Sentyabrın 18-də dünyasını dəyişmiş general-mayor İsgəndər Allahverdiyev müstəqil Azərbaycanın dövlət sərhəd mühafizə sisteminin formalaşdırılmasında mühüm xidmətləri olan hərbçilərdən biridir. O, 1991-ci ildə yaradılan Dövlət Sərhədi Mühafizə Komitəsinin ilk sədri, sonrakı illərdə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları Baş İdarəsinin rəisi və Sərhəd Qoşunlarının ilk komandanı vəzifələrində xidmət edib. O, ilk sərhədçi generalımız olub...





İlk komandanla müstəqilliyin ilk illərindən çiyin-çiyinə çalışmış Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, polkovnik Sucəddin Abdullayev İsgəndər Allahverdiyevlə bağlı xatirələrini Moderator.az-la bölüşüb.
 
Yaxşı yadımdadır. 1991-ci ildə, müstəqilliyimizin bərpasından sonra Dövlət Sərhədi Mühafizə Komitəsi yaradıldı. Bu barədə “Azərbaycan” qəzetində məlumat dərc olunmuşdu. Qəzetdə yazılmışdı ki, belə bir komitə yaradılıb və onun sədri vəzifəsinə polkovnik İsgəndər Allahverdiyev təyin olunub. İsgəndər müəllim özü də müraciət edərək Komitənin hərbçilərə ehtiyacı olduğunu bildirmişdi.
 
O vaxt mən sənaye-tikinti sahəsində çalışırdım. Amma gənclik illərindən hərbçi olmağa böyük həvəsim vardı və artıq hərbi xidmətdən və ali məktəbi bitirdikdən sonra zabit rütbəsi almışdım. Həmin yazını oxuduqdan sonra dərhal Komitəyə getdim. Məni Komitə sədrinin müavini Arif Əliyarov qəbul etdi və sonra İsgəndər Allahverdiyevin yanına apardı.
 
İlk söhbətimizdən İsgəndər müəllim mənə həm ciddi, öz işinə son dərəcə məsuliyyətli, nizam-intizamlı bir hərbçi, polkovnik, həm də qayğıkeş insan və rəhbər təsiri bağışladı...
 
Beləliklə, İsgəndər Allahverdiyev məni həmin Komitədə işə götürdü. Mən əvvəlcə şöbə müdiri, daha sonra isə mühafizə işləri üzrə Komitə sədrinin müavini vəzifəsində çalışdım. Biz 1994-cü ilə qədər birlikdə işlədik.
 
O zaman Komitənin birinci müavini Arif Əliyarov da sərhədlərimizin qurulması, sərhəd qoşunlarımızın formalaşdırılması istiqamətində böyük işlər görürdü. Ancaq Dövlət Sərhədi Mühafizə Komitəsinin yaradılması və onun bütün strukturlarının formalaşdırılması məsələsində əsas yük, sözsüz ki, İsgəndər Allahverdiyevin üzərində idi. Komitənin strukturunu, nizamnaməsini, əsasnamələrini və digər sənədləri, demək olar ki, hamısını özü hazırlayırdı. O dövrdə bu, heç də asan məsələ deyildi. Müstəqil dövlətin sərhəd mühafizə sisteminin faktiki olaraq yenidən qurulmasından söhbət gedirdi.
 
Mən onun otağına girəndə bəzən mənə operativ tapşırıqlar verirdi. Əlavə sual verəndə isə deyirdi:
 
“Şucəddin, indi vaxtım yoxdur. Bu sənədləri təcili hazırlayıb Milli Məclisə aparmalıyam, Prezidentin tapşırığını yerinə yetirməliyəm. Əlavə məsələləri sonra danışıb həll edərik”.
 
İsgəndər müəllim daim iş başında idi. Bir sənəddən digərinə keçir, yeni yaradılan strukturun fəaliyyət istiqamətlərini müəyyənləşdirir, qarşıya çıxan problemlərin həlli ilə məşğul olurdu. Həmin dövrdə dövlət sərhəd mühafizə sisteminin əsaslarını yaratmaq üçün çox böyük iş görülürdü.
 
Sonralar struktur dəyişiklikləri aparıldı, Dövlət Sərhədi Mühafizə Komitəsinin adı və statusu dəyişdirildi, Sərhəd Qoşunları Baş İdarəsi yaradıldı. Bu struktur sonrakı mərhələdə Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərdi. İsgəndər Allahverdiyev də eyni zamanda Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsinə təyin edildi.
 
Sərhəd Qoşunları Baş İdarəsinin  əsasnaməsi, nizamnaməsi, sərhəd-keçid məntəqələri ilə bağlı qaydalar və digər sənədlərin hazırlanmasında İsgəndər Allahverdiyevin böyük əməyi oldu.
 
Çox hərəkətli, enerjili və işgüzar adam idi.
 
İsgəndər Allahverdiyev bu vəzifəyə gəlməmişdən əvvəl keçmiş DTK-da rəhbər vəzifələrdə çalışmışdı. Böyük təcrübəyə malik zabit idi. Həm işinə tələbkar yanaşırdı, həm də tabeliyində olan insanların qayğısına qalırdı. Mən onu ilk gündən belə tanımışam.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. İsgəndər Allahverdiyev sonralar Sərhəd Qoşunlarının ikinci komandanı olmuş, bu yaxınlarda dünyasını dəyişən general-mayor Abbasəli Novruzovun yetirməsi olub. Abbasəli Novruzov hələ sovet dövründə Lənkəran sərhəd dəstəsində kəşfiyyat rəisi işləyərkən, İsgəndər Allahverdiyev də həmin dəstədə leytenant rütbəsində xidmət edib.
 
Taleyə bax ki, əvvəl Abbasəli Novruzov, az sonra isə İsgəndər Allahverdiyev dünyasını dəyişdi. Və bu gün hər ikisi Hərbi Memorial Məzarlıqda yan-yana uyuyur. Bu da onların uzun illər davam edən sərhədçi-hərbçi yolunun, bir-biri ilə bağlı talelərinin qəribə bir sonluğu oldu.
 
...O da yadımdadır ki, 1993-cü ildə Əlikram Hümbətovla bağlı hadisələr başlayanda mənim yanımda general-mayor İsgəndər Allahverdiyev o vaxt Ali Sovetin sədri kimi Prezident səlahiyyətlərini icra edən Heydər Əliyevə zəng edərək dedi:
 
“Heydər müəllim, bu məsələ artıq böyüyür”.
 
Heydər Əliyev isə cavab verdi:
 
“Heç bir şey böyüyə bilməz. Hər şey nəzarətimiz altındadır”.
 
Həmin vaxt bu barədə İsgəndər müəllimə Lənkəran sərhəd dəstəsinin komandiri Rasim Canməmmədov məlumat vermişdi. O, zəng edərək bildirmişdi ki, Əlikram Hümbətov adlı şəxs dəstə yaradır, ayrıca silahlı qrup formalaşdırmağa çalışır.
 
Beləliklə, Əlikram Hümbətovun fəaliyyəti ilə bağlı məsələni ölkə rəhbərliyinə həmin vaxt açıq şəkildə ilk məruzə edənlərdən biri məhz İsgəndər Allahverdiyev olmuşdu.
 
Rəhmətlik general-mayor İsgəndər Allahverdiyev Azərbaycan sərhəd mühafizə sisteminin ən çətin və məsuliyyətli ilk illərində bu işin qurulmasında iştirak etmiş, dövlət sərhədinin qorunması sisteminin formalaşdırılmasına böyük əmək vermiş bir general idi.
 
Onunla ilk illərdən çiyin-çiyinə çalışmış bir zabit kimi deyə bilərəm ki, general-mayor İsgəndər Allahverdiyev özündən sonra böyük bir xidmət təcrübəsi, zəngin bir sərhədçi-hərbçi məktəbi və xoş xatirələr qoyub getdi.
 
Allah rəhmət eləsin!.."
 
Moderator.az