Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Moderator.az saytının informasiya dəstəyi ilə həyata keçirdiyi “Qarabağ təhsilinin ənənələri: keçmişdən gələcəyə” layihəsinin yekun tədbirini keçirib.


Tədbir layihə rəhbəri Hüseyn Zülfüqaroğlunun çıxışı ilə başlayıb. O, tədbir iştirakçılarına layihə haqqında məlumat verib. Məlum olub ki,  layihə çərçivəsində keçmişdən bu günədək Qarabağda maarif, təhsil və elmin inkişafında böyük xidmətləri olmuş bir sıra şəxsiyyətlərin həyat və yaradıcılığı araşdırılaraq barələrində geniş məqalələr, müsahibələr dərc edilib.






Üç ay davam edən layihənin məqsədi Qarabağın yalnız zəngin tarixi və mədəni irsini deyil, eyni zamanda əsrlər boyu formalaşmış təhsil və maarifçilik ənənələrini diqqətə çatdırmaq olub. Bu istiqamətdə 12 məqalə hazırlanaraq onlayn mediada dərc edilib.


Tədbirdə bir sıra ali təhsil ocaqlarının tanınmış müəllimləri, araşdırmaçılar, tələbələr və digər qonaqlar iştirak ediblər.


Çıxış edənlər arasında əməkdar müəllim Hüseyn Şahbəndəyev təhsilimizin keçmiş və hazırki durumunu təhlil edərək digər iştirakçıların da qoşulduğu maraqlı müzakirələrə səbəb olub. 


Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı Mütəllim Rəhimov öz çıxışında Qarabağ təhsilinin, ümumiyyətlə ölkə təhsilinin gələcək inkişafı üçün müasir pedaqoji metod və texnologiyalarla yanaşı keçmiş ənələrə də arxalanmağın vacibliyini vurğulayıb.


Həmin universitetin müəllimi Sevil Bəhrəmova Qarabağda dini və dünyəvi təhsilin tarixindən ətraflı məlumat verərək keçmiş müəllim və pedaqoqlarımızdan hələ çox şey öyrənməli olduğumuzu diqqətə çatdırıb.


İqtisad Universitetinin müəllimi, XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağda təhsil və maarifçiliyin inkişafında özünəməxsus rol oynamış Şuşa şəhərinin keçmiş axundu, hazırda əsərlərinin əlyazmaları AMEA-nın Əlyazmalar İnstitunda saxlanılan Hacı Molla Şükür Məhərrəmzadənin varisi Aynur Mirzəyeva anası, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq deputat Flora Qasımovanın və digər yaxın qohumlarının ulu babası haqda, onun o dövrdə uşaq və gənclərimizin mümkün qədər mükəmməl təhsil alması üçün gördüyü işlərdən danışıb. O, Hacı Molla Şükürün “Hərflər və xəttlər” adlı əsərində müəllim-şagird, müəllim-valideyn, valideyn-övlad münasibətləri ilə bağlı müasir pedaqoji metodlarla tamamilə səsləşən və hətta nümunə götürülməli olan dəyərli tövsiyələrindən bəhs edib.


İqtisad Universitetinin digər müəllimi Pərviz Səmədov isə Qarabağla yanaşı Zəngəzur və Qərbi Azərbaycanın da daim Rusiya imperiyasının dəstəyi ilə erməni millətçilərinin soyqırım və işğalına məruz qalmış bölgələrimizin təhsil, elm, maarifçilik tarixinin, həmin bölgələrin görkəmli müəllim və pedaqoqlarının bugünkü nəsil üçün örnək olacaq həyat və yaradıcılığının daha dərindən araşdırılıb təbliğ edilməsinin vacibliyini vurğulayıb.


Çıxışlardan sonra iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr davam etdirilib.