Yuxu zamanı hətta zəif işığa məruz qalmaq ürək fəaliyyətində dəyişikliklərlə və ürək çatışmazlığı riskinin artması ilə əlaqəli ola bilər.


“European Heart Journal”da dərc olunan araşdırmada Böyük Britaniyadan 11 mindən çox insan iştirak edib. İştirakçılar bir həftə ərzində yuxu zamanı işıq səviyyəsini ölçən bilək sensorlarından istifadə ediblər.






Moderator.az xəbər verir ki, bu barədə “Prevention” nəşri yazıb.


Sonrakı müayinələr göstərib ki, gecələr daha çox işığa məruz qalan insanların ürəyində bəzi struktur dəyişiklikləri müşahidə olunub. Xüsusilə sol mədəciyin qalınlaşması və ürəyin normal boşalmasında çətinlik əlamətləri qeydə alınıb.


Araşdırmada 3 lüksdən yuxarı işıq səviyyəsi diqqət çəkib. Belə işıq telefon ekranından, gecə lampasından və ya dəhlizdən otağa düşən işıqdan yarana bilər.


Uzunmüddətli müşahidələr zamanı gecə daha çox işığa məruz qalan qrupda ürək çatışmazlığı riskinin 29 faiz daha yüksək olduğu bildirilib.


Kardioloqlar hesab edirlər ki, mümkün səbəblərdən biri gecə işığının yuxu keyfiyyətini və sirkadian ritmi pozmasıdır. Bu isə qan təzyiqi, maddələr mübadiləsi və digər bioloji proseslərə təsir göstərə bilər.


Mütəxəssislər yatarkən lazımsız işıq mənbələrini azaltmağı, telefon və digər cihazları yataqdan uzaq saxlamağı, qalın pərdələrdən və lazım gəldikdə yuxu maskasından istifadə etməyi məsləhət görürlər.


Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr gecə işığının birbaşa ürək xəstəliyinə səbəb olduğunu sübut etmir. Söhbət müşahidə olunan əlaqədən gedir və bu sahədə əlavə araşdırmalara ehtiyac var.