Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumu qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərin və yeni təhdidlərin müzakirə olunduğu beynəlxalq platforma kimi diqqət çəkib. Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən forumda 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edib.
Müzakirələrdə terrorçuluqla mübarizə, müasir texnologiyaların yaratdığı təhlükələr və xüsusi xidmət orqanları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri önə çıxıb.
Bu müzakirələr qlobal təhlükəsizlik arxitekturasında hansı dəyişikliklərin baş verdiyi və dövlətlərin yeni təhdidlərə qarşı əməkdaşlıq mexanizmlərini necə təkmilləşdirməli olduğu sualını aktuallaşdırır.
Maraqlıdır, müasir təhlükəsizlik mühitində terrorçuluq, transmilli təhdidlər və yeni texnologiyaların yaratdığı risklər fonunda dövlətlərin təhlükəsizlik siyasətində hansı əsas dəyişikliklər zərurətə çevrilib və xüsusi xidmət orqanları arasında operativ məlumat mübadiləsi və beynəlxalq əməkdaşlığın effektivliyini artırmaq üçün hansı mexanizmlər daha mühüm rol oynaya bilər?
Mövzu ilə bağlı Moderator.az-a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl açıqlama verib.
Ekspert qeyd edib ki, bu gün təhlükəsizlik məsələsinə əvvəlki yanaşmalarla kifayətlənmək mümkün deyil:
"Texnologiyaların sürətli inkişafı, xüsusilə süni intellektin imkanlarının genişlənməsi və gündəlik həyatın getdikcə daha çox texnoloji mühitə keçməsi təhlükəsizlik sahəsində də yeni yanaşmalar tələb edir. İnsan həyatına texnologiyanın təsiri artdıqca təhlükəsizlik qarşısında dayanan çağırışların həm xarakteri, həm də istiqamətləri dəyişir.
Ən ciddi məqamlardan biri odur ki, texnoloji inkişafla paralel olaraq cinayətkarlığın müxtəlif formaları da yeni imkanlar əldə edir. Mütəşəkkil cinayətkarlıq, terrorizm, transmilli cinayətkarlıq və kibercinayətkarlıq artıq yalnız konkret ərazi ilə məhdudlaşan təhlükələr deyil.
Bu istiqamətlər üzrə həyata keçirilən hücumların coğrafi sərhədləri olmaya bilər və təhlükənin mənbəyi ilə hədəfi arasında böyük məsafə mövcud ola bilər. Bu reallıq təhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlığı zərurətə çevirir.
Çünki milli imkanlar nə qədər geniş olsa da, sərhədlərdən kənarda formalaşan və müxtəlif ölkələri eyni vaxtda əhatə edə bilən təhdidlərin qarşısını yalnız bir dövlətin səyləri ilə almaq mümkün deyil. Xüsusi xidmət orqanları arasında məlumatların vaxtında paylaşılması, qarşılıqlı əlaqənin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır".
İlham İsmayıl vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrini bir araya gətirməsi də məhz bu zərurətin göstəricisidir:
"Forumda 100-dən çox dövlətin nümayəndəsinin iştirakı müasir təhlükəsizlik problemlərinin ayrı-ayrı ölkələrin deyil, beynəlxalq səviyyədə birgə müzakirə və əməkdaşlıq tələb etdiyini ortaya qoyur. Belə qlobal təhdidlərə qarşı informasiya mübadiləsi və koordinasiyalı fəaliyyət olmadan effektiv mübarizə aparmaq çətindir.
Forumun artıq ənənəvi xarakter alması da təsadüfi deyil. Bu, Azərbaycanın təhlükəsizlik sahəsində yaranan yeni çağırışları əvvəlcədən nəzərə aldığını və həmin problemlərin həllində beynəlxalq əməkdaşlığın əhəmiyyətini düzgün qiymətləndirdiyini göstərir.Təhlükəsizlik məsələlərində yalnız ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq tərəfdaşlığın imkanlarından istifadə olunması daha geniş nəticələr əldə etməyə şərait yaradır.
Azərbaycanın özü üçün isə təhlükəsizlik baxımından diqqətdə saxlanılmalı sahələr kifayət qədər genişdir. Enerji və nəqliyyat infrastrukturu, bank sistemi, həyati əhəmiyyətli obyektlər, rabitə və informasiya məkanı mümkün terror təhdidlərindən qorunmalı əsas istiqamətlər sırasındadır. Bununla yanaşı, regionda baş verən silahlanma proseslərinin ümumi təhlükəsizlik mühitinə göstərə biləcəyi təsir də nəzərə alınmalıdır.
Dövlət Təhlükəsizliyi Xidməti və digər xüsusi xidmət orqanlarımız indiyə qədər bu istiqamətdə üzərlərinə düşən vəzifələrin icrası ilə bağlı fəaliyyət göstəriblər. Qarşıdakı mərhələdə beynəlxalq əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkəmizin beynəlxalq təhlükəsizlik sahəsindəki töhfəsinin də genişlənməsinə imkan verə bilər".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor