“O anladı ki, həyat bizə təqdim olunan mərtəbələrdən ibarət deyil. Həyat – bizim o mərtəbələrin üstünə öz əllərimizlə tikdiyimiz o görünməz zirvədir...”
Moderator.az özünü Pənahəli xanın varisi kimi təqdim edən publisist Tural İbrahimovun “Sükutun altıncı qatı” adlı fəlsəfi-psixoloji hekayəsini dəyərli oxucuların diqqətinə çatdırır:
Qısa zəruri tanıtım:
Publisist Tural İbrahimov 1989-cu ildı Bakıda anadan olub. Orta və ali məktəbi də Bakıda bitirib. Hazırda da paytaxtda yaşayır. “Azərişıq” ASC-də çalışır.
Özünün sözlərinə görə, Tural İbrahimov əslən Şuşadan olmaqla ata tərəfdən Pənahəli xanın soyundandır. Belə ki, onun ata babası Səməd bəy - Pənahəli xanın böyük oğlu İbrahimxəlil xanın soyundandı. Ana tərəfdən isə Qarabağda məşhur olan Xələf bəyin nəslindəndir.
Tural İbrahimov publisistik yazılar müəllifidir. Onews.az-da onun imzası ilə köşə yazıları dərc olunur.
2026-cı ilin fevralında onun “İZ” adlı ilk kitabının nəşr olunduğu barədə məlumat yayılıb. Kitabda həyat təcrübəsi, ailə dəyərləri və tarixi yaddaş mövzularına toxunulur.
**** **** ***
Sükutun altıncı qatı...
Bakıda, dar küçələrin birində, binaların hündürlüyü ilə deyil, içindəki yaşanmışlıqlarla ölçüldüyü o köhnə məhəllələrdən birində qəribə bir ev vardı. Rəsmi sənədlərdə bu bina "5 mərtəbəli" keçirdi, amma o binanın sakinləri bilirdilər ki, orada hər kəsin görə bilmədiyi bir altıncı mərtəbə də var.
...Bu mərtəbə beton və kərpicdən deyil, arzular və sükutdan tikilmişdi. Və bu mərtəbənin yeganə sakini Xanım idi...
Xanım o qızlardan idi ki, otağa girəndə hamı susar, amma onun gözəlliyindən deyil, baxışlarındakı o dərin, izaholunmaz hüzundan sanki bir anlıq nəfəsini dərərdi. O, beşinci mərtəbədəki mənzilində yaşayırdı, amma ruhu həmişə o görünməyən pilləkənləri qalxıb damın düz ortasında, ulduzlara bir addım qalmış dayanardı.
Onun üçün həyat bir "5 mərtəbəli bina" kimi idi:
Birinci mərtəbə: Keçmişin tozlu xatirələri.
İkinci mərtəbə: Gündəlik qayğılar və iş.
Üçüncü mərtəbə: Başqalarının onun haqqında düşündükləri.
Dördüncü mərtəbə: Qorxular.
Beşinci mərtəbə: Real dünya...
Amma Xanım həmişə 6-cı mərtəbəyə qaçırdı. Orada nə saat işləyirdi, nə də telefonlar çəkirdi. Orada yalnız dənizdən gələn Xəzri və bir də onun bitməyən düşüncələri vardı...
...Bir axşam Xanım damda, Bakının sayrışan işıqlarına baxarkən qəfildən yanında bir kölgə hiss etdi. Bu, illərdir bu binada yaşayan, amma heç vaxt diqqətini çəkməyən yaşlı bir yazıçı idi. Kişi ona tərəf dönmədən pıçıldadı:
"Bilirsən, Xanım, 6-cı mərtəbəni hər kəs tapa bilmir. Bura yalnız o insanlar gəlir ki, onlar üçün dünya beş divarın arasından daha böyükdür..."
Xanım gülümsədi. Onun gülüşündə payız günəşinin istisi vardı.
"Mən bura qaçmıram" – dedi Xanım. "Mən bura sadəcə özümü tapmağa gəlirəm. Çünki aşağıda hamı məni 'Xanım' adlandırır, amma heç kim içimdəki o kiçik qızın adını bilmir…"
6-cı Mərtəbənin Sırrı...
Yazıçı ona köhnə, dəri üzlü bir dəftər uzatdı. Dəftərin içi boş idi...
"Bu sənin 6-cı mərtəbəndir," – dedi. "Aşağıdakı 5 mərtəbə səni formalaşdırır, sənə qaydalar qoyur. Amma bu dəftər sənin azadlığındır. Ora elə şeylər yaz ki, onları nə külək apara bilsin, nə də zaman silsin."
Xanım o gecədən sonra dəyişdi. O, artıq yalnız xəyallar quran bir qız deyil, xəyallarını həyata keçirən bir qadına çevrilirdi. O, 6-cı mərtəbədə yazdıqlarını 1-ci mərtəbədən başlayaraq hər kəsə hiss etdirməyə başladı.
Yolda yeriyəndə insanlara elə baxırdı ki, sanki hər kəsin gizli bir 6-cı mərtəbəsi olduğunu bilirmiş kimi.
... Onun sükutu artıq boşluq deyil, musiqi kimi səslənirdi.
Xanım anladı ki, həyat bizə təqdim olunan mərtəbələrdən ibarət deyil. Həyat – bizim o mərtəbələrin üstünə öz əllərimizlə tikdiyimiz o görünməz zirvədir...
İndi o binanın yanından keçənlər bəzən yuxarı baxırlar. Deyirlər ki, ayın ən parlaq olduğu gecələrdə, 5 mərtəbəli evin damında bir qız görünür. O, əlindəki dəftərə ulduzların işığı ilə nəsə yazır. Və o yazılanlar, Bakının küləyinə qarışıb şəhərin hər küncünə bir ümid toxumu kimi səpilir.
Çünki hər bir insanın daxilində bir Xanım və hər bir beşmərtəbəli binanın bir 6-cı mərtəbəsi var. Yetər ki, o pilləkənləri qalxmağa cəsarətin olsun...
Müəllif:
Tural İbrahimov, Pənahəli xanın varisi