İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Azərbaycan və Ermənistan arasında “real güc balansı”nın yaradılmasının uzunmüddətli sülh üçün vacib olduğunu bildirib və regionda “yeni güc balansı”nın formalaşdırılmasını İranın mövqeyi kimi təqdim edib. 


O, eyni zamanda, bölgədə geosiyasi dəyişikliklərin qəbuledilməz olduğunu və status-kvonun qorunmalı olduğunu vurğulayıb.






Maraqlıdır, bu açıqlamalar İranın Cənubi Qafqazdakı proseslərə yanaşması baxımından nəyi göstərir və “güc balansı” ilə “status-kvonun qorunması” tezisləri İranın regional siyasətində hansı məzmun daşıyır?


Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib. 


Millət vəkili qeyd edib ki, İranın Ermənistandakı səfirinin Azərbaycan və Ermənistan arasında “real güc balansı”nın yaradılması və “status-kvonun qorunması” barədə açıqlamaları Tehranın Cənubi Qafqaz üzrə regional strategiyasının fundamental prinsiplərini bir daha nümayiş etdirir:



"Bu bəyanatlar İranın xarici siyasətində tətbiq edilən klassik "güclərin balansı" və "coğrafi status-kvo" konsepsiyalarının Cənubi Qafqaz geosiyasi reallıqlarına uyğunlaşdırılmış təzahürüdür. Siyasi analiz baxımından İranın “yeni güc balansı” tezisini irəli sürməsi, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il anti-terror tədbirlərindən sonra bölgədə Azərbaycanın xeyrinə dəyişən qüvvələr nisbətindən duyulan narahatlığı ifadə edir. 


Sirr deyil ki, Tehran üçün arzulanan güc balansı Azərbaycan və Ermənistanın hərbi-siyasi potensialının bir-birini tarazlaşdırması deməkdir. Ermənistanın zəifləməsi və Azərbaycanın regional liderliyini möhkəmləndirməsi İranın Cənubi Qafqazda arzu etdiyi formada təsir imkanlarını məhdudlaşdırır. 


Bu səbəbdən “real güc balansı” çağırışı, əslində, Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına, onun regional sistemdə zəif halqa kimi sıradan çıxmasının qarşısının alınmasına və Azərbaycan-Türkiyə oxunun dominantlığının neytrallaşdırılmasına yönəlmiş diplomatik çətirdir.


Beynəlxalq hüquq və geosiyasət prizmasından “status-kvonun qorunması” və “geosiyasi dəyişikliklərin qəbuledilməzliyi” tezisi isə birbaşa regionun sərhəd xəritəsinin, xüsusilə də Ermənistanın Syunik vilayətinin toxunulmazlığına söykənir".


Deputat onu da vurğulayıb ki, İran Zəngəzur dəhlizinin açılmasını özünün şimal sərhəd təhlükəsizliyinə və Ermənistan üzərindən Avropaya və Rusiyaya çıxan alternativ tranzit marşrutlarına birbaşa təhdid hesab edir:


"Tehranın hüquqi və siyasi çərçivədə “sərhədlərin toxunulmazlığı” prinsipinə bu dərəcədə vurğu yönəltməsi, BMT Nizamnaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyü prinsiplərini öz milli maraqlarına uyğun olaraq alətə çevirmək cəhdidir.


Eyni zamanda, bu açıqlamalar İranın regiona kənar aktorların, xüsusilə NATO, ABŞ və İsrailin daxil olmasına qarşı yönəlmiş sistemli müqavimətinin tərkib hissəsidir. Tehran Ermənistanın Qərblə yaxınlaşması fonunda belə, İrəvanın zəifləyərək tamamilə başqa bir güc mərkəzinin nəzarətinə keçməsini istəmir və Ermənistanı bufer zona kimi saxlayaraq öz təhlükəsizlik qurşağını qorumağa çalışır. 


İran diplomatiyası uzunmüddətli sülhü ədalətli beynəlxalq hüquq normalarında deyil, tərəflərin bir-birini qarşılıqlı şəkildə neytrallaşdırdığı "paritet zəiflik" və ya "idarə olunan gərginlik" modelində görür.


Bu baxından İran səfirinin işlətdiyi terminologiya Tehranın Cənubi Qafqazda kənar güclərdən azad, yalnız İranın həlledici rol oynadığı və mövcud geosiyasi sərhədlərin dondurulduğu bir nizam yaratmaq istəyini ortaya qoyur. 


Bu yanaşma Cənubi Qafqazda dəhlizlərin açılması, inteqrasiya və yeni sülh arxitekturasının qurulması prosesləri ilə ziddiyyət təşkil edərək, İranın regiondakı dəyişikliklərə qarşı mühafizəkar və tormozlayıcı mövqe tutduğunu sübut edir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor