“Mən kino ittifaqının üzvüyəm, amma səhhətimə görə çox tez-tez ora gedib-gələ bilmirəm. Sözün düzü heç maraqlanmıram da. Şəfiqə Məmmədova neçə illərdir orada oturub. Özü üçün də, oğlu üçün də hər şey edib. Ev də alıb, bütün titulları da var. Başqaları üçün mən deməzdim ki, ürəklə nəsə edib. Baxmayaraq ki, 157 nəfər başqa şəxsə, səs vermişdi, amma onu seçmədilər. İmkan vermədi ki, başqası seçilsin”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib.
O daha sonra əlavə edib:
“Siz özünüz bilirsiniz ki, nazirlik fəxri ad verəndə məni seçim qarşısında qoydu. Dedilər ki, ya Prezident təqaüdünü seç, ya da Xalq artisti fəxri adını. Mən ikisindən birini seçməli idim. Mən bəyəm Xalq artisti fəxri adına layiq deyildim ki? Əlbəttə ki, layiq idim. Həmçinin də təqaüdə. Yaşım çoxdur, xəstəyəm. İkisini də bir yerdə vermək olmazdı?! Axı mən bunlara layiqəm. Mən gözlədim ki, bəlkə Şəfiqə nəsə deyər. Heç ağzını da açıb danışmadı. Sonradan dedi ki, səni nazirə mən təqdim etmişdim. Əlbəttə ki, yalan danışır. Mən onun bu sözünə inanmadım. Şəfiqə Məmmədova özü üçün çalışan, özü üçün vuruşan, camaatı adam yerinə qoymayan, insanlara yuxarıdan aşağı baxan və onlarla kobud danışan biridir. “Dmitrov 86” filmində çəkiləndə dedi ki, “rejissora səni mən tapşırmışam”. Sən kimsən məni tapşırasan?! Özü də bir minnət etdi ki.. Əslində isə rejissor Cəfər Axundzadə sınaq çəkilişi edib məni seçmişdi. Mən ondan soruşdum ki, məni Şəfiqə tapşırıb? Dedi ki xeyr! Məni sınaq çəkilişlərində lentə alan operator seçmişdi və demişdi ki, “Zemfira xanım, sizə aşiq oldum”. Əlbəttə ki, həm zahiri görünüşüm, həm də istedadım imkan verirdi ki, bu filmdə çəkilim”.