“Falçıların yanına, “ocaq”lara getməyin... -Onları ya şeytanlar, ya da rüşvətxorlar idarə edir...” -Cümə bəhsləri
18 Sep 2026, 18:48 28 baxış 11 dəq oxuma
“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər...”
“Bunun adı nə savaddır, nə din, nə də “mənəvi zənginlik”. Bunun adı mövhumatdır...”
“Falçılığa münasibətdə İslam tək deyil. Yəhudiliyin Tövrat ənənəsində də mediumlara və ruh çağıranlara müraciət qadağan edilir. “Levililər” 19:31-də medium və ruh çağıranların axtarılmaması əmr olunur; “Qanunun Təkrarı” 18:10–12-də isə falçılıq, sehr, cadu və ölülərdən xəbər almaq qadağan edilən əməllər sırasında sadalanır...”
**** **** ****
...Bir adam səhər yuxudan oyanır. Əlini telefonuna atır. Qurani-Kərimi açmaq, heç olmasa “Allahım, bu günümü xeyirli et” deyə dua etmək yadına düşmür. Amma beş dəqiqə sonra hansısa saytın qoroskopunu oxuyub gününün taleyini oradan öyrənir.
Bir başqası vəzifəli adamdır. Ali təhsili, kabineti, xidməti avtomobili, tabeliyində işçiləri var. Amma qarşıda mühüm qərar dayananda dövlət sənədinə, qanuna, mütəxəssis məsləhətinə yox, “görücü”nün sözünə baxır...
Daha birisi “ekstrasens” tapır, ona pul verir, soruşur: “Məni vəzifədən çıxaracaqlarmı?”, “Filankəs mənim haqqımda nə düşünür?”, “Nə vaxt yüksələcəyəm?”, “Oğlum filan məndən daha vəzifəlinin qızı ilə evlənəcəkmi?” Və s. və i.a.
Yəni insan XXI əsrdə yaşayır, amma gələcəyini falçının əlində axtarır...
Bunun adı nə savaddır, nə din, nə də “mənəvi zənginlik”. Bunun adı mövhumatdır...
Quran - Allahın Kİtabı nə deyir?..
Qurani-Kərimdə çox mühüm bir prinsip qoyulur: “(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər! (Nəml, 27:65)
Bundan sonra bir “görücü”nün qarşısında oturub onun “sənin gələcəyini görürəm” sözünə inanmaq üçün adamın Quranla nə qədər əlaqəsinin olması barədə düşünməyə dəyər.
Şüəra surəsinin 221–223-cü ayələrində isə şeytanların kimlərə nazil olduğu, başqa sözlə, kimlərin ruhuna çökdüyü barədə xəbərdarlıq edilir: onların yalançı və günahkarların üzərinə endiyi, eşitdiklərini ötürdükləri, lakin çoxunun yalançı olduğu bildirilir...
Deməli, Qurani-Kərimin təsvir etdiyi mənzərədə “qeybdən xəbər verən”lərin sözü ilahi həqiqət kimi təqdim edilmir; əksinə, burada yalan, günah və şeytani təsir barədə xəbərdarlıq var...
Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bir hədisində isə məsələ daha da açıq qoyulur. Səhih Muslimdən rəvayət olunur ki, falçıya gedib ondan bir şey soruşanın namazı 40 gecə qəbul olunmur...
İndi bir düşünək: Peyğəmbərin (s.ə.s.) belə ciddi xəbərdarlıq etdiyi bir işə müsəlman niyə həvəslə gedir?..
“Amma mənim falçımın dedikləri düz çıxır!..”
Ən çox eşitdiyimiz bəhanə budur...
“Bir dəfə mənə elə söz dedi ki, heç kim bilmirdi!..”
“Dediyi çıxdı!..”
“Filan adam haqqında hər şeyi bildi!..”
Bəs necə olur?..
İslam mənbələrində kahin və falçıların eşitdikləri hansısa məlumatın üzərinə çoxlu yalan əlavə edə bilmələri barədə xəbərdarlıq edilir. Burada əsas məsələ bir-iki “düz çıxan” söz yox, insanın həmin adamı qeybi bilən şəxs kimi qəbul etməsidir.
Onsuz da falçılığın ən böyük hiyləsi budur: 10 cümlə deyir, biri təsadüfən uyğun gəlir, insan isə həmin birini xatırlayır, 9 yalanı unudur...
Üstəlik, müasir şarlatanlığın daha “elmi” üsulları da var: adam haqqında əvvəlcədən məlumat toplamaq, onun danışığından nəticə çıxarmaq, ümumi və hamıya uyğun ifadələr işlətmək, reaksiyalarını müşahidə etmək...
Sonra da tamaşa başlayır:
“Ürəyində bir dərdin var...”
Əlbəttə var! Yer üzündə dərdsiz adam tapmaq asan deyil...
“Ətrafında sənə paxıllıq edən biri var...”
Əlbəttə var! İnsanların xeyli qismi bir-birinə paxıllıq edir...
“Keçmişdə böyük bir məyusluq yaşamısan...”
Bunu da bilməmək üçün kahin olmaq lazım deyil.
Və adam heyrətlənir: “Bunu haradan bildi?!”
“Pir” adı altında rüşvətxorların da himayə etdiyi mövhumat...
Məsələ yalnız falçı ilə bitmir.
Bəzən hansısa bölgədə bir “ocaq” peyda olur. Sonra həmin yer haqqında müxtəlif əfsanələr dolaşmağa başlayır. Ardınca papaq, dəsmal, zəncir, parça, köhnə əşya, qaloş və sair “müqəddəs” elan edilir. Bir müddət sonra həmin bölgənin rəhbər vəzifəlilərinin himayəsi altında adamlar oraya xəstəlik, ailə problemi, işsizlik, vəzifə, övlad məsələsi ilə axışırlar...
Əlbəttə, o tərəfi də var ki, bir sıra hallarda da həmin bölgə, hətta mərkəz vəzifəliləri özləri o “pir”lərə, qondarma “seyid ocaq”larına sitayiş etmir, sadəcə onların avam camaatdan topladıqları külli miqdarda paralara aybaay şərik olurlar...
Bəli... Ən pis tərəfi isə odur ki, , yüksək vəzifəli şəxslərlə yanaşı, cəmiyyətdə müəyyən nüfuzu olan savadlı adamların, “ziyalı” sayılanların da belə yerlərə getməsi camaatın mövhumatına əlavə legitimlik verir...
Halbuki müsəlmanın ümid və qorxusunun əsas ünvanı Allahdır.
Ölmüş bir insanın corabından, qaloşundan, papağından, dəsmalından möcüzə gözləmək İslamın tövhid anlayışını kütlə mövhumatı ilə qarışdırmaqdır...
Şeytanlar, cinlər, məsələsi...
Bəli, Uca Yaradan Quran bir sıra ayələrində cinlərin mövcudluğundan danışır. Şeytan da Allah qatında real varlıqdır. Quran da 32 dəfə “cin” və “cinlər”, 88 dəfə isə “şeytan” və “şeytanlar” kəlmələri işlənir... Amma burada bir mühüm sərhədi qorumaq lazımdır: hər anlaşılmaz hadisəyə “cin işi”, hər falçıya da avtomatik olaraq “cin idarə edir” damğası vurmaq düzgün dini izah deyil...
Quranda əsas xəbərdarlıq insanı şeytanın vəsvəsəsindən qorunmağa çağırmaqdır. Quran oxuyarkən də Allahdan “qovulmuş şeytandan” sığınmaq əmr edilir (Nəhl, 16:98)...
Yəni möminin yolu cinlərin arxasınca düşmək deyil; Allahın kitabına, duaya, ibadətə və sağlam ağla sarılmaqdır...
“Ruh çağıranlar” da başqa bir mövhumat bazarıdır...
“İslam-today” portalında “Джинны и предсказатели” — “Cinlər və öncəgörənlər” adlı material dərc olunub. Yazının müəllifi kimi Tatarıstan Respublikasının müftisi Kamil həzrət Səmiqullin göstərilir.
Həmin yazıda falçıların fəaliyyəti, cinlər və “ruh çağırma” seansları İslam baxımından izah edilir. Müəllif xüsusilə ölülərin ruhlarını çağırmaq adı ilə keçirilən seansların insanları aldatmaq üçün istifadə oluna biləcəyini vurğulayır.
Doğrudan da, əgər ölülərin ruhları istənilən vaxt çağırıla bilirsə, onda dünyanın ən mürəkkəb cinayətlərinin istintaqını niyə aparaq? Niyə məhkəmə, ekspertiza, sübut, şahid axtaraq? Qapını bağlayıb mərhumun ruhunu çağıraq, cinayəti kim törədib, soruşaq, məsələ bitsin!..
Əlbəttə ki, bu dünya həyatı belə işləmir...
Maraqlıdır ki, falçılığa münasibətdə İslam tək deyil. Yəhudiliyin Tövrat ənənəsində də mediumlara və ruh çağıranlara müraciət qadağan edilir. “Levililər” 19:31-də medium və ruh çağıranların axtarılmaması əmr olunur; “Qanunun Təkrarı” 18:10–12-də isə falçılıq, sehr, cadu və ölülərdən xəbər almaq qadağan edilən əməllər sırasında sadalanır...
Bəs çıxış yolu nədir?..
Mövhümatla mübarizə yalnız falçını söyməklə bitmir.Dövlət, din xadimləri, alimlər, ziyalılar və media bir işi bacarmalıdır: insana düzgün bilik verməlidir.
Məktəbdə uşağa tənqidi düşünmə öyrədilməlidir. Dini maarifləndirmə savadlı, mötəbər və müasir dillə, savadlı, elmi əsaslı, sadə və gündəlik həyatla bağlı aparılmalıdır. Saxta “ocaqların”, “ekstrasenslərin”, falçıların, ruh çağıranların insanları necə aldatdığı konkret nümunələrlə göstərilməlidir. Eyni zamanda insanlar real problemləri üçün hüquqi, tibbi, psixoloji və sosial yardım kanallarını bilməlidirlər... İnsan bilməlidir ki, xəstəliyin müalicəsi falçıda yox, həkimdə; hüquqi problemin həlli “görücü”də yox, dövlətin işləməli olan qanununda, Konstitusiyasındadır; ailə probleminin həlli sehrbazda yox, sağlam ünsiyyətdədir...
Maraqlıdır ki, falçılığa münasibətdə İslam tək deyil. Tövrat ənənəsində də mediumlara və ruh çağıranlara müraciət qadağan edilir. Levililər 19:31-də medium və ruh çağıranların axtarılmaması əmr olunur; Qanunun Təkrarı 18:10–12-də isə falçılıq, sehr, cadu və ölülərdən xəbər almaq qadağan edilən əməllər sırasında sadalanır.
Din xadimi də insanı qorxudaraq özünə bağlamamalı, onu Allaha bağlamalıdır...
Çünki möminə “mən sənin haqdaqeybi bilirəm” deyən adamla “qeybi yalnız Allah bilir” deyən din anlayışı arasında yerlə-göy qədər fərq var...
Ən əsası isə valideynlər övladlarına bunu öyrətməlidir: taleyinizi falçıya tapşırmayın... Sizdən pul alıb gələcəyinizi “görən” adam sizin gələcəyinizi yaratmır. Sizin sabahınız onun kartında, qəhvə fincanında, əl falında, qoroskopunda və ya “ruh çağırma” seansında deyil.
Və yazımızı Qurani-Kərimin bir xəbərdarlığı ilə bitirək:
“Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı, fala baxdırmağı və s.) əmr edər...” (Nur, 24:21)
Şeytanın addımlarından biri də insanı Yaradanından uzaqlaşdırıb falçının qapısına aparmaqdır.
O qapını döyməyin!..
Elə isə səhər gözümüzü açanda ilk ünvanımız falçı, qoroskop, “görücü” yox, Rəbbimiz olsun. Çünki insanın sabahını “gördüyünü” iddia edən çoxdur, amma sabahı Yaradan birdir...