Moderator.az xəbər verir ki, "Əl-Cəzirə"nin yaydığı görüntülərdə İsrail nümayəndə heyətinin bir üzvünün zalda gəzərək boş qalan yerlərə baxdığı və qeydlər apardığı görünür. Kanalın məlumatına görə, bu, Netanyahunun çıxışı zamanı çoxsaylı nümayəndə heyətlərinin etiraz olaraq iclası tərk etməsindən sonra baş verib.
Hadisə sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş verib. Netanyahu kürsüyə qalxan kimi müxtəlif ölkələrin nümayəndələri ayağa qalxaraq zalı tərk ediblər...
"Reuters"-in məlumatına görə, zaldan çıxanların sayı “onlarla” olub...
Netanyahu isə nümayəndələrin bu addımına sərt reaksiya verib. İsrail baş naziri çıxışının əvvəlində zalı tərk etməyənlərə də müraciət edərək, onları “mənəvi qorxaqlar” adlandırıb və istəsələr, onların da zalı tərk edə biləcəyini söyləyib.
BMT-dəki görüntülərdə etirazın miqyası xüsusilə nəzərə çarpıb. Nümayəndələrin bir hissəsinin çıxmasından sonra Baş Assambleyanın zalında çoxlu sayda boş yer qalıb.
"Anadolu" Agentliyinin iclas görüntülərinə əsaslanan məlumatına görə, təxminən 70 ölkənin nümayəndə heyəti ya zalı tərk edib, ya da çıxış zamanı öz yerlərini boş saxlayıb.
Etiraz edənlər arasında Türkiyə, Fələstin, Tunis, Suriya, Əlcəzair, Misir, İraq, Səudiyyə Ərəbistanı, İordaniya, İran, Qətər, Livan, Malayziya, İndoneziya və digər ölkələrin nümayəndələrinin olduğu bildirilib. Eyni zamanda bəzi dövlətlərin nümayəndələri iclasda qalıblar.
Maraqlıdır ki, israilli rəsmisinin qeydləri məhz nə məqsədlə apardığı barədə İsrail tərəfindən rəsmi açıqlama verilməyib. "Əl-Cəzirə"nin görüntüləri həmin şəxsin nümayəndə heyətlərinin zaldan çıxmasından sonra qeydlər apardığını göstərsə də, qeydlərdə konkret hansı məlumatların yer aldığı, eyni zamanda həmin rəsminin adı və vəzifəsi məlum deyil.
Bu səbəbdən həmin siyahının gələcəkdə hansı məqsədlə istifadə olunacağı barədə dəqiq nəticə çıxarmaq mümkün deyil.
Hadisə Azərbaycanın media məkanında da əks-səda doğurub. Bir sıra yerli KİV Netanyahunun çıxışı zamanı ölkələrin nümayəndələrinin zalı tərk etməsinə diqqət çəkib. Azərbaycanın isə zalı tərk etməyən ölkələr sırasında olduğu bildirilib.
"Əl-Cəzirə"nin yaydığı görüntüdəki israilli rəsmisinin zaldan çıxan nümayəndələri ayrıca qeydə alması isə hadisənin diqqətdən kənarda qalan başqa bir tərəfini ortaya çıxarıb. Görüntülər İsrail nümayəndə heyətinin diplomatik etirazın miqyasını və iştirakçılarını diqqətlə izlədiyini göstərir. Lakin bu qeydlərin sonradan hansı məqsədlə istifadə olunacağı hələlik məlum deyil...
S.Laçın