Qərbi Azərbaycan xronikası silsiləsindən: 1948-ci ilin sərt küləyinə qarşı dayanan el ağsaqqalı - CAHAN ƏLİYEV
25 Sep 2026, 15:30 25 baxış 6 dəq oxuma
Bəzi insanlar ömrünü yaşayır, bəziləri isə ömrünü bir elin, bir obanın taleyinə bağlayır. Belə insanların həyatı yalnız şəxsi bioqrafiya deyil, bütöv bir nəslin yaddaşına çevrilir. Qərbi Azərbaycanın Göyçədən üzü bəri Qazax malına, Vedibasardan Zəngibasara qədər adı hörmət və ehtiramla çəkilən Cahan Əliyev də məhz belə şəxsiyyətlərdən idi.
Cahan kişi sadəcə el ağsaqqalı deyildi. O, ağır zamanlarda sözünün çəkisi olan, haqsızlıq qarşısında susmayan, doğma elinin-obasının taleyini öz taleyi bilən bir insan idi. Onun bütün ömrünün başlıca qayəsi milli yaddaşı, el birliyini və doğma yurda bağlılığı qorumaq olmuşdu.
Tarixin elə səhifələri var ki, onları yalnız arxiv sənədləri ilə oxumaq mümkün deyil. Bəzən həmin səhifələr insanların yaddaşında, nənələrin danışdığı əhvalatlarda, el ağsaqqallarının söylədiyi xatirələrdə yaşayır.
Cahan Əliyevin 1948-ci il köçürülməsinə qarşı mübarizəsi
Qərbi Azərbaycanın Krasnoselsk rayonunda – bu gün Çəmbərək adı ilə xatırlanan bölgədə – rayon İcraiyyə Komitəsinin sədri Cahan Əliyev təkcə rayon səviyyəli rəhbər deyildi. O, Qazax mahalında, Göyçə mahalında , Vedibasarda, Zəngibasarda, eləcə də Azərbaycanda və Ermənistan ərazisində yaşayan azərbaycanlılar arasında böyük nüfuza malik, sözü keçən el adamı kimi tanınırdı.
1948-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi məsələsi gündəmə gələndə Cahan Əliyev bu qərara açıq etiraz etdi. Rayon səviyyəsində keçirilən iclasda onun mövqeyi xüsusilə kəskin idi:
“Bizim camaat aran zonasına köçə bilməz. Əgər köçürülmə qaçılmazdırsa, bizi Qarabağa köçürün. Biz dağ adamlarıyıq, dağlıq ərazidə yaşamışıq.”
Məsələ səsə qoyuldu.
Nəticə Cahan Əliyevin təklifinin lehinə cəmi bir səs fərqi ilə oldu və Krasnoselsk rayonunda köçürülmə dayandırıldı.
Bir rayon rəhbərinin çıxışı və bir səs fərqi ilə qəbul olunan qərar İrəvanda ciddi narahatlıq yaratdı. Krasnoselsk rayonunun birinci katibi Martirosyan təcili olaraq Yerevana çağırılır. Ondan soruşulur:
— Siz necə olur ki, Stalin qərarına qarşısına çıxırsınız?
Martirosyanın cavabı qısa olur və Ermənistan rəhbərliyini ciddi qərar qəbul etməyə vadar edir:
— Yoldaş katib, bizim rayonda Rayon İcraiyyə Komitəsinin sədri Cahan Əliyev adlı bir türk var. Nəinki regionda, Ermənistan ərazisində yaşayan bütün azərbaycanlılar arasında böyük nüfuza sahibdir. Bu məsələnin qarşısını o aldı. Camaat da onun sözündən dönmür.
Bundan sonra Cahan Əliyev Ermənistan rəhbərliyinin diqqət mərkəzinə düşür. Onun vəzifədə saxlanmasının gələcəkdə ciddi problemlər yarada biləcəyi barədə Moskva ilə əlaqə saxlanıldığı və onun aradan götürülməsinin məsələsi Yerevanda ciddi müzakirə edilir.
Bundan sonra Krasnoselsk rayonunun birinci katibi Martirosyanla Cahan Əliyev arasında qarşıdurma daha da kəskinləşir. Sonuncu dəfə köçürülmə siyasətinə qarşı kəskin etiraz edən Cahan Əliyev Martirosyanın kabinetində onunla ciddi mübahisə edib. Qarşıdurma o qədər kəskinləşib ki, hadisə fiziki toqquşmaya çevrilib və Martirosyan ağır vəziyyətdə qalıb.
Bir müddət sonra Cahan kişinin evinə onun ardınca təxminən səkkiz milis əməkdaşı gəlir. Cahan Əliyev vəziyyəti anlayır, lakin özünü itirmir:
— Əgər çağırırlarsa, gedəcəyəm.
Milisləri gözlətməklə vaxt qazanır. Əvvəlcədən etibar etdiyi qohumu İbrahimin köməyi ilə gizli şəkildə Gədəbəyə keçir.
Cahan kişi yaxşı anlayırdı ki, həbs olunarsa, məsələ yalnız onun taleyi ilə bitməyəcək. Onun arxasında dayanan insanların da köçürülməsi təhlükəsi vardı.
Gədəbəyə çatdıqdan sonra da mübarizəsini dayandırmır.Ermənistanın Dövlət Təhlükəsizlik orqanları onu axtarışa versələr də, Gədəbəy camaatı Cahan Əliyevi qoruyur və onun yerini açıqlamır.
Lakin Cahan kişinin məqsədi gizlənmək deyildi. O, doğma yurduna qayıtmaq istəyirdi.
1953-cü ildə Moskvaya gedərək məsələni yuxarı instansiyalarda qaldırdığı, köçürülmənin qarşısının alınmasında göstərdiyi mövqeyə görə doğma Əmirxeyr kəndinə qayıdır. Burada müxtəlif vəzifələrində çalışaraq həyatını davam etdirir.
Cahan Əliyevin həyat yolu bir həqiqəti göstərir: bəzən tarix böyük qərarların deyil, həmin qərarlara “yox” deməyə cəsarət edən insanların iradəsi ilə yadda qalır.
1948-ci ildə bir iclasda səslənən bir fikir və bir səs fərqi bütöv bir rayonun taleyinə təsir göstərdi.
O səs Cahan Əliyevin səsi idi.
Çəmbərəkin dağlarından, Göyçənin sahillərindən, ata-baba yurdlarından, orada qalan evlərdən, məzarlardan və bir vaxtlar həmin torpaqlarda yaşayan insanların xatirələrindən danışırıq. Cahan kişi də həmin yaddaşın simalarından biridir. Onun adı bəlkə rəsmi tarix kitablarının səhifələrində geniş yer almayıb. Lakin el yaddaşı başqa cür işləyir. El yaddaşı öz qəhrəmanlarını unutmur.
Cahan Əliyevin də xidmətləri unudulmamalıdır.
İndi Sizə təqdim edəcəyimiz video süjetdə Azərbaycan Tibb Universitetinin uzun illər prorektoru vəzifəsində çalışmış Cahan Əliyevin oğlu, professor Sabir Əliyev atasının həmin dövrdə rayon rəhbərliyi ilə münasibətlərindən, azərbaycanlı kəndlərinin sosial problemlərinin həllinə çalışmasından və erməni rayon rəhbərliyi ilə ciddi qarşıdurmalar yaşamasından bəhs edilir. Mənbədə Cahan Əliyevin cəsarəti və prinsipiallığı xüsusi vurğulanır.