Zelenskidən Moskvaya zərbələr haqqında xəbər: "Nəhəng neft və logistika obyektlərini vurduq"
20 Sep 2026, 14:34 34 baxış 2 dəq oxuma
Ukrayna Prezidenti Volodimir Zelenski bu gecə Moskva vilayətindəki strateji hədəflərə qarşı uzaq mənzilli silahlarla uğurlu zərbələrin endirildiyini bəyan edib.
Moderator.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.
Zelenski bildirib ki, hücum nəticəsində Rusiya neft sənayesinin əsas müəssisələrindən biri və hərbi loqistika obyekti ciddi zədələnib: "Bu gecə Moskva regionunda bizim uzaq mənzilli vasitələrimiz çox hiss olunacaq dərəcədə işlədi. Təcavüzkarın neft sənayesinin əsas müəssisələrindən biri və loqistika obyekti vurulub. Bu, onların hərbi maşınını saxlayan milyardlarla dollarlıq resursdur. Əməliyyatda xüsusilə 'FP-1', 'RZ-100', 'MICH-2000', 'Palyanıtsya', 'Vendetta', 'Lyutıy', 'Bars', 'Flaminqo', 'Siçen' və 'Pelican' kimi uzaq mənzilli PUA və raket sistemlərindən istifadə olunub".
Ukrayna prezidenti dəqiqliyə görə Təhlükəsizlik Xidmətinə (SXU), Xüsusi Əməliyyat Qüvvələrinə, Müdafiə Kəşfiyyatına (QUR) və Xarici Kəşfiyyat Xidmətinə minnətdarlığını bildirib, həmçinin Voronej vilayətindəki digər bir müəssisəyə də zərbələr endirildiyini qeyd edib.
Sonda Zelenski Moskva rəhbərliyinə müraciət edərək siyasi iradə nümayiş etdirməyə çağırıb: "Moskva digər regionların hesabına paytaxt ətrafında çoxeşelonlu HHM halqaları qurmaqla məşğul olmaq əvəzinə, öz qəddar müharibəsini dayandırmalı və sülhü seçməlidir. Masanın üzərində deeskalasiya üçün — xüsusilə energetika və ərzaq təhlükəsizliyi sahəsində konkret addımlar var. Sadəcə siyasi iradə lazımdır".