“Hərbçilərin maaş artımı ilə bağlı ehtimallar var. Məncə hər şey yaxşı olacaq. Bu ciddi bir sənəd və yanaşmadır. Hazırda Azərbaycan iqtisadiyyatının da imkanları genişlənib, digər tərəfdən də neft və enerji daşıyıcıları da müəyyən bir təkan verir bizim büdcəmizə. Siz bilirsiniz ki, Azərbaycanın hərbi büdcəsi də çoxalıb. Ona görə də mənə elə gəlir ki, artıq bizim hərbçilərin maaşları əvvəlki kimi 10-20 faiz yox, hər halda onları sevindirəcək qədər artacaq. Bir şeyi bilirəm ki, bu məsələnin üzərində ciddi işlənilir. Bu hərbçilərin ən yüksək maaş artımı kimi tarixə düşəcək”.
 




Bu fikirləri Moderator.az-a açıqlamasında  ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
 
O daha sonra Azərbaycan ordusunda gedən islahatlardan da danışıb:
 
“Dövlətimiz uzun müddətdir buna hazırlaşırdı. Azərbaycanda ordusunda gedən islahatlar, Türkiyə modelinə keçid elə-belə deyildi. Biz artıq yekun mərhələdəyik. Mənə elə gəlir ki, bu mərhələnin yekun hissəsi də Azərbaycan hərbçilərinin sosial, maaş və maliyyə baxımından vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycan ordusunun elə bir sahəsi yoxdur ki, bu islahatlar aparılmasın. Adətən maliyyə ilə bağlı qərarlar islahatların ən son mərhələsində nəticə olaraq qəbul olunur”.