İran qarşıdurmasının bir hissəsi deyil, tamamilə ayrı bir müharibədir. Sadə dillə ifadə etsək, Tramp bəzi müsəlman ölkələrinə işarə verməyə çalışır ki, "Səud ailəsinin bundan sonra da zəngin yaşamasını, keyf çəkməsini istəyənlər vicdan əzabı çəkmədən ayaqyalın Yəmən xalqına qarşı aparılan savaşa qoşula bilərlər".
 
Lakin hələ ki, Donald Trampın Məhəmməd ibn Salman vasitəsilə səsləndirdiyi bu çağırışa, əslində isə fəryada hay verən yoxdur...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
Təqdim etdi: Sultan Laçın