Rusiyapərəst revanşistlər Kərkidə yeni bazar, oyun meydançası və avtobus təşkil edir...
26 Sep 2026, 09:21 25 baxış 6 dəq oxuma
Ermənistan parlamentində təmsil olunan, Rusiyapərəst mövqeyi ilə seçilən və Azərbaycanla bağlı məsələlərdə revanşist ritorikadan çıxış edən “Güclü Ermənistan” partiyası Azərbaycanın 36 ildir işğal altında qalan "Tiqranaşen" adlanan Kərki kəndində bir sıra layihələr həyata keçirməyə hazırlaşır. Rusiya milyarderi Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan”ın parlament fraksiyası kənddə kənd təsərrüfatı məhsulları bazarı, yeni uşaq meydançası və nəqliyyat xidməti yaratmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın " Past"(“Փաստ”) qəzeti yazır.
Layihələr parlament fraksiyasının deputatlarına verilən mükafat pulları hesabına maliyyələşdiriləcək.
Fraksiya katibi Tiqran Abrahamyanın sözlərinə görə, əsas layihələrdən biri Kərkidə kənd təsərrüfatı məhsulları bazarının yaradılmasıdır. Bildirilir ki, bazar yerli sakinlərə öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satmaq imkanı verəcək.
Abrahamyan Kərkidə layihənin həyata keçirilməsi üçün əlverişli şərait olduğunu bildirib. Onun sözlərinə görə, yaşayış məntəqəsi Şimal-Cənub magistralının hərəkətin intensiv olduğu hissələrindən birinin üzərində yerləşir.
“Güclü Ermənistan” nümayəndələri kənddəki sosial problemlərə də diqqət yetiriblər. Onların fikrincə, mövcud uşaq meydançası yenilənməyə ciddi ehtiyac duyur. Bu səbəbdən kənd sakinlərinə yeni və müasir uşaq meydançasının hədiyyə edilməsi planlaşdırılır.
Kənddə nəqliyyat probleminin həlli də fraksiyanın planlarına daxildir.
Kərkidə məktəbin fəaliyyət göstərməməsi səbəbindən uşaqların səhərlər qonşu yaşayış məntəqələrindəki məktəblərə aparılması, günorta isə geri qaytarılması sakinlər üçün problem yaradır. “Güclü Ermənistan” bu məqsədlə kənd üçün avtobus almaq qərarına gəlib. Fraksiya hesab edir ki, avtobus həm şagirdlərin məktəbə müntəzəm və təhlükəsiz daşınmasını təmin edəcək, həm də kənd sakinlərinin rayon mərkəzinə və İrəvana gediş-gəlişini asanlaşdıracaq.
Tiqran Abrahamyan təşəbbüslərlə bağlı çıxışında Kərkidə sakinlərinin kənddə yaşayıb fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. O, fraksiyanın əsas yanaşmasını “İnkişaf, təslim olmaq yox” ifadəsi ilə açıqlayıb.
“Güclü Ermənistan”ın Kərkidə fəallığı bununla da məhdudlaşmır. Ermənistan mediasının məlumatına görə, partiya kənddə turizm mərkəzi və qlampinq(təbiət turizmi) layihəsi yaratmağı, yol və digər infrastrukturu inkişaf etdirməyi də planlaşdırır. Fraksiya rəhbəri Narek Karapetyan layihələrin məqsədinin kəndin inkişaf etdirilməsi və sakinlərin orada qalmasının təşviq edilməsi olduğunu bildirib.
Partiyanın Kərkidəki fəaliyyəti siyasi xarakter daşıyır. Fraksiya katibi Tiqran Abrahamyan kəndin Azərbaycana verilməsi ehtimalını tənqid edərək “inkişaf, yoxsa təslim olmaq” məsələsində “Güclü Ermənistan”ın inkişafı seçdiyini bildirib. Partiyanın digər deputatı Marianna Qahramanyan isə Kərkini Ermənistanın təhlükəsizliyi baxımından strateji ərazi adlandırıb və ərazidə güzəştlərin Ermənistanın təhlükəsizliyinə təhdid yaradacağını iddia edib.
Rusiyapərəst mövqeyi ilə tanınan “Güclü Ermənistan”ın rəhbəri Samvel Karapetyandır. Beynəlxalq media partiyanı Rusiyapərəst müxalifət qüvvəsi kimi təqdim edir. Karapetyan Rusiya-Ermənistan münasibətlərinin qorunmasının tərəfdarı kimi çıxış edir. Odur ki, o, Rusiya lideri V.Putinin emissarı, yaxud milyarder "desantı" kimi də təqdim edilir.
Beləliklə, “Güclü Ermənistan”ın Kərkidə bazar, uşaq meydançası və avtobus yaratmaq təşəbbüsü sosial layihə kimi təqdim edilsə də, partiyanın “təslim yox, inkişaf” şüarı və Kərkini Ermənistanın tərkibində saxlamaqla bağlı sərt mövqeyi bu təşəbbüslərə siyasi məzmun da verir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə son açıqlamalarında Kərkini Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmayan ərazi kimi təqdim edib. O, avqust ayında bildirmişdi ki, 1991-ci il Almatı Bəyannaməsi əsasında hazırlanan xəritələrdə Kərki Ermənistan ərazisi kimi göstərilmir, Əskipara("Voskepar") isə Ermənistan ərazisi kimi göstərilir. Paşinyan sentyabrın 11-də Kərki və digər anklavlarla bağlı hazırda Azərbaycanla heç bir konkret razılaşmanın olmadığını deyib. O, bu məsələyə qarşı çıxan və mümkün həllə imkan verməyən qüvvələrin müharibə təhlükəsi yaratdığını bildirib. Sentyabrın 16-da isə Paşinyan Kərki adından istifadə etməsini Azərbaycanı razı salmaq cəhdi kimi deyil, məsələ ətrafında mümkün eskalasiya zəminini aradan qaldırmaq məqsədi kimi izah edib.
Xatırladaq ki, dünən- sentyabrın 25-də "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın növbəti məhkəmə iclasından sonra binanın həyətində jurnalistlərə "Əgər biz düzgün işləsək, xalq Tiqranaşenin(Kərki-S.L.) müdafiəsi üçün ayağa qalxmağa borcludur" bildirməsi haqda da yazıb((burada:).