Konfliktoloq Şimali Kipr məsələsinin mümkün həll variantlarını göstərdi...
24 Sep 2026, 09:29 26 baxış 3 dəq oxuma
“Türkiyə prezidentinin BMT kürsüsündən Şimali Kiprin beynəlxalq təcridinin aradan qaldırılması üçün çağırış etməsi normal və başadüşüləndir. Amma...”
“Bu məsələyə həm də adada yaşayan insanların siyasi iradəsi və gündəlik reallıqları baxımından da yanaşmaq lazımdır...”-Əli Əskərli
“Kipr məsələsi Türkiyə üçün ciddi problem olaraq qalmaqdadır. Lakin Türkiyənin bu məsələdə uzunmüddətli strateji məqsədinin tam olaraq nədən ibarət olduğunu söyləmək o qədər də asan deyil. Heç kim bu gün əminliklə Türkiyənin nə istədiyini deyə bilməz. Yenə də Türkiyə prezidentinin BMT kürsüsündən Şimali Kiprin beynəlxalq təcridinin aradan qaldırılması üçün çağırış etməsi normal və başadüşüləndir. Amma bunun Türkiyənin Kiprlə bağlı son məqsədini tam şəkildə əks etdirdiyini söyləmək üçün daha çox dəlilə ehtiyac var”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Türkiyə liderinin BMT Baş Assambleyasının kürsüsündən beynəlxalq ictimaiyyəti Şimali Kipri tanımağa və bu dövlətlə siyasi, diplomatik və iqtisadi əlaqələr yaratmağa dəvət etməsini necə şərh edərdiniz?” sualını cavablandırarkən ifadə edən konfliktoloq və siyasi təhlilçi Əli Əskərli ardınca Kipr məsələsinin mümkün həll variantlarından da bəhs edib:
“Nəzəri baxımdan Kipr məsələsinin bir neçə mümkün həlli görünür:
- Şimali Kiprin müstəqil dövlət kimi mövcudluğunu davam etdirməsi;
-Onun Türkiyəyə birləşməsi;
-Və ya adada federal dövlət modelinin yaradılması...
Təbii ki, bu variantlardan hansının Şimali Kipr əhalisi üçün daha məqbul olduğunu müəyyənləşdirmək asan deyil. Bunun üçün obyektiv və etibarlı ictimai rəy araşdırmalarına ehtiyac var...”
“Mənim tanıdığım və söhbət etdiyim bəzi kiprlilər Türkiyənin adadakı təsirinin çox böyük olduğunu düşünürlər. Hətta bəziləri Türkiyənin Kiprdəki səfirinin faktiki olaraq Şimali Kiprin prezidentindən daha çox təsir imkanına malik olduğunu iddia edirlər. Əgər bu müşahidə daha geniş ictimai rəylə də təsdiqlənərsə, o zaman bu, problemin nə qədər mürəkkəb olduğunu göstərər. Ona görə də Kipr məsələsinə yalnız hüquqi və ya diplomatik müstəvidən deyil, adada yaşayan insanların siyasi iradəsi və gündəlik reallıqları baxımından da yanaşmaq lazımdır”,- deyə konfliktoloq vurğulayıb.