"Onun yaratdığı bu məclis dövrün ən qabaqcıl mütəfəkkirlərinin, ziyalılarının, musiqişünaslarının bərabər əyləşdiyi, cəmiyyətin gələcək inkişaf modelinin müzakirə edildiyi virtual bir universitet, milli beyin mərkəzi idi..."
"Natəvan, faktiki olaraq, Azərbaycanda pərakəndə halda olan ziyalı qüvvələri vahid bir məqsəd – millətin savadlanması ideyası ətrafında birləşdirən mənəvi bir mərkəz rolunu oynayırdı..."
XIX əsrin ortaları və ikinci yarısı Azərbaycanın mədəni, ictimai və siyasi tarixində tamamilə unikal bir intibah dövrüdür. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra regionda formalaşan yeni sosial-fəlsəfi mühit, Şərq fundamentalizmi ilə Qərb dünyəviliyinin toqquşması fonunda milli oyanışın təməllərini atırdı. Məhz bu mürəkkəb, ziddiyyətli və sınaqlarla dolu tarixi mərhələdə Qarabağ – xüsusilə də onun incisi Şuşa – bütöv bir regionun intellektual və bədii lokomotivinə çevrilmişdi. Bu lokomotivin önündə gedən, fəlsəfi təfəkkürü, sarsılmaz iradəsi və genişmiqyaslı fəaliyyəti ilə "Qarabağ maarifçilik məktəbi" adlı böyük bir hərəkatın əsas təməl sütununu qoyan şəxs isə sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, xalqın yaddaşına "Xan qızı" kimi həkk olunmuş Xurşidbanu Natəvandır…
Biz çox zaman tarixi şəxsiyyətlərimizi stereotiplərlə dəyərləndirməyə meylli oluruq. Sovet təbliğat maşını Azərbaycanda və bütövlükdə tükr-müsəlman dünyasında Natəvanı da illər boyu sadəcə hüznlü qəzəllər müəllifi, nakam taleli bir şairə kimi cəmiyyətə təqdim etməyə çalışıb. Halbuki onu bu çərçivəyə salmaq tarixin və zamanın miqyasına qarşı böyük bir haqsızlıqdır. O, feodal Şərqinin qatı daxili mühafizəkarlığı və çarizmin müstəmləkəçilik buxovları arasında sıxışan bir cəmiyyətdə işıq, tərəqqi və millətin qurtuluşunu elmdə, təhsildə görən bütöv bir epoxanın fədaisi idi. Qarabağ torpağının yetişdirdiyi bu dahi qadın, əslində cəhalətin gözünə dik baxan bir intellektual üsyançı idi...
Mühitin doğduğu lider və "Məclisi-üns"ün fəlsəfəsi...
Xurşidbanu Natəvanın formalaşdığı ailə mühiti onun sonrakı taleyini və maarifçi vizyonunu müəyyən edən ən mühüm amil idi. Xan ailəsində doğulması ona dövrün ən mükəmməl təhsilini almaq imkanı qazandırmışdı. O, klassik Şərq dillərini (ərəb, fars), tarixini, fəlsəfəsini, İslam hüququnu dərindən öyrənməklə yanaşı, rus dilinə və mədəniyyətinə də bələd idi. Lakin bu biliklər Natəvanı cəmiyyətdən təcrid olunmuş aristokrat bir qadına çevirmədi; əksinə, onu kütlələrin savadsızlıq, mövhumat və cəhalət bataqlığından çıxması üçün yollar axtaran bir ideoloqa çevirdi. Qarabağ maarifçilik məktəbinin institusional əsası sayılan "Məclisi-üns" (Ünsiyyət məclisi) məhz bu axtarışların və fədakarlığın məhsulu idi. Natəvanın rəhbərlik etdiyi bu məclis sadəcə şairlərin toplanıb şeir oxuduğu bədii dərnək deyildi. Bu məclis dövrün ən qabaqcıl mütəfəkkirlərinin, ziyalılarının, musiqişünaslarının bərabər əyləşdiyi, cəmiyyətin gələcək inkişaf modelinin müzakirə edildiyi virtual bir universitet, milli beyin mərkəzi idi. Natəvan bu məclis vasitəsilə Şuşanı Tiflis, Bakı və Şamaxı ilə yanaşı, Qafqazın ən mühüm mədəniyyət və maarif polyusuna çevirməyi bacardı. Bura gənc istedadların himayə edildiyi, onlara dünyəvi elmlərin aşılandığı bir ocaq idi...
Avropanı heyrətləndirən Şərq qadını müdrikliyi: Aleksandr Düma ilə görüş...
Natəvanın təmsil etdiyi intellektual intibah yalnız Qarabağ və ya Qafqaz miqyası ilə məhdudlaşmırdı. Şərq qadınının intellektual gücünü, sivil zəkasını dünyaya nümayiş etdirən ən parlaq tarixi hadisələrdən biri 1858-ci ildə baş vermişdir. Qafqaza səyahət edən məşhur fransız yazıçısı Aleksandr Düma Bakıda olarkən Natəvan və onun həyat yoldaşı Xasay xan Usmiyevlə görüşür. Düma kimi dünyaşöhrətli, Qərb intellektual elitasının ən iddialı simalarından birinin bu ailə ilə qarşılaşması əslində iki fərqli sivilizasiyanın – Avropa və Şərq maarifçiliyinin dialoqu idi. Bu görüş zamanı 26 yaşlı Natəvan ilə 56 yaşlı Aleksandr Düma arasında baş tutan şahmat oyunu tarixin ən simvolik hadisələrindən biridir. Bütün dünyanın heyranlıqla oxuduğu fransız yazıçısını Xan qızı şahmat taxtası arxasında tamamilə çarəsiz qoyaraq mat edir. Bu, sadəcə bir oyunun nəticəsi deyil, Şərq qadınının zəkasının, strateji təfəkkürünün Avropa dühası üzərindəki parlaq qələbəsi idi. Düma bu ağıl və zəriflik qarşısında heyranlığını gizlədə bilməyərək, Natəvana Parisdən gətirdiyi Napoleonun tunc büstünü və fil sümüyündən hazırlanmış nəfis şahmat fiqurlarını hədiyyə edir. Sonradan özünün məşhur "Qafqaz səyahəti" əsərində bu görüşü, Natəvanın zadəganlığını, onun ailəsinin yüksək fransızca danışıq mədəniyyətini dərin hörmətlə təsvir edir. Bax, maarifçilik budur – öz milli kimliyini və zəkanı beynəlxalq müstəvidə ən uca zirvəyə daşıya bilmək!..
Azərbaycan ziyalıları ilə ümummilli maarifçilik şəbəkəsi...
Xurşidbanu Natəvanın maarifçilik missiyası təklikdə reallaşan fəaliyyət deyildi; o, dövrün ən mütərəqqi Azərbaycan ziyalıları ilə sıx məsləhətləşmələr, ideya tərəfdaşlığı və mənəvi dialoq içində idi. Xan qızının ən mühüm maarifçilik və yaradıcılıq əlaqələrindən biri milli dramaturgiyamızın banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundov ilə bağlı idi. Axundovun irəli sürdüyü dünyəvilik, əlifba islahatı və teatr vasitəsilə kütlələrin savadlandırılması ideyaları Natəvanın dünyagörüşünə ciddi təsir göstərmişdi. Onların Tiflis və Şuşa mühiti üzərindən qurduqları intellektual körpü, Azərbaycan cəmiyyətinin modernləşməsinə xidmət edirdi. Eyni zamanda, Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns" Şuşadakı digər böyük ədəbi-elmi mərkəzlə – Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi "Məclisi-fəramuşan"la sıx əməkdaşlıq edirdi. Bu iki məclis rəqabət aparmır, əksinə, bir-birini tamamlayırdı. Nəvvab kimi ensiklopedik alim, rəssam və musiqişünasla Xan qızının elmi-bədii müzakirələri Şuşada kütləvi bir savadlanma hərəkatına çevrilmişdi. Digər tərəfdən, Şuşada ilk yeni tipli üsuli-cədid məktəblərindən birini açan maarifçi pedaqoq Həsənəli xan Qaradaği ilə Natəvanın təhsil sahəsindəki işbirliyi regionun gələcək taleyini həll edirdi. Natəvan bu məktəblərin fəaliyyətini şəxsən himayə edir, milli dərsliklərin çap olunmasına maliyyə dəstəyi verirdi. Bu əlaqələr Qarabağ hüdudlarını aşaraq Bakı və Şamaxı ziyalılarına qədər uzanırdı...
Seyid Əzim Şirvani başda olmaqla Şamaxı maarifçiləri Natəvanın Şuşadakı fəaliyyətini, onun xeyriyyəçilik və mədəniyyət layihələrini yüksək qiymətləndirir, onunla müntəzəm məktublaşırdılar. Hətta Şirvani öz şeirlərində Xan qızının bu fədakarlığını, elmi dostluğunu və humanizmini xüsusi vəsf edirdi. Natəvan, faktiki olaraq, Azərbaycanda pərakəndə halda olan ziyalı qüvvələri vahid bir məqsəd – millətin savadlanması ideyası ətrafında birləşdirən mənəvi bir mərkəz rolunu oynayırdı...
Cəhalətə qarşı səssiz İinqilab: Qadın maarifçiliyi...
XIX əsr Şərqində qadın faktoru ictimai həyatın tamamilə kənarında, dörd divar arasında sıxışdırılmış bir statusda idi. Belə bir mühitdə bir qadının – xan qızının cəmiyyətin önünə keçib proseslərə rəhbərlik etməsi, kişilərdən ibarət intellektual elitanı öz ətrafında birləşdirməsi faktı öz-özlüyündə sarsıdıcı bir sosial inqilab idi. Natəvan cəmiyyətin tərəqqisinin qadının təhsilindən, onun sosial statusunun yüksəlməsindən asılı olduğunu hamıdan tez anlamışdı. O, öz şəxsi nümunəsi ilə – idarəçi, mülkiyyətçi, şair, rəssam və xeyriyyəçi kimi – Azərbaycan qadınının intellektual potensialının hansı zirvələrə ucala biləgəyini göstərdi. Xan qızı Şuşada və ətraf kəndlərdə qızların təhsilə cəlb olunması, dünyəvi elmlərə yiyələnməsi üçün böyük mübarizə aparırdı. Yoxsul ailələrin uşaqlarının Şuşa real məktəbində və digər təhsil ocaqlarında oxuması üçün təqaüdlər ayırır, onların geyim, kitab və digər ehtiyaclarını şəxsi vəsaiti hesabına qarşılayırdı. Bu, dövrün feodal-dini mentalitetinə qarşı atılmış ən cəsarətli və uzaqgörən addım idi...
İnfrastrukturdan maarifə: Praktik humanizm...
Qarabağ maarifçiliyinin xarakterik xüsusiyyəti onun yalnız nəzəriyyədə qalmaması, praktik həyata, xalqın məişətinə və rifahına nüfuz etməsi idi. Natəvan yaxşı başa düşürdü ki, ac, susuz, elementar yaşam şəraitindən məhrum olan, sosial fəlakətlər içində çabalayan bir cəmiyyətdə elmin və sənətin toxumları cücərə bilməz. Maarifçilik – insan ləyaqətinə hörmətdən və onun yaşayışını yaxşılaşdırmaqdan başlamalı idi. Məhz bu fəlsəfənin nəticəsi olaraq, 1873-cü ildə Natəvan Şuşa şəhərinə məşhur su kəmərini çəkdirdi. Şuşanın susuzluq problemini kökündən həll edən bu kəmər (tarixdə "Xan qızı bulağı" kimi qalan abidə) sadəcə bir mühəndislik uğuru deyil, həm də sosial maarifçiliyin ən parlaq təzahürü idi. Natəvan bununla şəhər mədəniyyətinin, sanitar-gigiyenik mühitinin yüksəlməsinə, insanların xəstəliklərdən xilas olmasına və beləliklə, daha sağlam, intellektual bir nəslin yetişməsinə zəmin hazırlayırdı. Bundan əlavə, onun çəkdirdiyi yollar, saldırdığı körpülər Qarabağın iqtisadi və mədəni inteqrasiyasını sürətləndirən amillər idi...
İncəsənətdə maarifçi iz: rəssam və musiqi hamisi...
Xurşidbanu Natəvanın maarifçi fəaliyyətinin digər mühüm qolu onun təsviri sənətə və musiqiyə gətirdiyi yeni nəfəs idi. Azərbaycan rəssamlıq tarixində ilk peşəkar qadın rəssamlardan biri olan Natəvanın rəsmləri, tikmələri və bədii tərtibat işləri onun estetik dünyagörüşünün dərinliyini göstərir. O, öz bədii yaradıcılığı ilə xalq sənətini dünyəvi incəsənət müstəvisinə daşıyırdı. Eyni zamanda, Natəvan Şuşa musiqi mühitinin, Qarabağ muğam məktəbinin ən böyük hamisi idi. "Məclisi-üns"də muğamın fəlsəfəsi, onun qədim poeziya ilə sintezi araşdırılır, gənc xanəndə və sazəndələr yetişdirilirdi. Xan qızı istedadlı musiqiçiləri maddi və mənəvi cəhətdən dəstəkləməklə, muğamı sadəcə bir əyləncə vasitəsi olmaqdan çıxarıb milli kimliyin və fəlsəfi təfəkkürün ifadə formasına çevirdi.
Əbədi miras və tarixi nəticə...
Xurşidbanu Natəvanın həyatı və fəaliyyəti təmənnasız, fədakar bir xidmət örnəyidir. O, bütün var-dövlətini, nüfuzunu, intellektini və ömrünü mənsub olduğu millətin oyanışına xərclədi. Onun əsasını qoyduğu maarifçi ənənələr digər Qarabağ və Azərbaycan ziyalılarının fəaliyyəti ilə birləşərək bütöv bir məktəbə çevrildi. Bu məktəbin yetirmələri, onun açdığı cığırdan keçənlər sonradan XX əsrin əvvəllərində Azərbaycanda milli istiqlal hərəkatının, Şərqin ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin intellektual elitasını təşkil etdilər. Xurşidbanu Natəvan sadəcə Qarabağın deyil, bütün Şərq və İslam dünyasının ilk xanım maarif fədailərindən biri kimi, tarixin yaddaşında silinməz iz qoydu. Onun Şuşada əkdiyi maarifçilik ağacı, bu gün də şəhid və qazilərimizin canı-qanı hesabına xarici düşmənlərdən azad edilmiş milli düşüncəmizin ən dərin köklərindən birini təşkil edir və gələcək nəsillərə işıq saçmaqda davam edir...
Sultan Laçın