Rusiya-Ukrayna müharibəsində Kiyevin Rusiyanın dərinliklərindəki enerji və strateji infrastruktura uzaqmənzilli zərbələri intensivləşdirməsi qarşıdurmanın hərbi çərçivədən kənarda iqtisadi və geosiyasi nəticələrini də ön plana çıxarır. Xüsusilə bu hücumların qlobal enerji bazarlarına təsiri və Vaşinqtonun müharibənin dayandırılması ilə bağlı mövqeyi fonunda proses yeni siyasi suallar doğurur.


Maraqlıdır, bu strategiyanın davam etdirilməsi Rusiya-Ukrayna müharibəsinin gedişində hansı yeni geosiyasi konfiqurasiyanın formalaşmasına səbəb ola bilər və ABŞ-ın müharibənin mümkün qədər tez dayandırılmasına yönələn mövqeyi ilə Kiyevin hərbi təzyiqi artırmaq xətti arasında yaranan fərqlər qarşıdakı diplomatik prosesin istiqamətinə necə təsir göstərə bilər?






Mövzu ilə bağlı Moderator.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib. 



Siyasi şərhçi bildirib ki, Tramp aralıq seçkiləri ərəfəsində hətta müvəqqəti xarakter daşısa belə, atəşkəsə nail olmaqla daxili auditoriyaya uğur görüntüsü və mesajı verməyə çalışır:


"Eyni zamanda, Zelenski və Putinin müharibənin dayandırılmasında maraqlı olduqları ilə bağlı səsləndirdikləri açıqlamalar da məhz bu prosesin tərkib hissəsidir. Lakin nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında geosiyasi ziddiyyətlər dərinləşib. Bu baxımdan, tərəflər Ukrayna məsələsi ilə bağlı tamamilə fərqli strategiyalar yürüdürlər. 


Birləşmiş Ştatların həm Avropa İttifaqına təzyiq göstərməsi, həm də Ukrayna məsələsində Rusiyanın maraqlarını özündə ehtiva edən addımlar atması Avropa İttifaqı və Britaniya üçün arzuolunmaz mənzərə yaradır.


Ona görə də hazırda həm Birləşmiş Ştatlarla aralarında olan problemlər, həm də beynəlxalq siyasətin müxtəlif aspektləri baxımından Birləşmiş Ştatlarda keçiriləcək seçkilər ciddi əhəmiyyət kəsb edir. Bu baxımdan, İrandakı problemlərlə yanaşı, Rusiyanın enerji infrastrukturunun hədəfə alınması da qlobal neft qiymətlərinə təsir göstərir.


Bu isə Birləşmiş Ştatlarda demokratların mövqelərinin güclənməsinə təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər.

Hesab edirəm ki, Ukraynanın addımlarının arxasında Avropa İttifaqı və Britaniya dayanır".


Əli Zülfüqaroğlu vurğulayıb ki, Britaniya və Avropa İttifaqı demokratların daha üstün mövqedə olmasına çalışırlar:


"Beləliklə, onlar Ukrayna məsələsi ilə bağlı Birləşmiş Ştatların siyasətinə müəyyən korrektələrin edilməsinə nail olmağa çalışırlar. Burada əsas məqam Konqresdə və Senatda üstünlüyün əldə edilməsi ilə bağlıdır.


Ona görə də Kiyevin hərbi təzyiqləri artırması, hesab edirəm ki, təsadüfi deyil və məhz bu məqsədə hesablanıb.Digər tərəfdən, bütün bu məsələlər cəbhədəki mənzərə ilə siyasi bəyanatlar arasında müşahidə olunan ziddiyyətlər fonunda inkişaf edir. 


Rusiyanın Pokrovsk istiqamətində hücumlarını gücləndirməsi Moskvanın diplomatik masada təklif etdiyi maksimalist yanaşmaları cəbhədə də reallaşdırmağa çalışdığı görüntüsünü yaradır.


Bu da, təbii ki, onu deməyə əsas verir ki, tərəflər arasında diplomatik təmasların davam etməsinə baxmayaraq, hazırda atəşkəslə bağlı hər hansı razılaşmanın əldə olunması üçün real zəmin yoxdur. 


Əksinə, qışa doğru qarşıdurmanın daha da güclənəcəyi qənaəti formalaşır. Belə bir vəziyyət diplomatik müstəvidə irəliləyişə birbaşa maneə yaradır və diplomatik addımların perspektivsiz qalmasına gətirib çıxarır".


Pərvin Şakirqızı

Moderator.az/ Redaktor