“Xosrovla Baləli arasındakı davaya haqq qazandıra bilmərəm. Lazım deyil, belə şeylər olmasa yaxşıdır. Olub keçdi. Mən tapşırmışam onlara, daha belə hallar olmayacaq. Vaxtilə biz də deyişmişik, amma bir-birimizə nəsə atmamışıq. Belə hallar daha çox söz üstündə olur”.
 




Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib.

O daha sonra toy bazarından danışıb:
 
“Toy bazarı tamamilə zəifləyib. Əməlli-başlı zəifçilik özünü göstərir. Restorana meyxanaçı dəvət etmirlər. Çünki restoranda vaxt az qalır. Axşam saat 7-də toy başlayır, 11-də bitir. Həyət toyları da çox az olur. Mən indiyə qədər heç kimə pul deməmişəm. Toy qiyməti insana görə dəyişir. Elə toy var ki, pulsuz gedirəm, elə toy da var ki, pulla iştirak edirəm. Hər cür olur. Bir də görürsən 3 gün toy olmur, elə gün də olur 3 gün ard-arda toy olur. Daha çox əvvəlcədən deyirlər vaxtı, amma bir də görürsən ki, zəng edirlər ki, “toy var, dur gəl”.

Ağamirzə Məmmədov bildirib ki, efirlər ustad meyxanaçıları yada salmır:
 
“Nə Ağasəlim Çıldaq yada düşür, nə Nizami Rəmzi, nə də Molla Məhəmməd. Efirlər onları çox az yada salır. Meyxana folklor janrımızdır, bu kişilər də meyxana sənətinin ağırlığını uzun illər çiyinlərində daşıyıblar. Efirlər özləri yada salmalıdırlar. Mənim buna gücüm çatmır, nəsə edə bilmərəm”.