“Rəhbərliyə dedim ki, daha bu rolu oynamaq istəmirəm, etiraz etdilər ki..” - 50 yaşlı Anar Heybətov - ÖZƏL+FOTO
25 Sep 2026, 09:26 30 baxış 2 dəq oxuma
Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Əməkdar artist Anar Heybətovun 50 yaşı tamam olur.
Moderator.az-a özəl açıqlama verən sənətkar bildirib ki, ad gününü bu axşam tamaşaçılarla və doğma kollektivi ilə birlikdə qeyd edəcək:
“Ad günümdə səhnədə olacam. Doğma teatrımda “Ölülər” tamaşasında kefli İsgəndər rolu ilə çıxış edəcəm. Bilirsiniz ki, bu tamaşanın rejissoru mərhum Xalq artisti, müəllimim Azər Paşa Nemətovdur. 50 yaşın necə və nə vaxt gəlib keçdiyini hiss etmədim. Bəzən inanmıram ki, 50 yaşım olur, amma sənədə baxanda həqiqəti görürəm (gülür).
Bu illər ərzində saysız-hesabsız rollar oynamışam. Hər biri də arzuolunan obrazlardır. Bəlkə də istədiyim, arzuladığım rollar da olub. Yəqin ki, nə vaxtsa onları oynamaq da qismət olur. Bu gün teatrımızda çox istedadlı, qabiliyyətli gənc aktyorlar var. Əslində 50 yaşım tamam olandan sonra “Ölülər” tamaşasında kefli İsgəndər rolunu cavanlara vermək istəyirdim. Hətta bununla bağlı teatrın rəhbərliyinə də müraciət etdim. Həm də bu rolu 10 ildir oynayıram. Mənə dedilər ki, sən səhnədə 50 yaşında görünmürsən. Bilmirəm bu kompliment idi yoxsa həqiqət? (gülür). Teatrdan hələ bir neçə il də bu rolu oynamağı mənə məsləhət gördülər. Ondan sonra yəqin ki, gənclərə ötürərik. Belə olduğu təqdirdə quruluş da itməz. Çünki Azərpaşa Nemətov bu tamaşanı böyük zəhmətlə hazırlayıb. Həm də onun quruluşundan bir də tapa bilmərik. Allah ona rəhmət etsin. Amma inanıram ki, gələcəkdə gənclər bu quruluşu yaşada bilərlər”.