“Gündə 10 yeni mahnı eşidirik, amma heç biri yadda qalmır. Tez-tez zəng edib deyirlər ki, “Firəngiz xanım, bu mahnıya qulaq asın, fikirlərinizi bildirin, necədir?”. Onlara deyə bilmirəm ki, mən gündə 100 belə mahnı eşidirəm. Artıq onları bir-birlərindən ayırmaq da mənə çox çətindir. Şəxsən mən ayıra bilmirəm. O vaxt ildə iki mahnı çıxırdı, onları hamı əzbərləyirdi. Çünki hər yerdə ifa olunurdu, göstərilirdi, həmin bəstəkar da məşhurlaşırdı”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.
O daha sonra əlavə edib:
“Bu gün hamı bəstəkardır. Yerindən duran deyir ki, “mən bəstəkaram”. Hər birinin də süni intellekt qrupu var. Onlar düyməyə basırlar, aranjiman olunur, bir mahnı 5-6 müxtəlif versiyada təqdim olunur. Melodiya gözəl də ola bilər, gözəl olmaya da bilər. Artıq melodiyalar da, intonasiyalar da tükənib. Biz 30 il bundan əvvəl gözəl intonasiya eşidəndə deyirdik ki, “ay, nə gözəldir”. İndi artıq hər şeyi eşitmişik. Yeni heç nə yoxdur. Yaddaqalan nəsə yoxdur. “Kubik-rubik” kimidir. Onları aşağıda da qoymaq olar, qarışdırıb yuxarı da. Təəssüflər olsun” deyə o bildirib.