Gələn il ölkəmizdə müdafiə və təhlükəsizlik xərclərinin 1,1% artırılacağı gözlənilir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov müdafiə və təhlkəsizlik xərclərinin artmasının zərurətdən irəli gəldiyini vurğulayıb:
“Müasir dünyada hərbi və siyasi durumun gərgin dövründə bütün ölkələrin öz təhlükəsizlikləiərini qorumaq üçün hərbi büdcələrini artırdığı açıq görünür. Azərbaycan bu məsələdə öndə gedən ölkələrdən olmaqla yanaşı, beynəlxalq aləmdə artan nüfuzu ilə hərbi cəhətdən güclü olmaq məcburiyyətindədir. Hərbi büdcənin əhəmiyyətli dərəcədə artırılması məsələsi regional və beynəlxalq durumun gərginləşmə ehtimallarının böyük olduğu dövrə təsadüf edir.
Məsələ heç də Azərbaycana qarşı hansısa hərbi təxribat və ya təhdidlərdən getmir. Azərbaycan hərbi gücünü artırmaqla çəkindirici güc formalaşdırır. Bu, eyni zamanda, Azərbaycanın müttəfiqlərinin də təhlükəsizliyi üçün edilir. Çünki Azərbaycanın hərbi müttəfiqləri vardır və onlarla qarşılıqlı müdafiə məsələləri Azərbaycanın da güclü olmasını şərtləndirir.
Hesab edirəm ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələsinin bir nömrəli məsələ olaraq qalması zamanın tələbidir. Azərbaycan ilk növbədə təhlükəsizlik məsələsində özünə güvənir, öz ordusuna, öz təhlükəsizlik qüvvələrinə arxayın olur. Təbii ki, müttəfiqləri də bunda ona dəstək olur”.
Seymur ƏLİYEV