Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla qapalı görüş zamanı "Starlink" rabitə sistemindən Rusiya ərazisinə zərbələr endirilməsi üçün istifadə imkanları məsələsini də qaldırıb.
 




Moderator.az bu haqda “Korrespondent” nəşrinə istinadla xəbər verir.
 
Məlumata görə, bu barədə "Newsmax"-ın müxbiri Nana Sacaya yüksək vəzifəli ukraynalı məmura istinadla məlumat yayıb.
 
Ukraynalı rəsminin sözlərinə görə, görüş zamanı Zelenski "Starlink"dən zərbələr üçün istifadə məsələsini gündəmə gətirib. Buna cavab olaraq Donald Trampın “Bu barədə İlon [Mask] ilə danışmalısınız” dediyi bildirilib.
 
Mənbə görüşün ümumi atmosferini və tərəflərin bir-birini qəbul etməsini müsbət qiymətləndirib.
 
Qapalı görüşdə, həmçinin müharibənin deeskalasiyası istiqamətində mümkün addımlar çərçivəsində enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması məsələsi müzakirə olunub. Ukrayna tərəfi belə bir təşəbbüsə hazır olduğunu təsdiqləyib.
 
Nana Sacayanın məlumatına görə, Tramp-Zelenski görüşündən sonra Ukrayna nümayəndə heyətinin Fransa, Almaniya və Böyük Britaniyanın təmsilçiləri ilə məsləhətləşmələr aparması planlaşdırılıb. Bu görüşlərdə mümkün deeskalasiya variantlarının müzakirəsi və ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner üçün təkliflərin hazırlanması nəzərdə tutulub. Daha sonra həmin təkliflərin Rusiya tərəfi ilə müzakirə ediləcəyi bildirilib.
 
Qapalı görüş zamanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçiricilərin lisenziya əsasında Ukraynada istehsalı məsələsi də müzakirə olunub. Mənbənin sözlərinə görə, bu, uzunmüddətli məsələdir.
 
Görüşdən sonra Vladimir Zelenski bildirib ki, Ukraynanın ABŞ qarşısında faktiki olaraq iki ayrı tələbi var: artıq qarşıdakı qışda ehtiyac duyulan hazır “Patriot” raketləri və gələcəkdə onların lisenziyalı istehsalının təşkili. Onun sözlərinə görə, Donald Tramp lisenziyalı istehsal məsələsinə müsbət yanaşır, lakin istehsalın başlanması təxminən bir il–bir il yarım çəkə bilər.
 
Bununla yanaşı, Zelenski əlavə “qış paketi” çərçivəsində ABŞ-dan “Patriot” raketlərinin tədarükü ilə bağlı hələlik konkret cavab almadıqlarını qeyd edib.
 
Bundan əvvəl mediada Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorovun Rusiyanın ballistik raket buraxılış qurğularının daha dəqiq vurulması məqsədilə Starlink-dən istifadə məsələsində İlon Maskla bir neçə dəfə gizli kanallar vasitəsilə danışıqlar aparmağa çalışdığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Mask bunun müharibənin daha da eskalasiyasına səbəb ola biləcəyini düşündüyü üçün belə istifadəyə qarşı çıxıb.
 
Moderator.az xatırladır ki, hələ iyun ayında Zelenskinin Trampla görüşü zamanı ABŞ Prezidenti Rusiya dərinliklərinə uzun mənzilli zərbələr üçün “Starlink” peyk interneti təmin etmək ideyasını rədd etdiyi bildirilmişdi...
 
S.Laçın