İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün ABŞ-yə reallaşdırdığı səfər və onun rəsmi dövlət təyyarəsi olan "Sion qanadı"nın (Wing of Zion) uçuş marşrutu qlobal medianın diqqət mərkəzinə çevrilib. Baş nazirin Nyu-Yorkun ən böyük hava limanı olan Con Kennedi ("JFK") Beynəlxalq Hava Limanından imtina edərək qonşu Nyu-Cersidəki hərbi bazaya eniş etməsi dünya miqyasında müxtəlif siyasi və hərbi mülahizələrə yol açıb. Müxtəlif qütblərdən olan rəsmi və qeyri-rəsmi mənbələr bu addımın pərdəarxası səbəblərini fərqli prizmalardan şərh edirlər.
Moderator.az bu haqda ABŞ, İsrail, İran, Rusiya, Avropa, Türkiyə və s. mənbələrinə istinadla yazır.
İsrail mənbələri:
Ölkənin nüfuzlu “Yedioth Ahronoth” qəzeti qeyd edir ki, Con Kennedi hava limanından imtina edilməsi həm loqistik, həm də yerli siyasi gərginliklərlə bağlıdır. İsrail təhlükəsizlik xidmətləri Netanyahu əleyhinə kəskin mövqeyi və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına verdiyi kəskin dəstəyi ilə tanınan Nyu-York meri Zohran Mamdaninin mümkün siyasi demarşlarından ehtiyat edib. Əsas narahatlıq ondan ibarət olub ki, mer "Sion qanadı"nın “JFK”-də qalmasına icazə verməyərək təyyarənin dərhal uçub getməsini tələb edə bilərdi. Bu səbəbdən İsrail tərəfi dərhal planı dəyişərək daha qapalı və nəzarət oluna bilən alternativ marşrutlara üstünlük verib...
ABŞ mənbələri:
Birləşmiş Ştatların aparıcı media qurumları, o cümlədən “Associated Press” (“AP”) həm uçuşun, həm də yerüstü təhlükəsizliyin təminatında Federal Təhlükəsizlik Xidmətinin (Secret Service) müstəsna rolunu vurğulayır. Analitiklər Netanyahunun Nyu-Yorkda ciddi etiraz dalğası ilə qarşılaşacağını qabaqcadan proqnozlaşdırmışdılar. “JFK” əvəzinə hərbi bazaya eniş etmək, Baş nazirin etirazçılarla birbaşa vizual təmasından yayınmasına və onun təhlükəsiz şəkildə BMT qərargahına çatdırılmasına xidmət edib. Həmçinin Netanyahunun şəhərdə gecələməyəcəyi və səfərini cəmi bir neçə saata sığdırdığı vurğulanır...
Avropa mənbələri:
Böyük Britaniyanın “The Guardian” qəzeti və regional aviasiya portalları mövzunun hüquqi tərəfini ön plana çıxarır. Avropa mətbuatı diqqəti Netanyahunun təyyarəsinin yalnız ABŞ-yə enərkən deyil, bütövlükdə transatlantik uçuş zamanı BCM-nin Roma Statutuna üzv olan İspaniya və Fransa kimi bəzi ölkələrin hava məkanından sığortalanmaq üçün yolu uzatmasına yönəldib. Avropalı şərhçilər hesab edir ki, hər hansı fors-major və ya məcburi eniş zamanı saxlanılma riski İsrail aviasiyasını daha ehtiyatlı marşrut seçməyə məcbur edib...
İran və Rusiya mənbələri:
Tehran və Moskva mərkəzli dövlət media orqanları isə bu hadisəni Qərbin və İsrailin daxili ziddiyyətlərinin təzahürü kimi şərh edir. İran mənbələri iddia edir ki, Netanyahunun Nyu-York aeroportuna enməkdən yayınması onun beynəlxalq miqyasda qanunsuz elan olunmasının və "müharibə cinayətləri" səbəbindən artan qlobal təcridinin bariz sübutudur. Rusiya siyasi şərhçiləri isə qeyd edirlər ki, ABŞ-nin federal səviyyədə İsraili tam dəstəkləməsinə baxmayaraq, regional və ştat səviyyəsindəki daxili siyasi qütbləşmələr İsrail rəhbərliyini hətta müttəfiq ölkənin daxilində belə gizli və ehtiyatlı hərəkət etməyə vadar edir.
Türkiyə mediası:
Türkiyə mediası digər qlobal mənbələrlə müqayisədə İsrail Baş nazirinin marşrut dəyişikliyini hərbi-siyasi kontekstdə daha kəskin və ittihamedici dildə təqdim edib. Türk mətbuatı bu hadisəni loqistik ehtiyatlılıq kimi deyil, birbaşa Qəzza cinayətlərinə görə yaranmış beynəlxalq "həbs olunma qorxusu" və qlobal təcridin sübutu olaraq şərh edib. Digər ölkələrin mediasından fərqli olaraq, Türkiyə xəbər agentlikləri Kanadanın uçuş icazəsi ilə bağlı tərəddüdlərinə xüsusi diqqət ayıraraq, İsrail rəhbərliyinin hətta NATO müttəfiqləri tərəfindən belə, sıxışdırıldığını vurğulayıb...
Eyni zamanda, türk analitiklər Netanyahunun bu gizli eniş manevrini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı tarixi çıxışı ilə paralel təhlil ediblər. Prezident Ərdoğan BMT kürsüsündən beynəlxalq ictimaiyyəti sərt şəkildə ittiham edərək, Qəzzada törədilən qətliamların müəllifi olan Netanyahunun vaxtilə Adolf Hitlerin dayandırıldığı kimi insanlıq naminə mütləq dayandırılmalı olduğunu bəyan edib. Türk mətbuatı məhz bu iki mənzərəni qarşı-qarşıya qoyaraq, Netanyahunun Nyu-Yorkun əsas hava limanından qaçmasını onun BMT-dəki həmin ağır diplomatik zərbədən öncəki psixoloji sarsıntısı kimi qiymətləndirib. Beləliklə, digər mənbələr məsələyə yalnız yerli təhlükəsizlik və ya hüquqi protokol kimi yanaşdığı halda, Türkiyə mediası hadisəni tamamilə beynəlxalq siyasi iradənin və ədalət tələbinin qələbəsi kontekstində xülasə edib...
Nəticə etibarilə, hesab etmək olar ki, "Sion qanadı"nın Avropa üzərindən ehtiyatla keçməsi və birbaşa Nyu-Yorka uçmaması həm beynəlxalq hüquqi təzyiqlərdən (BCM), həm dünya, İran, Fələstin, Türkiyə daxil olmaqla türk-İslam dünyasında, həmçinin ABŞ daxilindəki etiraz aksiyalarından, həm də yerli hakimiyyət orqanları ilə yarana biləcək siyasi insidentlərdən yayınmaq məqsədi daşıyan kompleks bir təhlükəsizlik manevridir...
S.Laçın