Atropatena və Qafqaz Albaniyasının tarixinə yenidən baxmaq niyə vacibdir? — Həsən Həsənovdan diqqətçəkən açıqlamalar
21 Sep 2026, 15:50 27 baxış 3 dəq oxuma
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə media nümayəndələri üçün “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə tarix elmləri doktoru Həsən Həsənov Qafqaz Albaniyasının dövlətçilik ənənələri, mənşəyi, dini və mədəni irsi, eləcə də regionun tarixindəki rolu barədə məruzə ilə çıxış edib.
Məruzədə tarixi sənədlər və müxtəlif mənbələr əsasında Albaniyanın Azərbaycan dövlətçilik tarixindəki yeri məsələsinə toxunulub. Həsən Həsənov, həmçinin Azərbaycan dövlətçiliyinin qədimliyi ilə bağlı sovet tarixşünaslığı dövründə formalaşmış bəzi təsəvvürlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tarixçi Atropatena ilə Qafqaz Albaniyasının tarixinin sovet dövründə necə təqdim olunduğuna da münasibət bildirib. Onun sözlərinə görə, həmin yanaşmaya əsasən, Atropatena dövləti e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyası dövründə meydana çıxıb. Bu baxışda hər iki dövlətin təxminən eyni tarixi mərhələdə formalaşdığı və aralarında tarixi-siyasi bağlılığın olmadığı qəbul edilib.
Həsən Həsənov məsələ ilə bağlı fikirlərini belə ifadə edib:
“Albaniya doğma dövlətimiz olub və bu dövlətimizin işinə qarşı göz tikənlər var. Əsas söhbət bizim tariximizdən, xüsusilə də Azərbaycan dövlətçiliyinin qədimliyindən gedir. Bu məsələdə sovet tarixşünaslığından bizə miras qalan bəzi yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır.
Sovet dövründə geniş qəbul edilmiş yanaşmaya görə, Atropatena dövləti e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyası dövründə meydana çıxıb. Yəni buna əsasən, Atropatena ilə Qafqaz Albaniyası təxminən eyni tarixi dövrdə yaranmış, müstəqil dövlət qurumları olub. Nəticədə onların arasında hər hansı tarixi və siyasi bağlılığın olmadığı fikri formalaşıb”.
Seminarın interaktiv hissəsində iştirakçıların sualları cavablandırılıb, tarixi mövzuların media vasitəsilə təqdimatında elmi mənbələrə və dəqiq faktlara əsaslanmağın əhəmiyyəti müzakirə olunub.
Tədbirin əsas məqsədi media nümayəndələrinin Qafqaz Albaniyasının tarixi və mədəni irsi barədə məlumatlılığının artırılması və bu istiqamətdə hazırlanan materiallarda elmi yanaşmanın təşviq edilməsidir.