“Necə ola bilər ki, insan anası, bacısı, qardaşı, həyat yoldaşı, övladı üçün yaşamasın?!” - Ceyran Rəhimova - ÖZƏL+FOTO
21 Sep 2026, 09:06 29 baxış 3 dəq oxuma
Tanınmış və sevilən teleaparıcı Ceyran Rəhimova doğum gününü qeyd edib.
Moderator.az-a özəl açıqlama verən aparıcı qeyd edib ki, hər yaşın özünəməxsus gözəlliyi var:
“Müəyyən yaşdan sonra insan daha da ahıllaşır, müdrikləşir. Ötən illərə nisbətən fərqli olur və sonrakı illəri daha da məsuliyyətlə yaşayır. Hər il də arzuladığım budur ki, Allah sevdiklərimi, doğmalarımı, millətimizi qorusun. Hər il məni sevənlərdən təbrikləri qəbul edirəm. Onlar ildə bir dəfə, həmin gün məni nə qədər çox sevdiklərini, mənə nə qədər dəyər verdiklərini xatırladırlar. Doğum günüm mənim ən xoşbəxt və bəxtəvər olduğum gündür. Ad günümü ailə üzvlərimlə bərabər ən yaxınlarımla, illərin sınağından çıxmış dostlarımla birlikdə qeyd edirəm. Bu il məni ilk təbrik edən əziz dostum Təranə Qumral oldu. Gecə saat 12-ni keçən kimi Təranə Qumral qızı Sevgim və Musa Musayevlə birlikdə mənə sürpriz edərək bağ evimdə gəlib təbrik etdilər. Çox sağ olsunlar, var olsunlar. Məni sevənləri Allah da sevsin”.
Ceyran Rəhimova “həyatı özüm üçün yaşamadım” fikri ilə razılaşmadığını bildirib.
“Özün üçün yaşamaq nə deməkdir?! İnsan qayğılarla yaşayanda, kiməsə diqqət göstərəndə, doğmaları ilə həyatını bölüşəndə xoşbəxt olur. Şəxsən mən beləyəm. Bu sadaladıqlarım mənim həyatımın bir hissəsidir. Bu elə özün üçün yaşamaq deməkdir də. Necə ola bilər ki, insan anası, bacısı, qardaşı, həyat yoldaşı, övladı üçün yaşamasın?! Axı bunların hamısı bizimdir. Bizim deyil?! Ana da mənimdir, bacı da mənimdir, övlad da mənimdir, həyat yoldaşı da mənimdir. O insanın ki, adının qarşısında “mənim” sözü var, biz məcburuq ki, həmin doğmalarımızı nəzərə alıb həyatımızı yaşayaq. İnsan öz doğmaları üçün də yaşamalıdır, özünə də vaxt ayırmalıdır. Nə xoş ki, bizim həyatımızda ailəmiz, dostlarımız, doğmalarımız, əzizlərimiz var. Demək ki, bizim həyatımızın mənası var. Allah bütün itirdiyimiz əzizlərimizə rəhmət etsin. “Özüm üçün yaşamadım” sözü mənim üçün yad bir anlayışdır”, - deyə o bildirib.