Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda regionun üç aparıcı hərbi gücü olan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi rəhbərliyi arasında hərəkətlilik ən yüksək səviyyəyə çatıb.


Moderator.az xəbər verir ki, İranın "Mehr" xəbər agentliyi, Pakistanın "Dawn", Qətərin "Əl-Cəzirə", İsrailin "Ynetnews" və digər nüfuzlu beynəlxalq mediad, həmçinin hərbi-analitik mənbələrin yaydığı məlumata görə, yaxın müddətdə üç ölkənin hərbi komandirlərinin iştirakı ilə "təcili" statuslu kritik birgə iclasın keçirilməsi planlaşdırılır.






Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi komandirlərinin qatılacağı bu təcili görüşün əsas gündəmini, ölkələr arasında avqust ayında imzalanmış tarixi kollektiv müdafiə müqaviləsinə (Məkkə Paktı) əsaslanan Ər-Riyada birbaşa hərbi və strateji dəstək formalarının müəyyənləşdirilməsi təşkil edəcək.


Keçiriləcək görüşdə müttəfiqlərin Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək üçün hansı praktiki və operativ addımlar ata biləcəyi detallı şəkildə müzakirə olunacaq.


Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı verdiyi rəsmi açıqlamaya görə, bu strateji addım Yəmənin "Ənsarullah" (Husi) hərəkatının Krallığın strateji və mülki obyektlərinə qarşı son dövrlərdə artan intensiv hücumlarından sonra zərurətə çevrilib. Açıqlamada qeyd olunur ki, müttəfiq dövlətlər "Ər-Riyadın beynəlxalq hüquqa əsaslanan özünümüdafiə hüququnu" tam şəkildə dəstəkləməyə və Krallığın hava, eləcə də regional dəniz sərhədlərinin qorunmasına hərbi-texniki töhfə verməyə hazırlaşırlar.


İran mediasının təhlillərinə görə, bu təcili iclas və formalaşmaqda olan hərbi mexanizm bölgədə yeni güc balansının yaranmasından xəbər verir. Lakin bu ittifaq artıq "Ənsarullah" hərəkatının da kəskin reaksiyasına səbəb olub. Yəmən tərəfi Səudiyyə Ərəbistanına birbaşa fiziki və hərbi dəstək verəcək istənilən ölkəni hədəf alacaqları ilə bağlı hədə-qorxu dolu bəyanatlar səsləndirib. Buna baxmayaraq, Pakistan hərbi rəhbərliyi müqəddəs şəhərlərin və Krallığın suverenliyinin qorunması üçün "hər bir addıma hazır olduqlarını" nümayiş etdirir. Təcili keçiriləcək bu hərbi zirvədən sonra tərəflərin birgə hərbi qərargahın fəaliyyət planını və ortaq komandanlıq strukturunu tam elan edəcəyi gözlənilir.


S.Laçın