"Fəxri Xiyabanda Azərbaycanı satanların qəbrində hələ də yazılırsa ki, "Müsavat cəlladları tərəfindən qətlə yetirilib..."
21 Sep 2026, 11:31 28 baxış 6 dəq oxuma
"Deyəsən, Bakıda hələ də Rusiya imperiyasına nökərçilik etmiş 26 Bakı komissarlarının məzarlarını ziyarət edənlər var..."
"Onlar mütləq nəzarətə alınmalıdırlar..."
Yəqin, indiki gənc nəsil nümayəndələrinin çoxu bilmir ki, artıq 3-cü ildir ki, Dövlət Suverenliyi Günü kimi qeyd etdiyimiz əlamətdar günü – 20 sentyabrı sovet dövründə Azərbaycanda Rusiya imperiyasına nökərçilik etmiş, qatil daşnak Şaumyanın başçılığıyla Bakıdakı 31 mart 1918-ci ildən başlanan soyqırımlara, qətliamlara və s. ruh vermiş, ən azı buna susmuş “26 Bakı komissarı” adlanan xainlərin “xatirə günü kimi” qeyd edilirdi...
...1918-ci ilin sentyabrında daşnak-bolşevik rejiminin süqutundan sonra qaçmağa çalışan 26 Bakı komissarı Xəzər dənizində həbs edilərək Krasnovodska aparılmış və sentyabrın 20-də Ağcaqum çölündə güllələnib. Sovet hakimiyyəti illərində bu şəxslər "qəhrəman" elan edilmiş, cəsədlərinin qalıqları Bakının mərkəzinə gətirilərək şərəflərinə Sahil bağında möhtəşəm bir memorial kompleks ucaldılıb. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra arxiv sənədləri bu şəxslərin əslində Azərbaycan xalqına qarşı törədilən Mart soyqırımında və milli dövlətçiliyə qarşı fəaliyyətlərdə birbaşa iştirak etdiyini sübuta yetirmişdir. Bu tarixi həqiqətlər işığında 2009-cu ilin yanvarında Bakının mərkəzindəki heykəllər sökülmüş və komissarların məzarları şəhər kənarındakı Hövsan qəbiristanlığına köçürülmüşdür. Köçürülmə zamanı aparılan ekskumasiya prosesində məzardan 26 yox, yalnız 23 nəfərin qalıqları çıxmış, erməni rəhbər Stepan Şaumyan və daha iki nəfərin cəsədinin orada olmadığı rəsmən təsdiqlənmişdir. Dövlət və cəmiyyət səviyyəsində bu şəxslərə münasibət tamamilə mənfi olsa da, köçürülmədən sonra da marqinal solçu qruplar tərəfindən müəyyən addımlar atılmışdır. Xüsusilə 2009, 2011, 2015 və 2017-ci illərin sentyabr ayında — komissarların güllələnmə ildönümlərində — Azərbaycandakı bəzi kiçik kommunist qrupları Hövsandakı yeni məzarlığı gizlicə və ya fərdi şəkildə ziyarət etmişlər. Xəbər resurslarında fotoları yayılan bu ziyarətlər ölkə daxilində hər dəfə kəskin etiraz və ictimai qınaqla qarşılanmışdır. Bu təxribat xarakterli cəhdlər müstəqil Azərbaycan dövlətinin rəsmi tarixi yaddaşına və xalqın milli hisslərinə qarşı hörmətsizlik kimi qiymətləndirilir...
Nə yazıqlar ki, sözügedən xain məzarlarının bu il sentyabrın 20-də də ziyarət edilmiş ola bilməsi haqda ehtimallar ortaya çıxıb. Bu haqda sosial şəbəkədə istifadəçi Baba Allahnəzərov məlumat verib.
Moderator.az aktuallığını nəzərə alaraq həmin şərhi kiçik ixtisarla dəyərli oxucuların nəzərinə çatdırır:
“Bildiyiniz kimi, 26 Bakı komissarı Türkmənistanın Ağcaqum çölündə güllələnmişdi. Bəs bilirsiz, 26-lar bağından çıxarıldıqdan sonra onlar harda dəfn olunublar.?!
Bura Hövsan qəbiristanlığıdır...26 Bakı komissarlarının (əslində isə 23) sonuncu dəfn olunduğu yeri kimi tanınır. Onlar 12 yanvar 2009-ci ildə bura köçürülüblər. 23 ədəd əhəngdaşı sütun quraşdırılsa da, qəbirlərin kimə aid olması məlum deyil. Çünki onlarım üzərində işarə yoxdur. Heç nömrələmə də yoxdur. Hətta deyim ki, buranı tapmaq asan olmadığından çox vaxt bələdçiliyi buradakı gülsatanlar edirlər…
Maraqlıdır ki, hələ də hər il "onlar"ı ziyarət edənlər var və mən də dəqiq bilmirəm ki, onlar kimlərdir: ermənilərdir, gürcülərdir, yoxsa burada yaşayan qohum -əqrabaları, bəlkə də "fanatikl"əridir?..
Bu gün bu qəbiristanlığı ziyarət edənlər olsa, mən buna qətiyyən şübhələnmərəm. Məgər kommunist cildində olan rusbaşlar Bakıda təmsil olunmurlar!? Onlar İşarəni şimaldan gözləmirlər!? Yoxsa, hələ də bütün işlərimizə pəl vuranlar SSRİ-ni arzulayanları tanımırıq?! Ramiz Mehdiyevlər və digərləri, onun qulbeçələri Kremli, imperiyanı təmsil etmirlərmi?!.
Bəli, illər ötsə də günün bu günündə, saatında belə, bu qəbiristanlğa gələn və açıq-açığına kommunist olduqlarını iddia edən bu rusbaşlar, danışıqlarında Şaumyanın da təmsil olunduğu komissarları Azərbaycanın qəhrəmanları kimi təqdim etməkdən belə, çəkinmirlər!.. Onlar hələ də sandıqlarında Stalinin - Leninin büstünü, şəklini sovet pasportunu saxlayan adamlardırlar. Onlar mütləq nəzarətə alınmalıdırlar, çünki bu insanlar bir gün Şimaldan gələn hər bir terror tapşırığını özlərindən qabaqkı satqınlar kimi daha artıq canla-başla yerinə yetirəcəklər. Bu canlı minalar əllərinə imkan düşsə, “İŞİD”-ın başkəsənlərindən də pis olacaqlar...
...Bu gün biz hər bir azərbaycanlıya necə izah edək ki, sənin mövcudluğunun əsas səbəbkarı Nuru Paşa və Qafqaz İslam Ordusudur ? Əgər Fəxri Xiyabanda Azərbaycanı Rusiyaya satan Əli Bayramovun qəbri üstündə hələ də yazılırsa ki, "Müsavat cəlladları tərəfindən qətlə yetirilib" və insanlar da bir şeyin mahiyyətini anlamayıb, arxasınca gedirlərsə, kimdir günahkar:
Sənmi ? Mənmi? Bizmi? Onlarmı?
Lap filmdəki, kimi "Sükut ediyorsuz?"...”
Doğrudan da, B.Allahnəzərovun qeyd etdiyi kimi, Azərbaycan paytaxtının Fəxri Xiyabanında hələ də 1920-ci ildə ilk demokratik cümhuriyyətimizin, dövlətimizin Rusiya imperiyası tərəfindən işğal edilməsinə canla-başla xidmət göstərmiş neçə-neçə bolşevik inqilabçının məzarı var... Son onilliklərdə media bu haqda haray qaldırsa da, müvafiq qurumlar belə məzarların köçürülməsi üçün heç bir tədbir görmür...