Bəzi tarixlər var ki, onlar sadəcə xatırlanmır — qürurla yaşanır. 19–20 sentyabr 2023-cü il Azərbaycan xalqının yaddaşına məhz belə bir tarix kimi həkk olunub. Bu tarix Azərbaycanın ərazi bütövlüyü uğrunda illərlə davam edən mübarizənin, Vətən müharibəsində qazanılan Böyük Zəfərin və şəhidlərimizin qanı ilə yazılan qəhrəmanlıq salnaməsinin suverenliklə tamamlandığı günlər oldu. 19 sentyabrda Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirləri ilə yeni tarixi mərhələnin əsası qoyuldu.
Həmin günlər milli iradənin, dövlət suverenliyinin və tarixi Zəfərin rəmzinə çevrildi. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin Vətən qarşısındakı şərəfli borcu bu tarixin yaddaşımızdakı yerini daha da möhkəmləndirdi. Qarabağda üçrəngli bayrağımızın dalğalanması ilə illərlə həsrətində olduğumuz tarixi ədalət bərpa edildi və Azərbaycanın yeni siyasi-hüquqi reallığı formalaşdı.
Bəs, bu tarixi dönüşü zəruri edən səbəblər nələr idi və Qarabağda antiterror əməliyyatı niyə qaçılmaz oldu?
Mövzu ilə bağlı Moderator.az-a danışan Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Qarabağda antiterror əməliyyatını keçirmək ona görə zəruri idi ki, erməni faşistləri oranı terror yuvasına çevirmişdilər:
"Ermənistanın işğalçı ordusu 44 günlük savaşda darmadağın edildikdən sonra onun tör-töküntüləri Xankəndi və ətrafında cəmlənmişdi.
Azərbaycan dəfələrlə 44 günlük savaşdan sonra sülhməramlı qüvvələr kimi Qarabağda yerləşmiş Rusiya hərbi kontingentinin, Ermənistanın rəhbərliyinə ərazinin terrorçulardan təmizlənməsinin vacibliyi barədə xəbərdar etsə də, nəticəsi olmadı.
Əksinə, Ermənistandan Qarabağa silah və mina daşınmasına dair təkzibedilməz faktlar aşkarlandı. Azərbaycanın bundan sonra antiterror əməliyyatı keçirməkdən başqa yolu qalmadı.
Azərbaycan bütün hərbi əməliyyatlar zamanı dinc insanların qorunması üçün mümkün olan hər şeyi etdi. Prezident Qarabağda yaşayan erməni sakinlərə dəfələrlə müraciət etdi ki, Azərbaycan vətəndaşları kimi Qarabağda qalıb daha təhlükəsiz və daha firavan həyatlarını yaşaya bilər.
Amma onlar zamanla onlara qucaq açmış o torpaqların əsl sahiblərinə xəyanət etdikləri üçün bölgəni könüllü tərk etdilər. 20 sentyabr tariximizin ən şanlı səhifələrindən biri oldu.
Bu münasibətlə Sizi və oxucularınızı, bütün xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Azərbaycanımızı qorusun!
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor