“Şəhid anaları dedi ki, “2 saat da olsa dərdimizi unutdurdunuz”, onların ağ saçlarına baxanda ürəyim parçalanır” - FOTO+ÖZƏL
22 Sep 2026, 09:25 20 baxış 3 dəq oxuma
“Sentyabr ayı böyük zəfərimizin başlandığı aydır. Mən də hamı kimi o anları təkrar yaşayırmış kimi həyəcanlıyam. O günləri yadıma salanda pis oluram. Bütün hadisələr, 6 il öncə yaşadıqlarımız gözümün önündən bir lent yazısı kimi keçib gedir. Bir şeyə görə çox sevinirəm ki, artıq torpaqlarımız azaddır. Ölkəmiz suverenliyini əldə edib. Bir Şuşalı kimi bütün bunlar məni sevindirir və fərəhləndirir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.
O daha sonra şəhid anaları ilə görüşündən danışıb:
“3 gün öncə “Varlı qadın” tamaşasını oynadıq. Mən heç bilmirdim ki, həmin tamaşada şəhid analarımız da var. Tamaşa başa çatandan sonra truppa müdirimiz Elnur Məmmədov dedi ki, şəhid anaları sizinlə görüşmək istəyir. Dedim ki, çox böyük məmnuniyyətlə.. Baxmayaraq ki, üzümdən qrimimi də silməmişdim. Otağıma gəldilər, hamısı ilə tək-tək görüşdüm, qucaqlaşdım. Onlar bizə şəhidlərimizin əmanətidir. Hər birinin sinəsində övladlarının şəkilləri var idi. Sanki hər biri doğma idi, əziz idi, onları çoxdan tanıyırdım. Mənə çox böyük sevgi və sevinc bəxş etdilər. Özümü xoşbəxt hiss etdim. Şəhid anaları mənə dualar etdi və dedilər ki, iki saat da olsa siz bizə bütün dərdlərimizi unutdurdunuz. Mən bütün şəhid valideynlərinin, analarının qarşısında baş əyirəm. Tamaşadan sonra çox xoş əhval-ruhiyyə ilə evə gəldim. Təsəvvür edirsiniz, tamaşadan sonra hələ də özümə gələ bilmirəm. Özümü narahat, birtəhər hiss edirəm. Bütün bunlar da keçib gedəcək. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlər ölməz, Vətən bölünməz. Allah şəhidlərimizin valideynlərinə can sağlığı, səbr versin. Onların ağ saçlarına baxanda adamın ürəyi parçalanır. Ölkəmizdə əmin-amanlıq, barışıq, sülh olsun. Heç vaxt müharibə olmasın. Azərbaycanımıza bundan sonra mavi səma arzulayıram”.