“Rus ordusu Gəncəyə girəndə o, mənə zəng etdi ki...”-Bir hərbçi xanımının xatirələri...
23 Sep 2026, 17:57 28 baxış 11 dəq oxuma
“Hərbçi xanımı olmaq bu deməkdir: sən də ərinin yanında bir sipər, bir əsgər olmalısan, ondan yardım gözləməməlisən. Lazım gəlsə, əlinə silah götürüb ailəni müdafiə etməlisən...”
...1989-cu ilin əvvəllərindən ömür-gün yoldaşım Mehman Səlimov keçmiş SSRİ-nin Gəncədə yerləşən 130-cu tank alayında komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etməli oldu... Başqa sözlə, böyük çətinlik və əzab-əziyyətlə Ermənistan Sovet Sosialist Respublikasından, yəni o vaxt “Leninakan” adlanan, qədim türk, Azərbaycan yurdu Gümrüdən Gürcüstan Sovet Sosialist Respublikasının ərasindəki digər qədim Azərbaycan torpağı olan Borçalıya, oradan isə o dövrdə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibindəki ilk Demokratik Müstəqil Xalq Cümhuriyyətimizin işğalının təşkilatçı və icraçılarından biri olan Sergey Mironoviç Kirovun “şərəf”inə “Kirovabad” adlanan qədim Gəncə şəhərinə köçdük... Yaxşı ki, elə 1989-cu ilin son günlərindən Azərbaycan SSR hökuməti bu şəhərimizin qədim adını özünə qaytarmaq qərarını rəsmən vermək cəsarətində bulundu...
...Gəncəyə köçdükdən sonra azyaşlı qızlarımızı hərbi şəhərcikdəki uşaq bağçasına verdik. Hərbi şəhərcikdə azərbaycanlılar da var idi. Çox mehriban idilər...
Fərhadın 4 ayı olanda qonşumuz Kəmalə xanım mənə dedi:
-Nərminə xanım, sən arxayın işə get, körpəyə öz balam kimi mən baxaram... Qətiyyən narahat olma...
Bu söz mənim üçün böyük kömək idi. Əvvəl Dəmir Yol xəstəxanasının poliklinikasında, sonra isə Alüminium zavodunda işə düzəldim. Hər iki yerdə məni mehribanlıqla qarşıladılar...
Həmin günlər artıq Qarabağda Moskvanın sifarişi və İrəvanın böyük dəstəyi ilə erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən kütləvi hərəkatı başlanmışdı. Artıq mütəmadi olaraq həm Qarabağdakı, həm də ətraf, Ermənistanla həmsərhəd bölgələrdəki kəndlərimizə hücumlar, atışmalar, avtomobilləri daşqalaq etmək və s. gözlənilməz proseslər gündəmə gəlmişdi...
Bütün bunlara etiraz olaraq digər şəhər və bölgələrimiz kimi Gəncədə xalq mitinqləri start götürmüşdü. Arada fürsət tapan kimi mən də həmin mitinqlərə qoşulurdum...
Bir sözlə, ölkədə hadisələr sürətlə dəyişirdi...
...1990-cı il yenicə daxil olmuşdu...
Qarabağda ermənilərin hücumu davam edirdi. Gəncə şəhəri də qaynayırdı, mitinqlər gedirdi. Xalqın içində böyük bir narahatlıq vardı.
Yanvarın 15-i, yaxud 16-sı gecə saat 2-3 radələri olardı. Günlərlə evə gəlməyən, tank alayında komandirin siyasi məsələlər üzrə müavini olan Mehman müəllim mənə zəng vurdu:
-Nərminə, bax, gör, gecə hansı yaxın adama, zəng vura bilərsən, təcili uşaqları da götür, şəhərcikdən çıx, ora get!.. Belə lazımdır!..
Onun Gəncədə qohumları olmasına baxmayaraq, Gəncədə “Qara Camal” kimi tanınan Camal babagilə tez-tez gedərdi, nə isə öyrənərdi. Böyük məsləhətinə ehtiyacı olanda deyərdi:
-Ağsaqqal məsləhətləri hər yaşda qiymətlidir...
Ancaq Camal babagil yaşlı olduqları üçün həmin gecə mən onları narahat etmədim. Köhnə iş yerimdə rəfiqəm olan Təranə həkimə zəng etdim. O, heç düşünmədən dedi:
-Elə bu dəqiqə durun, gəlin, Nərminə xanım... O nə sözdür- heç bir problem yoxdur...
Gecə saat 4 radələrində 3 uşaqla hərbi şəhərcikdən çıxdıq... Bizi Təranə həkim mehribanlıqla qarşıladı. Uşaqları yatırdıq, amma özümüzün səhərə kimi gözümüzə yuxu getmədi...
Ertəsi gün qardaşımla bacım gəlib bizi tapa bilməmişdilər. Nəhayət, o biri gün gəlib bizi apardılar Şəkiyə...
Bəs Mehmanın bizi hərbi şəhərcikdən çıxarmasının səbəbi nə idi?..
Belə bir vəziyyətdə Mehman Səlimov qəzəbdən coşub qaynayan kütlənin qarşısında diz çökərək o insanlara söz verir...
Moskva 20 Yanvar qətliamı ərəfəsində Bakıya əlavə qoşun yeritdiyi kimi, Gəncəyə də xüsusi hazırlanmış belə qaniçən muzdlu hərbçilərdən ibarət qüvvələr yeridib hərbi hissədə yerləşdirmişdi... Mehman mənə məhz rus-sovet qoşunları şəhərdəki hərbi hissəyə yerləşdiriləndən və camaat hərbni hissəni mühasirəyə alanadan sonra zəng vurmuşdu...
...Belə bir dönəmdə xalqın qəlbi Kremlin Qarabağdakı separatçılara, İrəvandakı işğalçı niyyətlilərə dəstək verməsinə və nəticədə kəndlərimizin tədricən işğalına, insanlarımızın qətlinə şərait yaratdığına görə sovet-rus ordusuna qarşı hədsiz qəzəb və nifrətlə dolu idi...
...Məni hərbi şəhərcikdən çıxarandan sonra hər iki girişi bizim silahlı oğullar nəzarətə götürmüşdülər. Hərbi hissənin qarşısında böyük bir dinc insan kütləsi toplaşmışdı. Onların içərisində hərbi hissəyə hücum etmək istəyənlər də var idi...
Baş verənləri yoldaşım sonradan bizə danışırdı...
...Belə bir vəziyyətdə həmin hərbi hissədə alay komandirinin müavini olan Mehman Səlimov qəzəbdən coşub qaynayan kütlənin qarşısında diz çökərək o insanlara söz verir:
-Əzizlərim, xahiş edirəm, yalvarıram, dağılışın, biz hər şeyi yoluna qoyacağıq. Qəti narahat olmayın, heç bir problem olmayacaq. Sizə mən bir azərbaycanlı zabit kimi söz verirəm...
Elə də olur... Fədai oğullarımız elan edirlər ki, əgər siz dinc əhaliyə hücum etsəniz, biz də hərbi şəhərcikdə olan rusları girov götürəcəyik...
Bu minvalla Mehman müəllimin camaat arasındakı nüfuzu və haqlı olaraq sovet ordusu və imperiyasına qarşı qəzəblə dolu soydaşlarıyla ortaq məxrəcə gələ bilməsi sayəsində o günlər Gəncə şəhəri böyük bir faciədən qurtuldu... Belə ki, əgər dinc əhali sovet hərbi hissəsinə hücum etsəydi, sözsüz ki, rus komandirlər insanların kütləvi qətli üçün əmr verəcək və Bakıdakı qətliam kimi bir qırğın burada da təkrarlanacaqdı...
20 Yanvar faciəsinin kölgəsində...
...Biz isə 20 Yanvar faciəsi baş verən gün Şəkidə böyük bacımgildə oturmuşduq. Ağır hərbi təyyarələr başımızın üstündən uğultu ilə Bakı istiqamətində uçurdu. Hansı dəhşətin olacağını sanki hiss edirdik. 1986-cı ildə olan Qazaxıstan hadisələrinin təkrarlanacağı, amansız düşmənin bizi cəzalandıracağı göz qabağında idi.
Fərhad 11 aylıq idi. Diqqətsizliyimiz nəticəsində ayağı qaynar çaydan yandı. Uşağın ayağını açıq qoyub Surə bacımgilə piyada getdik. Sazaq olduğundan uşaq səsini kəsib yuxuya getdi.
Evə çatıb radionun qarşısında oturduq və “Amerikanın Səsi”nə qulaq asdıq. Televiziya və radio verilişləri kəsilmişdi.
Səhərə yaxın bildik ki, Bakını gülləbaran edərək azadlıq eşqi ilə yanan, alovlanan bir xalqı susdurmaq üçün dinc əhalini qanına qəltan ediblər...
...Əsarətdə olmaq o deməkdir ki, sən öz hüququnu heç vaxt tələb edə bilməzsən... Amma o dövrün Rusiya imperiyası olan SSRİ-də sözdə deyilirdi ki, biz müstəqil dövlətlərik. Bizə tarix dərslərində öyrədilirdi ki, biz ruslar başda olmaqla — onlar “böyük qardaş” idi — Sovet İttifaqındakı digər bütün xalqlarla qardaşıq, yoldaşıq...
Amma iş ayrılmağa gələndə biz Kremldəkilərin düşmən mövqeyini gördük...
Qığılcım alova çevrildi...
Yas içində idik. Çoxlu şəhidlərimiz var idi: əliyalın uşaqlar, gənclər, alimlər... Kreml şovinistləri tərəfindən “ekstremistlər”, “quldurlar” adlandırıan bu xalqın içində saf, təmiz vicdanlı, “azadlıq”, “müstəqillik”, “Qarabağ” hayqıran silahsız bir fədailər ordusu var idi. Bu ordunu məhv etmək istəyirdilər...
Bu, bir qığılcım idi... Amma irticanın hücumu bu qığılcımı alovlandırdı, mübarizə əzmimizi gücləndirdi, istiqlaliyyət bayrağımızı göylərə ucaltmağımıza vəsilə oldu...
Bundan sonra daha çətin günlərimiz başladı...
Gəncədə olanda Qazax rayonunun Ermənistan SSR ərazisi daxilində anklav kəndimiz olan Bağanis-Ayrım kəndini ermənilərin yandırdığını öyrəndik.
Rus şovinistlərinin qızışdırıb ortalığa saldığı separatçı-terrorçular öz isti yuvalarında yatan millətə, arvad-uşağa yağı kəsildilər. O millətin həmin qanuçənlərə “dur” deyən ağbirçəkləri, ağsaqqalları yox idi. Əksinə, Ağanbekyanları, Şahnazarovları, Zori Balayanları, Silva Kaputikyan kimi üzdəniraq öndə gedənləri var idi...
Hərbçi xanımı olmaq: sən də ərinin yanında bir sipər, bir əsgər olmalısan, ondan yardım gözləməməlisən...
...O ağır günlərdə aylarla evin yükü, bütün iş mənim boynumda idi...
Hərbçi xanımı olmaq bu deməkdir: sən də ərinin yanında bir sipər, bir əsgər olmalısan, ondan yardım gözləməməlisən. Lazım gəlsə, əlinə silah götürüb ailəni müdafiə etməlisən...
Hərbçi ailəsi olmaq bizim gənc xanımlarımız üçün bir fəxarət, şərəf, Vətən sevgisi ilə böyüyən hər bir qızın arzusu olmalıdır... Bəlkə də həmin illərdə biz bunun nə qədər ağır və məsuliyyətli bir həyat olduğunu tam dərk etmirdik. Amma hər günümüz bizə bir şeyi öyrədirdi: hərbçinin ailəsi də onunla birlikdə xidmət edir. Əsgər kazarmada, döyüşçü səngərdə olduğu kimi, onun həyat yoldaşı da evdə, uşaqlarının yanında öz vəzifəsini daşıyır.
...O illərin Gəncəsi, o gecələr, o mitinqlər, hərbi şəhərcikdə yaşanan gərginlik və 20 Yanvarın ağrısı bu gün də yaddaşımda bir-birindən ayrılmayan xatirələr kimi yaşayır. Həmin günlər bizə həm itkilərimizi, həm də azadlıq istəyimizin qiymətini, dəyərini göstərdi...