“O, sübut etdi ki, anası savadsız olan millətin balası qəhrəman ola bilməz…”
 




“Bu gün bəzi Qərb institutlarının fəxr etdiyi "multidissiplinar" yanaşmanı Nəvvab hələ 1899-cu ildə Şuşada reallaşdırmışdı…”
 
“İndən belə bu torpaqlarda heç kəs elmsizlik, mənəviyyatsızlıq, nadanlıq, cahillik toxumlarını cücərdib ruhumuza hakim etməyə əbəs cəhd göstərməsin!..”
 
…XIX əsrin sonlarında çar Rusiyasının imperialist pəncəsi altında inləyən, eyni zamanda həmin və digər imperiyaların plan və ssenarilərinə uyğun formalaşan erməni məkrinin kölgə salmağa çalışdığı Qarabağ torpağında elə bir mədəniyyət, elə bir maarifçilik dalğası yüksəlirdi ki, onun qarşısını heç bir inzibati-siyasi divar kəsə bilməzdi. Bu elmi və mənəvi rüşeymin tam mərkəzində, Şuşanın daş küçələrində addımlayan, təkcə öz dövrünün yox, həm də gələcək əsrlərin vizyonunu cızan bir dahi dayanırdı: şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab Qarabaği... Onun Şuşada qurduğu məktəb sadəcə bir təhsil ocağı deyil, köhnəlmiş Şərq fərziyyəçiliyi ilə donuqlaşmış beyinləri sındıran, millətin genetik yaddaşını dünyəvi elmlərlə formatlayan bir intibah hərəkatı idi. Nəvvabın bu fəaliyyəti Şuşada ondan əvvəl və onunla eyni dövrdə çalışan Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov, Camal bəy Fətəlibəyov, Firudin bəy Köçərli və digər maarifçi ziyalıların fəaliyyəti ilə birgə Qarabağ maarifçilik mühitinin mühüm dayaqlarından birini təşkil edirdi... 

...Nəvvab o dövrdə Şuşada təhsil islahatı aparanda, imperiyanın canişinləri yerli xalqı sadəcə itaətkar bir kütlə kimi görmək istəyirdilər. Lakin Nəvvabın fəlsəfəsi fərqli idi: savadsız millət məhkumdur, elmli millət isə qalib!..
 
Mollaxana buxovlarından dünyəvi üfüqlərə…
 
"Üsuli-cədid" inqilabı1890-cı illərin ortaları Şuşa üçün təkcə qlobal ticarət və klassik musiqi mərkəzi statusu daşımırdı. Bura həm də böyük fəlsəfi toqquşmaların meydanı idi. Ənənəvi mollaxanalarda uşaqların saatlarla, günlərlə mənasını anlamadıqları mətnləri kor-koranə əzbərləməsi, fələqqə cəzası və qaranlıq hücrələr Nəvvabı ciddi şəkildə narahat edirdi. Dahi alim başa düşürdü ki, bu gedişatla millətin gələcəyini qorumaq qeyri-mümkündür. Beləcə, o, Şuşada özünün məşhur "yeni üsullu" (üsuli-cədid) məktəbini təsis etdi. Bu məktəb Azərbaycan təhsil tarixinə Şuşanın intellektual vizit kartı kimi daxil oldu. Nəvvabın məktəbi ilə yanaşı, həmin dövrdə Şuşada Camal bəy Fətəlibəyovun 1893-cü ildə açdığı xüsusi oğlan məktəbi və 1881-ci ildən fəaliyyət göstərən Şuşa Realnı Məktəbi də yeni təhsil mühitinin formalaşmasına xidmət edirdi…
 
Nəvvab mühitə hansı sarsıdıcı yenilikləri gətirdi? Parta və lövhə sistemi:
 
Şagirdlər yerdə, soyuq həsir üstündə deyil, insanın fiziki sağlamlığına və mənəvi ucalığına uyğun qədd-qamətlə partalarda oturdular.
 
Fiziki cəzanın ləğvi:
 
Nəvvab məktəbində şagird qorxu obyekti deyil, hörmətəlayiq bir fərd idi. Cəzanı rəğbət və sevgi əvəzlədi...
 
Səs üsulu (üsuli-sövti):
 
Hərfləri hecalarla deyil, səslərlə öyrətməklə savadlanma müddətini aylardan günlərə endirdi...
 
Şuşada bir kosmik fəza dərsi: Nəvvabın dərslik manifesti...

Bəs bu məktəbdə nə öyrədilirdi? Bu gün bəzi Qərb institutlarının fəxr etdiyi "multidissiplinar" yanaşmanı Nəvvab hələ 1899-cu ildə Şuşada reallaşdırmışdı. Onun öz şəxsi mətbəəsində daş çapı ilə nəşr etdiyi "Kifayətül-ətfal" (Uşaqlar üçün kifayət edən vəsait) dərsliyi təmiz bir elmi manifest idi. Bu dərslikdə uşaqlara təkcə şəriət qaydaları oxudulmurdu. Şuşalı balalar bu kitabdan astronomiyanı – göy cismlərinin hərəkətini, coğrafiyanı – Yer kürəsinin quruluşunu, riyaziyyatı və ən əsası, cəmiyyət içində davranış kodekslərini (etikanı) öyrənirdilər. Təsəvvür edin, Bakıda neft bumu fonunda hələ vəhşi kapital formalaşanda, Şuşanın dağ havasında uşaqlar qlobusa baxıb materiklərin yerini təyin edirdilər. Bu, sadəcə təhsil deyil, imperiyanın göbəyində müstəqil intellektual zona yaratmaq cəsarəti idi... 
 
Nəvvabın məktəbi üçün hazırladığı digər mühüm tədris əsərləri arasında “Kəşfül-həqiqə” (“Kəşkül-həqiqi” kimi də göstərilir), “Nəsihətnamə”, “Nurül-Ənvar” və musiqi sahəsində “Vüzuhül-ərqam” da xüsusi yer tuturdu. Onun yaradıcılıq irsinə “Təzkireyi-Nəvvab”, “Bəhrül-həzan”, “Məzamir”, “Şərhi-üstürlab”, “Şəmsül-hidayə”, “Cəfəri-came-mürtəzevi”, “Müsəyyibnamə” və başqa əsərlər də daxildir…
 
Qadın təhsilinin Şuşa cığırı...
 
Bu gün bizlərin üzərində əsdiyi milli qürur və sarsılmaz kimlik axtarışının tarixi kökləri məhz Nəvvabın bu addımlarında gizlənir. Qadınların cəmiyyətdən təcrid olunduğu, dini fanatizmin tüğyan etdiyi bir dövrdə Mir Möhsün Nəvvab öz qızlarına mükəmməl təhsil verdi. O, sübut etdi ki, anası savadsız olan millətin balası qəhrəman ola bilməz. Nəvvab məktəbi Şuşada qadın maarifçiliyinin ilk vizual və mənəvi örnəyinə çevrildi…
 
Mətbəə, qiraətxana və məktəbin sinergiyası…
 
Nəvvabın məktəbini o dövrün digər subyektiv təhsil cəhdlərindən fərqləndirən əsas cəhət onun institusional xarakter daşıması idi. Məktəb təkbaşına fəaliyyət göstərmirdi. Onun arxasında Nəvvabın qurduğu böyük bir infrastruktur dayanırdı. Bu infrastrukturun ətrafında Şuşanın digər maarifçi ziyalıları — Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Mirzə Rəhim Fəna, Abdulla bəy Asi, Fatma xanım Kəminə və başqaları da ədəbi-mədəni mühitin formalaşmasına töhfə verirdilər….
 
Şəxsi mətbəə…
 
Dərsliklərin kənardan gəlməsinə, çar senzurasına məruz qalmasına ehtiyac yox idi. Nəvvab yazır, Nəvvab çap edir, Şuşa oxuyurdu… Onun daş mətbəəsində Şuşa şairlərinin əsərləri, o cümlədən ədəbi məclislərin məhsulları çap olunurdu. 
 
Qiraətxana (1903):
 
Məktəbi bitirən və ya oxuyan gənclər üçün Şuşada açılan bu qiraətxana regionun ilk kütləvi kitabxanalarından biri idi. Təhsil sadəcə sinif otağında qalmır, Şuşa cəmiyyətinin iliklərinə sızırdı... Qiraətxananın təşəkkülündə Nəvvabın mühüm rolu ilə yanaşı, Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xan və həkim Əbdülkərim bəy Mehmandarov da fəal iştirak etmişdilər. Şuşada ilk şəhər kitabxanasının 1897-ci ildə fəaliyyətə başladığı göstərilir… 
 
Son söz əvəzi:

Şuşa Realnı Məktəbi ilə Nəvvab Məktəbinin ruh birliyi…
 
Bəzən tarixdə Şuşa Real Məktəbini Nəvvab məktəbinə qarşı qoymağa çalışırlar. Bu, tamamilə yanlış və qərəzli bir yanaşmadır. Real Məktəb Avropa tipli, dövlət maliyyəli bir layihə idisə, Mir Möhsün Nəvvab məktəbi bu millətin öz içindən, öz ruhundan çıxan milli intibah layihəsi idi. Biri dövlət idarəçiliyinə məmur hazırlayırdısa, digəri millətin mənəviyyatını qoruyacaq sənətkar, ziyalı və filosof yetişdirirdi… Şuşanın maarifçilik mənzərəsi isə yalnız bu iki məktəbdən ibarət deyildi: Həsənəli xan Qaradağinin, Camal bəy Fətəlibəyovun, Firudin bəy Köçərlinin, Əbdülkərim bəy Mehmandarovun, Haşım bəy Vəzirovun və başqa ziyalıların fəaliyyəti də həmin ümumi mühitin mühüm hissəsi idi… 
 
Bu gün işğaldan azad olunmuş, yenidən dirçələn Şuşanın təhsil strategiyasına baxanda biz Mir Möhsün Nəvvabın vizyonunu görməliyik. Onun 130 il əvvəl əkdiyi maarifçilik toxumları bu gün də Qarabağın intellektual mühitinin əsas sütunu olmalıdır…
 
Oxucularımız üçün bu tarixi ekskurs həm də bir xatırlatmadır: Biz Qarabağı yalnız silahla deyil, həm də Natəvanların, Nəvvabların, Haqveriyevlərin, Hacı Molla Şükürlərin, Xudu Məmmədovların mürəkkəbi, elmi, dini idrakı, partaları, laboratoriyaları, Üzeyir Hacıbəylinin simfoniyaları, üverturarı ilə qorumuşuq, azad etmişik və qoruyacağıq!.. İndən belə bu torpaqlarda heç kəs elmsizlik, mənəviyyatsızlıq, nadanlıq, cahillik toxumlarını cücərdib ruhumuza hakim etməyə əbəs cəhd göstərməsin!..
 
Sultan Laçın
 
Qeyd:

 

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.