Təhsildə süni intellekt: isinək istisinə, kor olmayaq tüstüsünə...-EKSPERT
22 Sep 2026, 17:47 31 baxış 11 dəq oxuma
“Problemin mahiyyəti Sİ-nın mövcudluğu deyil. Əsas təhlükə insanın düşünmə funksiyasını tədricən maşına ötürməsidir...”
“Burada paradoks yaranır: Sİ tələbənin işininin nəticəsini yaxşılaşdırsa da, tələbənin özünü yaxşılaşdırmaya da bilər...”
“Bu gün universitetlərin tarixi missiyası texnologiyanın inkişaf etdiyi bir dövrdə kreativ düşünən, sorğulayan, yaradan və məsuliyyətli insan yetişdirməkdir...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə süni intellekt: isinək istisinə, kor olmayaq tüstüsünə...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Süni intellektdən istifadə imkanları genişləndikcə, tələbələr tapşırıqların həllini daha çox Sİ-yə həvalə edirlər. Nəticədə onlar daim hazır cavab almağa köklənir, daha az düşünür, daha az öyrənirlər. Bu onların intelleklektual inkişafını zəiflədir. Gələcəkdə belə məzunlar Sİ dövrünün və əmək bazarının tələblərinə cavab verə bilməyəcəklər...
Bu qlobal problemdir və dünyanın bir çox universitetləri bununla problemlə üzləşirlər. Bu problem bizim universitetlər üçün də aktualdır. Bəzi universitetlər tələbələrinin Sİ-dən istifadəsinə qadağa qoyublar. Lakin bu, həll yolu həll deyil. Tələbə Sİ ilə davamlı işləməlidir, amma bu kor-təbii olmamalıdır. Bu istiqamətdə universitetlər sistemli iş aparmalıdırlar. Bunun üçün universitetlər tələbələrin intellektual inkişaf siyasəti formalaşdırmalı və onu icra etməlidirlər.
Süni intellekt dövründə tələbəni intellektual iflasdan necə qoruyaq?..
Süni intellekt (Sİ) təhsilə daxil olduqca universitet qarşısında yeni və paradoksal problemlər yaranır: öyrənmə imkanları görünməmiş dərəcədə genişlənir, lakin düşünmək ehtiyacı da eyni sürətlə azala bilər. Əsas məsələ Sİ-dən istifadəni məhdudlaşdırmaq deyil, ondan istifadə edən insanın intellektual müstəqilliyini qorumaqdır.
Süni intellektin, xüsusilə generativ Sİ-nın təhsildə sürətlə yayılması universitet qarşısında fundamental bir sual qoyur: Sİ tələbənin öyrənmə imkanlarını genişləndirəcək, yoxsa onun düşünmə qabiliyyətini zəiflədəcək? Bu suala texnoloji deyil, ilk növbədə pedaqoji və fəlsəfi baxımdan yanaşmaq lazımdır. Çünki problemin mahiyyəti Sİ-nın mövcudluğu deyil. Əsas təhlükə insanın düşünmə funksiyasını tədricən maşına ötürməsidir...
İntellektual iflas nədir?..
Burada “intellektual iflas” tibbi və ya psixoloji termin kimi deyil, insanın müstəqil düşünmə, problem həll etmə, arqument qurma, mənbəni qiymətləndirmə və yeni bilik yaratma fəaliyyətinin zəifləməsi mənasında işlədilir. Əgər tələbə hər bir tapşırıq qarşısında əvvəlcə özü düşünmək əvəzinə Sİ-ə müraciət edirsə, hazır cavabı əldə edir, onu mənimsəmədən istifadə edirsə, burada təhsil prosesinin ən vacib komponenti- idrak fəallığı zəifləyir. Tələbə esse yazmağı, riyazi məsələni, kodu, təqdimatı Sİ-ə həvalə edirsə, nəticədə məhsul daha keyfiyyətli görünə bilər, lakin həmin məhsulun arxasında duran insanın intellektual inkişafı zəifləyə bilər. Burada paradoks yaranır: Sİ tələbənin işininin nəticəsini yaxşılaşdırsa da, tələbənin özünü yaxşılaşdırmaya da bilər. Məhz bu fərq Sİ dövrünün təhsil siyasətinin əsas məsələlərindən biridir...
“İdraki autsorsinq” təhlükəsi...
İnsan tarix boyu öz işinin bir hissəsini texnologiyaya ötürüb. Kalkulyator hesablamanı, GPS istiqaməti, axtarış sistemi informasiyanın tapılmasını asanlaşdırıb. Generativ Sİ isə daha mürəkkəb mərhələyə keçid yaradır. O, mətn yarada, arqument qura, ideya təklif edə, kod yaza və problemin həll variantını təqdim edə bilir. Bu isə “idraki (koqnitiv) autsorsinq” -yəni düşünmə fəaliyyətinin bir hissəsinin xarici sistemə ötürülməsi problemini gücləndirir.
“OECD”-nin 2026-cı il “Rəqəmsal Təhsil İcmalı” (Digital Education Outlook) hesabatında da generativ Sİ-nın ümumi məqsədli istifadəsinin nəticə keyfiyyətini artıra bildiyi, lakin şagirdin idraki fəaliyyətini əvəz etdiyi halda real öyrənmə nəticəsinin yaranmadığı vurğulanır. Hesabat Sİ ilə hazırlanmış daha yaxşı məhsulla insanın Sİ-siz nümayiş etdirdiyi bacarıq arasında fərq olduğuna diqqət çəkir. Deməli, universitetin əsas sualı tələbənin nə hazırladığı yox, “bu nəticəni hazırlayarkən tələbə özü nə öyrəndi və necə düşündü” sualı olmalıdır...
Problemin həlli Sİ-ni qadağan etməkdə deyil...
Sİ-nın təhsildən çıxarılması real həll deyil. Tələbələr artıq bu texnologiyadan istifadə edirlər və əmək bazarında Sİ ilə işləmək bacarığı getdikcə daha mühüm olur. Ona görə də universitetin strategiyası “Sİ-dən istifadə etmə” kimi deyil, “Sİ-dən elə istifadə edin ki, sizin düşünmə qabiliyyətinizi inkişaf etdirsin” prinsipinə əsaslanmalıdır. Bu, pedaqoji yanaşmanın köklü dəyişməsini tələb edir.
Əvvəl düşün, sonra Sİ-dən soruş...
Sİ dövrünün tələbəsi üçün ən vacib intellektual qaydalardan biri: Düşün → Soruş → Etiraz et → Yoxla → Yarat → Refleksiya et. Məsələn, tələbə iqtisadi problemin həllini Sİ-yə yazdırmamalıdır, əvvəlcə problemi özü müəyyənləşdirməli, ilkin hipotez irəli sürməli, mümkün həll yollarını düşünməli, sonra Sİ-dən alternativ yanaşmalar istəməlidir. Daha sonra Sİ-nın cavabını tənqid etməli, mənbələrlə yoxlamalı və son nəticəni özü formalaşdırmalıdır. Beləliklə, Sİ “cavab maşını”ndan “intellektual dialoq tərəfdaşı”na çevrilir...
Universitetin intellektual inkişaf siyasəti
Bu problemin fərdi müəllimin səyləri ilə həll olunması mümkün deyil. Universitetlər sistemli siyasət formalaşdırmalıdır. Bu siyasət 7 komponentdən ibarət ola bilər:
1. İntellektual inkişaf kompetensiyaları. Universitet tələbə üçün ayrıca tənqidi düşünmə, analitik düşünmə, yaradıcı düşünmə, problem həlli, tədqiqat, data savadlılığı, Sİ savadlılığı, akademik yazı, kommunikasiya, metakoqnisiya səriştələrini (öz düşüncəni anlamaq, öyrənməni planlamaq, gedişatı izləmək, səhvləri düzəltmək, nəticəni qiymətləndirmək üçün lazım olan üst bacarıqlar) müəyyən etməlidir. Bunlar yalnız deklarasiya olmamalı, ölçülə bilən nəticələrə çevrilməlidir.
2. Qiymətləndirmənin dəyişdirilməsi. Sİ dövründə yalnız yekun məhsula əsaslanan qiymətləndirmə getdikcə daha çətin olur. Tələbədən yalnız “esse yaz” tələb etmək əvəzinə mövzu seçimi → ilkin arqument → araşdırma → Sİ ilə dialoq → mənbə yoxlaması → ilkin mətn → düzəliş → yekun mətn → şifahi müdafiə → refleksiya prosesinin qiymətləndirilməsi daha məqsədəuyğundur. Bu halda müəllim tələbənin yalnız məhsulunu deyil, düşünmə prosesini də görür.
3. “Sİ-sız düşünmə” vaxtı. Universitetlərdə bütün intellektual fəaliyyət Sİ ilə aparılmamalıdır. Bəzi tapşırıqlar prinsip etibarilə Sİ-sız olmalıdır: yazı, problem həlli, yaddaşdan izah, şifahi müdafiə, auditoriyada müstəqil analiz Sİ-siz formatda ola bilər. Məqsəd Sİ-dan imtina etmək deyil, Sİ olmadan da düşünmək qabiliyyətini qorumaqdır.
4. Tələbənin intellektual portfoliosu. Hər tələbənin dörd il ərzində analitik yazıları, tədqiqatları, data layihələri, təqdimatları, yaradıcı layihələri, Sİ ilə hazırladığı işlərdə öz töhfəsi, real problem həlləri toplanmalıdır. Beləliklə, diplomdan əlavə tələbənin intellektual inkişaf trayektoriyası görünən olur.
5. İntellektual mentorluq. Hər tələbənin müəyyən mərhələdə akademik və intellektual mentoru olmalıdır. Mentorun əsas vəzifəsi tələbəyə hazır cavab vermək deyil. Onun vəzifəsi daha yaxşı sual vermək, daha dərin düşünmək və nəticəyə gəlmək üçün tələbəni istiqamətləndirməkdir.
6. Sİ savadlılığı. Tələbəyə sadəcə prompt yazmaq öyrədilməməlidir. Tələbə bilməlidir ki, Sİ necə işləyir, niyə səhv cavab verir, hallunasiya nədir, Sİ məlumatı necə təhrif edə bilər, mənbə necə yoxlanılır, müəlliflik hüququ nədir, akademik dürüstlük nədir, şəxsi məlumatlar necə qorunur. Deməli, prompt savadlılığı Sİ savadlılığının yalnız kiçik bir hissəsidir.
7. Metakoqnitiv refleksiya. Tələbə hər mühüm Sİ tapşırığından sonra özünə sual verməlidir: “Sİ mənim yerimə nə etdi?”, “mən Sİ ilə işləyərkən nə öyrəndim?”. Sonuncu sual təhsilin gələcəyi üçün daha əhəmiyyətlidir.
Universitet üçün mümkün model...
Universitetdə bu problemə yanaşma “İntellektual İnkişaf Mərkəzi” vasitəsilə təşkilati xarakter ala bilər. Mərkəzin fəaliyyəti bu məsələləri əhatə etməlidir: Tənqidi Düşüncə Laboratoriyası + Sİ Öyrənmə Laboratoriyası + Tədqiqat Laboratoriyası + Data Laboratoriyası + Yaradıcı Düşüncə Laboratoriyası + Akademik Yazı Laboratoriyası + Mentorluq + İntellektual Portfel.
Tələbənin 4 illik inkişaf trayektoriyası isə belə qurula bilər:
I kurs — Öyrənməyi öyrən II kurs — Düşünməyi öyrən III kurs — Tədqiq et və yarat IV kurs — Tətbiq et və dəyər yarat
Bu modeldə əsas göstərici tələbənin intellektual kapitalının inkişafıdır.
Məsələ Sİ deyil, insanın düşünmə qabiliyyətidir…
Süni intellekt təhsil üçün böyük təhlükə də ola bilər, böyük imkanlar da yarada bilər. Nəticə texnologiyanın özündən daha çox ondan necə istifadə etməyimizdən asılı olacaq. Əgər universitet tələbəyə bütün problemlərin hazır cavabını Sİ-dən almağı öyrədirsə, intellektual passivlik təhlükəsi artır. Əgər universitet tələbəyə özün düşün → Sİ-dən alternativ al → cavabı tənqid et → mənbə ilə yoxla → öz nəticəni formalaşdır mədəniyyətini öyrədirsə, Sİ intellektual inkişafın güclü vasitəsinə çevrilə bilər.
XXI əsrin universiteti üçün əsas prinsip belə ifadə edilə bilər: Tələbəni süni intellektdən qorumaq yox, onu süni intellekt qarşısında intellektual cəhətdən gücləndirmək lazımdır. Çünki gələcəyin əmək bazarında Sİ-dən istifadə edən milyonlarla insan olacaq. Fərqi yaradan isə Sİ-dən daha çox istifadə edən deyil, Sİ ilə birlikdə daha yaxşı düşünən insan olacaq. Bu gün universitetlərin tarixi missiyası texnologiyanın inkişaf etdiyi bir dövrdə kreativ düşünən, sorğulayan, yaradan və məsuliyyətli insan yetişdirməkdir...