Sakit okean ölkəsi Fici HİV infeksiyasının sürətlə yayılması ilə bağlı ciddi səhiyyə böhranı yaşayır. Yoluxma hallarının kəskin artması fonunda ölkə hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Moderator.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Fici Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə hər 60 yetkin şəxsdən biri HİV daşıyıcısıdır. UNAIDS-in məlumatları isə son 15 ildə yoluxma hallarının təxminən 12 dəfə artdığını göstərir.
Ölkədə təxminən 9 min nəfərin HİV-ə yoluxduğu bildirilir. Lakin onların yalnız 39 faizi öz diaqnozundan xəbərdardır. Yoluxanların cəmi beşdə birinin müvafiq müalicə aldığı qeyd olunur.
Ən ciddi göstəricilərdən biri isə hamilə qadınlarla bağlıdır. “Fiji Times”ın məlumatına görə, ölkədə hər 50 hamilə qadından birində tibbi müayinələr zamanı HİV aşkarlanır.
Epidemioloji vəziyyət xüsusilə son dövrdə daha da ağırlaşıb. Yeni yoluxma hallarının sürətlə artması səhiyyə sisteminə əlavə təzyiq yaradıb.
Fici hökuməti vəziyyətin qarşısını almaq üçün HİV testlərinin sayını artırmağı, müalicəyə çıxışı genişləndirməyi və profilaktik tədbirləri gücləndirməyi planlaşdırır.
Bundan başqa, virusun yayılmasının qarşısını almaq məqsədilə narkotik istifadəçiləri üçün pulsuz steril iynələrin verilməsi və xüsusi terapiya proqramlarının tətbiqi nəzərdə tutulur.
Fici hakimiyyəti mövcud tədbirlərin yetərli olmadığını bildirərək, epidemiyanın qarşısını almaq üçün daha genişmiqyaslı səhiyyə proqramlarına ehtiyac olduğunu vurğulayıb.