Yeniyetməlik dövrü uşağın həm psixoloji, həm emosional, həm də sosial baxımdan ciddi dəyişikliklər yaşadığı mərhələdir. Bu dövrdə valideynlər övladlarının əvvəlkindən daha qapalı, əsəbi, həssas, etirazkar və ya ailədən uzaq davrandığını müşahidə edə bilirlər. Bəzən isə adi yeniyetmə davranışı ilə psixoloji dəstəyə ehtiyac yaradan vəziyyət arasındakı sərhədi müəyyənləşdirmək valideyn üçün çətin olur.
Bu baxımdan, yeniyetməlik dövründə uşağın davranışı niyə dəyişir, bu dəyişikliklərin hansı hissəsi yaş dövrünün təbii xüsusiyyətidir, hansı hallarda isə narahatlıq siqnalı kimi qiymətləndirilməlidir?
Valideyn bu mərhələdə övladına necə yanaşmalı, onunla ünsiyyəti necə qurmalı, nəzarət və sərbəstlik arasında hansı sərhədi müəyyənləşdirməlidir? Xüsusilə telefon və sosial mediadan istifadə, dost çevrəsinin təsiri, dərs və imtahan təzyiqi, özünəinam, xarici görünüşlə bağlı narahatlıqlar və valideynlərlə fikir ayrılıqları fonunda böyüklər hansı davranışlardan çəkinməlidirlər?
Eyni zamanda, valideyn hansı əlamətləri vaxtında fərq etməlidir ki, yeniyetmənin yaşadığı problemin sadəcə “keçid dövrü” olmadığını və artıq mütəxəssis dəstəyinə ehtiyac yarandığını anlaya bilsin?
Mövzu ilə bağlı Moderator.az-a Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Uzman- Klinik(tibbi) psixoloq Narınc Rüstəmova açıqlama verib.
Psixoloq qeyd edib ki, yeniyetməlik dövrü həm uşaq, həm də valideyn üçün ən mürəkkəb keçid mərhələlərindən biridir. Bu dövrdə uşağın davranışlarının dəyişməsi bioloji, psixoloji və sosial faktorların eyni anda baş verməsi ilə bağlıdır:
"Yeniyetməlik dövründə uşaqların maraq dairəsi, sosial çevrəsi dəyişir və bütün bunlar da, təbii ki, onların psixologiyalarına təsir göstərir. Bu zaman valideynlərdən və böyüklərdən ayrı, müstəqil qərarlar vermək istəyi güclənir, həmçinin hormonal dəyişikliklər səbəbindən ani əhval dəyişiklikləri, həssaslıq bu uşaqlarda müşahidə olunur.
9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar.
Xüsusilə, 14-16 yaş yeniyetməlikdə “böhran dönəmi” hesab olunur. Bu dönəmlərdə valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbrlə yanaşmalıdır. Onların aqressiv hərəkətlərinə şiddətlə və aqressiya ilə cavab vermək doğru yanaşma üsulu deyil. Əksinə, yaxşı olar ki, valideynlər o danışarkən dərhal məsləhət verməyə və ya mühakimə etməyə tələsməsinlər".
"Sadece: “Səni anlayıram, bu həqiqətən çətin vəziyyətdir. Mənim köməyimə ehtiyacın var, yoxsa sadəcə dinləməyimi istəyirsən?" kimi reaksiya vermək onda güvən hissini daha da gücləndirir və “anam, atam məni dinləyir” fikiri formalaşdırır. Ona görə də, yeniyetməlik dönəmində hədsiz qadağalar və cəzalar verilməsi doğru deyildir.
Çünki, uşaq bu cəzanı artıq şəxsiyyətinə hörmətsizlik, təcavüz, alçaldılma kimi başa düşür. Bu da valideyn-övlad münasibətlərinin mənfiyə doğru yönəlməsinə gətirib çıxarır. Əksinə valideynlər “mən sənin yanındayam” mesajını ötürməli və bunu uşağa hiss etdirməlidir.
Bir çox hallarda valideyn-övlad-psixoloq üçbucağının qurulması lazım olur. Belə ki, yeniyetmələr çox vaxt daxili dünyalarını valideynlərinə tam aça bilmirlər, lakin neytral və peşəkar bir mütəxəssislə ünsiyyət onlara problemlərini həll etməkdə böyük kömək edir.
Doğrudur, praktikada bir çox hallar da olur ki, yeniyetmələrin aqressivlik nümayiş etdirdiyini və psixoloqa gəlmək istəməmələrini müşahidə edirik. Belə olan halda ən optimal çıxış yolu ailə terapiyasıdır. Yəni ilk öncə bir neçə dəfə valideynlər özləri seanslara gəlməli və bunun çox normal bir şey olduğunu övladına izah etməlidir.
Beləcə artıq bir müddət sonra yeniyetmə heç bir kənar müdaxilə olmadan ailəsi ilə birlikdə özü psixoloq qəuluna getmək istəyəcək. Psixolji dəstək, peşəkar psixoloqun və ailənin yardımları ilə problemlər korreksiya oluna və bu dövr daha az problemlə keçə bilər.”
Pərvin Şakirqızı
Moderator.az-a/ Redaktor
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.