Fransada qidalanma mədəniyyətini araşdıran dietoloq Ceyn Leveriç gündəlik qidalanma vərdişlərini dəyişə biləcək 5 əsas prinsipi açıqlayıb.
Moderator.az “PureWow”a istinadən xəbər verir ki, dietoloq Ceyn Leveriç Fransada qidalanma yanaşmasının yalnız seçilən məhsullarla deyil, həm də yeməyə münasibət və süfrə mədəniyyəti ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, fransızlar yeməyi sadəcə sağlamlıq göstəricisi kimi deyil, gündəlik həyatın zövq verən hissəsi kimi qəbul edirlər.
Dietoloq Fransada müşahidə etdiyi 5 əsas qidalanma prinsipini diqqətə çatdırıb:
1. Yeməkdən zövq almaq və özünü günahkar hiss etməmək
Leveriç hesab edir ki, qida yalnız orqanizm üçün faydalı olmaqla kifayətlənməməli, həm də insana zövq verməlidir. Sevilən qidalardan tamamilə imtina etmədən onlardan ölçülü şəkildə istifadə etmək yeməkdən daha çox məmnunluq duymağa kömək edə bilər.
2. Sərt məhdudiyyətlər əvəzinə balanslı qidalanma
Dietoloq qidalanmanı müəyyən məhsullardan tamamilə imtina üzərində qurmağı tövsiyə etmir. Onun fikrincə, gündəlik rasion həm orqanizmin ehtiyaclarını qarşılamalı, həm də insanın həyat tərzinə uyğun olmalıdır.
3. Kəmiyyətdən əvvəl keyfiyyətə diqqət yetirmək
Təzə və mövsümi məhsulların seçilməsi, eləcə də yeməklərin hazırlanma üsulu mühüm əhəmiyyət daşıyır. Leveriç hesab edir ki, qidanın keyfiyyətinə diqqət yetirmək onun miqdarını daim azaltmaq cəhdindən daha davamlı vərdişə çevrilə bilər.
4. Qidalanmanı gündəlik rituala çevirmək
Dietoloq yeməyi tələsik, yolda və ya iş masasının arxasında yemək əvəzinə, qida qəbuluna vaxt ayırmağı məsləhət görür. Yeməyin dadına diqqət yetirmək və qidalanma zamanı sakit mühit yaratmaq bu yanaşmanın əsas hissələrindəndir.
5. Yeməyi həyatın zövqlərindən biri kimi qəbul etmək
Leveriç fransızların istifadə etdiyi “joie de vivre” ifadəsini, yəni həyat sevincini xüsusi vurğulayıb. Onun sözlərinə görə, dostlarla birlikdə yemək, yaxşı hazırlanmış qəhvədən zövq almaq və ya sadəcə qidanın dadını hiss etmək həyatın kiçik, lakin əhəmiyyətli sevincləridir.
Dietoloq vurğulayıb ki, fransız yanaşması ideal qidalanma tələbi irəli sürmür. Əsas məqsəd keyfiyyətli məhsullar seçmək, ölçülü qidalanmaq və hər yeməyi qadağalarla dolu bir prosesə çevirməməkdir.