İranda yeni tədris ilinin başlanması fonunda ölkədəki qeyri-fars xalqların, xüsusilə də Güney Azərbaycan türkləri olan uşaqların fundamental təhsil hüquqlarından məhrum edilməsi problemi yenidən gündəmə gəlib.
 




Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" telegram- kanalının hazırladığı analitik materialda bəhs edilir.
 
Mənbə qeyd edir ki, İranda məktəb zənginin səslənməsi milyonlarla şagird üçün hamar bir təhsil yolunun başlanğıcı deyil, əksinə, ciddi dil və idrak çağırışları ilə qarşılaşma anıdır. Geniş dil və mədəniyyət müxtəlifliyinə malik olan bir ölkədə rəsmi Tehranın uzun illərdir yeritdiyi mərkəziyyətçi "Tək dil, tək millət" siyasəti qeyri-farsdilli uşaqların, xüsusilə də güneyli soydaşlarımızın təhsil ədaləti və idrak inkişafı yolunda ən böyük maneəyə çevrilib. 
 
Ekspertlər diqqəti həm də ona çəkirlər ki, bu assimilyasiya siyasəti ölkənin qanunvericiliyinə də ziddir. Belə ki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində yerli və qövmi dillərin mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə fars dili ilə yanaşı tədrisinə rəsmi icazə verilsə də, bu bənd onilliklərdir ki, rejim tərəfindən sistemli şəkildə kağız üzərində saxlanılır və icra olunmur.
 
Yazıda UNESKO-nun ana dilində təhsil ilə bağlı xəbərdarlıqlarına da xüsusi yer verilib. Beynəlxalq təşkilat dəfələrlə vurğulayıb ki, xüsusilə ibtidai təhsil illərində uşaqların ana dilində oxuyub-yazması onların digər dilləri öyrənməsinə mane olmur. Əksinə, ana dilində təhsil mürəkkəb elmi anlayışları dərk etmək, məntiqi qavrayışı artırmaq və tənqidi təfəkkürü gücləndirmək üçün ən fundamental bünövrə hesab olunur. Lakin İrandakı mövcud mərkəziyyətçi sistem çoxdillilik çağırışlarını və qanuni haqları görməzdən gələrək, milyonlarla qeyri-fars şagirdi dərin kimlik böhranı, psixoloji travmalar və təhsil bərabərsizliyi ilə baş-başa qoymaqda davam edir.
 
S.Laçın